Bilik Fondunun Koordinasiya Şurası üzvləri bir araya gəldilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib.

Fondda gerçəkləşən görüşdə aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar görüləcək işlər, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında"Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixili Sərəncamı kontekstində Xalq Cumhuriyyəti fəaliyyətinin hüquqi aspektləri mövzusunda maarifləndirici tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbiri giriş sözü ilə açaraq, Fondun "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Növbəti prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı müxtəlif elm-təhsil ocaqlarında, müəssisə və təşkilatlarda mühazirələrin təşkil olunduğunu diqqətə çatdıran icraçı direktor, Koordinasiya Şurasının üzvlərinin bu görüşlərdə iştirakına böyük ehtiyac olduğunu söyləyib.

O.Səmədov Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin strukturu və iş prinsipi barədə danışaraq, bu qurumların yerləşdiyi məkanlarda hüquq məsləhətxanalarının yaradılması vacibliyinə toxunub. İcraçı direktor bu il ölkəmizdə gerçəkləşəcək mötəbər tədbirlərin hüquqi aspektlərinin əhaliyə izah olunmasında hüquqşünaslarla birgə hazırlanacaq fəaliyyət planının ümumi müddəalarını açıqlayıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Koordinasiya Şurasının Hüqüqi maarifləndirmə bölməsinin rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitsəinin sədri, hüquq elmləri doktoru, millət vəkili Əli Hüseynlini rəhbərlik etdiyi Şuranın aktiv fəaliyyətindən söz açaraq, qurumun hər bir üzvünə minnətdarlığını bildirib.

İ.Vəliyev qeyd edib ki, prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə yanaşı, ümumiyyətlə bütün təbəqələrdən olan seçicilərin maarifləndirilməsi məqsədəuyğundur. Aparat rəhbəri hüquqşünasları ölkəmizdə bu il keçiriləcək tədbirlərlə bağlı fəaliyyət planının hazırlanması istqiqamətində təkliflər verməyə dəvət edib.

Bilik Fondunun Koordinasiya Şurasının Hüqüqi maarifləndirmə bölməsinin rəhbəri, millət vəkili Əli Hüseynli Şura üzvlərinin Fondla birgə tədbirlərdə iştirak etmələrindən məmnun olduqlarını bildirib.

Millət vəkili deyib ki, əhalinin hüquqi maarifləndirilməsi sahəsində bəzi boşluqlar var ki, insanlarla bir başa təmas quraraq, bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Təkcə seçki ilində deyil, bütün dövrlərdə yeni qanunlarla, sənədlərə edilən əlavə dəyişikliklərlə bağlı əhaliyə dolğun və sadə üslubda izahlar verməyin lazım olduğunu diqqətə çatıran Ə.Hüseynli birgə fəaliyyətə Azərbaycan Vəkillər Kollegiyasının qoşulması təklifini irəli sürüb.

Koordinasiya Şurasının rəhbəri çıxışında onu da bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin təbliği və təşviqi işində 1918-ci ilə hədəflənmək düzgün deyil. Çünki 100 illik deyiləndə, 1918-dən bu günümüzə qədər keçilən yol nəzərdə tutulur və bu illər ərzində sovet dönəmi də daxil olmaqla Azərbaycan çox böyük inkişaf yolu keçib.

Ə.Hüseynli çıxışında gənclərin bütün sahələrdə maarifləndirilməsinə zərurət olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, Polis Akademiyasının hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, AMEA Hüquq və insan haqları institunun əməkdaşı Nazim Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov, Azərbaycan

Respublikası Milli Məclis Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev hüquqi maarifləndirmə mövzusunda maraqlı təkliflər səsləndirib, əhalinin müasir standartlar səviyyəsində bilgiləndirilməsi üçün məlumat ədəbiyyatının nəşr olunaraq paylanılmasının faydalı olacağını qeyd ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR