Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir. Məlumata görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: "Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur".

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR