Ən az şikayət olunan rayonun siması tamamilə dəyişib

Qaradağ rayonunda təmir-bərpa və abadlıq işləri uğurla davam etdirilir

Azərbaycan Respublikasında həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri ölkədə davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir. Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikinti-quruculuq işləri geniş vüsət almışdır. "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhəri və ətraf rayonlarda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsi nə qədəm qoymuş, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılmış, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

***

Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları Qaradağ rayonundan da yan keçməyib. Aparılan tikinti-quruculuq, abadlıq işləri Qaradağ rayonunun simasını tamamlilə dəyişdirib. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri yerli əhali ilə yanaşı, rayona gələn qonaqları da heyran edir, rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Etiraf edilməlidir ki, son illər ərzində ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına Qaradağ rayonunda xeyli işlər görülüb. Məhz görülən işlərin nəticəsidir ki, ötən il ərzində rayon ərazisində əhalinin kommunal xidmətlərlə bağlı heç bir problemi olmayıb. Çünki, rayon sakinlərini narahat edən problemlər dərhal müvafiq icra strukturları tərəfindən araşdırılaraq yerindəcə həllini tapır.
Ərazisi 1080 kvadratmetr, əhalisi 109371 nəfər olan Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qətiyyətlə demək olar ki, rayonun bütün qəsəbələrində sürətli tikinti-quruculuq və abadlıq işləri aparılır. Məhz görülən işlərlə yerində tanış olmaq üçün Qaradağ rayonunda olduq. Müşahidələrimiz deməyə əsas verir ki, rayonun hər bir qəsəbəsi, hər bir məhəlləsi yeni görkəm alıb. Rayonda infrastruktur layihələr uğurla icra edilməkdədir. Bütün görülən işlər isə əhalinin sosial rifahının yüksəldilməsi, sakinlərin normal yaşayışına xidmət edir. Hazırda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə abad məhəllələr salınır, yeni parklar tikilir, məhəllədaxili yollara asfalt döşənir. Lökbatan qəsəbəsi İnqilab Nəbiyev küçəsində görülən abadlıq işləri də eyni məqsədə xidmət edir. Hazırda sözügedən ərazidə 16 min kvadratmetr sahəni əhatə edən müasir istirahət zonası tikilməkdədir. Rayonun daxili imkanları hesabına ərsəyə gələn parkda sakinlərin normal istirahəti üçün lazım olan bütün infrastrukturun yaradılması nəzərdə tutulur. Parkda müasir işıqlandırma sistemi ilə təchiz olunacaq fəvvarə, dincəlmək üçün oturacaqlar, uşaqlar üçün əyləncə dayaqları quraşdırılacaq. İstirahət zonasının ətrafı asfalt qatı ilə döşənərək, dekorativ ağaclarla əhatə olunacaq. Ətrafdakı səkkiz binada təmir-bərpa işi aparılaraq müasir görkəmə gətiriləcək. Park ərazisində hətta ən müasir tələblərə cavab verəcək stadionun da tikintisi planlaşdırılır. Görüləcək işlər nəticəsində uşaqlardan tutmuş yaşlıların, eləcə də gənclərin xoş istirahətini təşkil etmək mümkün olacaq.
Məlumat üçün qeyd edək ki, qəsəbənin bir neçə ərazisində paralel olaraq təmir-quruculuq işləri aparılır. Artıq Bilal Niftəliyev küçəsində salınan park sakinlərin istifadəsinə verilib. 12 min kvadrat metr ərazini əhatə edən park müasir görkəmi ilə göz oxşayır. Başdan-başa yaşıllığa bürünmüş parkda əkilən çoxsaylı ağaclar həm də rayonun ekoloji tarazlığının bərpa olunmasında xüsusi rol oynayır. İndi bu park sakinlərin normal istirahət edə biləcəyi məkana çevrilib. Parkətrafı küçələrin asfaltlaşması, yaxınlıqdakı binaların fasadlarının bərpası, dekorotiv ağacların əkilməsi ərazidə xüsusi mənzərənin yaradılması təəssüratını yaradır. Rayonda belə bir parkın salınması həm də ətraf mühitin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qaradağ rayonunda yol infrastrukturunun yenilənməsinə də xüsusi əhəmiyyət verilir. Belə ki, uzun illərdən bəri Lökbatan qəsəbəsi ərazisindəki qəbiristanlığa gedən yol bərbad vəziyyətdə olub. Lakin icra başısı Mikayıl Süleymanovun göstərişi ilə sözügedən ərazidə asfaltlaşma işləri aparılıb. Rayonda asfaltlaşma işləri nəinki köhnə məhəllələrdə, hətta yeni salınmış yaşayış massivlərində də aparılır. "Birinci massiv" adlanan ərazidə küçələrə yenicə asfalt döşənilməsinin şahidi olduq. Sözügedən ərazidə indinin özündə də bu işlər davam etdirilir, istismar müddətini başa vurmuş yollar təmir olunur, piyada səkiləri yenidən qurulur. Bu işlərin digər məhəllələrdə də davam etdirilməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, təkcə 2018-ci il ərzində rayonda 30 min kvadrat metr əraziyə asfalt döşənib.
Təmir-bərpa və abadlıq işləri təkcə Lökbatan qəsəbəsində deyil, eləcə də digər qəsəbələrdə də davam etdirilir. Ən çox diqqət yetirilən məsələlərdən biri də qəsəbələrdə xeyir-şər binalarının tikilməsidir. Rayonun Ələt qəsəbəsində də abadlıq işləri vüsət alıb. Belə ki, qəsəbənin Sülh və Fizuli küçələrində çoxmərtəbəli yaşayış binalarının təmirinə başlanılıb. Artıq bu ərazilərdə iki hündürmərtəbəli binada əsaslı təmir işləri başa çatdırılıb. Damı və fasadları tamamilə yeniləşdirilən binanın həyətinə asfalt döşənərək abadlaşdırılıb, ərazidə çoxsaylı ağac əkilib. Yeri gəlmişkən qeyd edək ki, rayonda ətraf mühitin mühafizəsi və ekoloji məsələlər diqqət mərkəzində saxlanır. Məhz bunun nəticəsidir ki, rayonda 20 minə qədər yeni ağac əkilib. Hazırda da bu işlər uğurla davam etdirilir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR