Özbəkistanda Azərbaycanın müalicəvi turizm imkanlarına dair təqdimat mərasimi keçirilib

Azərbaycanın "Travel lab" və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddəki Hyatt Regency otelində keçirilən  tədbirdə Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin rəhbərliyi, bu ölkənin 30-dan çox aparıcı turizm təşkilatlarının nümayəndələri, çoxsaylı mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı "Azərbaycan Qafqazın dürdanəsi" adlı foto sərgi, habelə milli mədəniyyətimizə dair suvenirlər, milli geyimlər nümayiş etdirilib.

Sərgidə Azərbaycanın turizm imkanları, ölkəmizdə mövcud olan dünya şöhrətli sanatoriyalara dair fotoşəkillər sərgilənib və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bukletlər paylanılıb. Hər il keçirilən "Bakı Şoping Festival", Novruz şənlikləri, habelə regionlarda ölkəmizin turizm imkanları haqqında geniş məlumatlar verilib.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illər turizm sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verərək, çoxsaylı infrastruktur layihələrinin həyata keçirildiyini, nəinki paytaxt Bakıda, regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin yaradıldığını, müalicəvi turizm sahəsində Azərbaycanın imkanları haqqında məlumat verdi. Ölkəyə gələn turistlərin sayında xeyli artımın olduğunu qeyd edən Samir Abbasov, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda turizmə dair keçirilən bütün beynəlxalq sərgilərdə Azərbaycanın təmsil olunduğunu, əsas məqsədlərinin isə Özbək turistlərinin Azərbaycana cəlb edilməsi olduğunu söylədi.

Azərbaycan Sağlamlıq Turizm Assosiasiyasının baş kardinatoru Mirağa Seyidsoy, Özbəkistan-Azərbaycan arasında əlaqələr, xüsusi ilə turizm sahəsində mövcud vəziyyət və perspektivlərdən danışaraq, Azərbaycanın müalicəvi turizm imkanlarını yüksək qiymətləndirdi. O, hələ Sovetlər dövründə müalicəvi Naftalan sanatoriyalarının olduqca məşhur olduğunu və hazırda bu sanatoriyalara tələbat olduğunu qeyd etdi.

"Travel lab" şirkətinin təmsilçisi Səbinə Məmmədova və digər çıxışçılar Azərbaycanın turizm imkanları, yüksək səviyyədə olan infrastrukturun və xidmət sahəsində əldə olunan nailiyyətləri qeyd edərək, Azərbaycan-Özbəkistan arasında birbaşa reyslərin olması, vizasız rejimin mövcudluğu, habelə xalqlar arasında dil, din, mədəniyyət yaxınlığı turizm sahəsində əlaqələrin inkişafına da öz müsbət təsirini görsətdiyini bildirdilər.

Daha sonra Azərbaycanın "Travel lab" şirkətinin Bakı şəhərinin, Naftalan, Naxçıvandakı müalicəvi turizm komplekslərinin imkanlarına dair  təqdimatı nümayiş etdirilib. Qeyd edək ki, təqdimatda Naftalandakı Qashalti, Chinar, Garabag otellərindəki xidmətlər, habelə Naxçıvandakı Duzdag, Şabrandakı Qalaltı istirahət-kurort mərkəzlərinin xidmətləri və onların imkanları haqqında geniş məlumat verilib.

Tədbir çərçivəsində Özbəkistanın turizm şirkətləri ilə gələcək əməkdaşlığa dair müzakirələr olub, yeni əlaqələr yaradılıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi Bakı şəhərinin namizədliyinin 2025-ci ildə Beynəlxalq Expo sərgisinə ev sahibliyinə irəli sürülməsinə dair "Baku Expo 2025" adlı xüsusi video material nümayiş etdirib və bu barədə məlumat verib.

Qeyd edək ki, tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramla davam edib. Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş klip nümayiş etdirilib, tanınmış Özbək sənətçiləri Azərbaycan musiqil ərini ifa edib, milli rəqslərimiz nümayiş etdirilib. Fəxri qonaqlara rəsmi ziyafət verilib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR