Bakıda “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə "Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli dahi şair Nizami Gəncəvinin xalqımızın yetişdirdiyi, dünya ədəbiyyatına böyük töhfə verən qüdrətli simalardan biri olduğunu deyib. Dahi şairimizi Şərqin və Qərbin görkəmli sənətkarları ilə müqayisə edən akademik Nizami Gəncəvini dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri adlandırıb. O deyib: "Makedoniyalı İsgəndər hərbi qüdrəti, gücü ilə, Nizami Gəncəvi isə ədəbi şöhrəti, əsərləri ilə dünyanı fəth edib". Akademik ölkəmizdə Nizami Gəncəvi ilə bağlı bir çox tədqiqatların aparıldığını, onun haqqında əsərlər yazıldığını diqqətə çatdıraraq qeyd edib ki, bu əsərlərdən zəngin bir kitabxana yaratmaq mümkündür. "Nizami XXI əsrdə dünyanı yenə də ədalət, azadlıq, sülhə çağırış kimi ideyalar uğrunda mübarizəyə səsləyir", - deyə İ.Həbibbəyli çıxışını yekunlaşdırıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışıb. O, dünyada dahi Nizami Gəncəvinin əsərlərinə daim ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nizaminin yaşamasının sirri onun humanizmində, ensiklopedik biliyində, əsərlərindəki multikultural dəyərlərdədir. Konfrans işini panel iclasları ilə davam etdirir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR