Regional proqramlar Ağstafada uğurla icra edilir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində olduğu kimi Ağstafa rayonunda da uğurla icra edilib. Dövlət Proqramlarının uğurla icra edildiyi ötən 14 il ərzində Ağstafada görülən işlər, həyata keçirilən tədbirlər, islahatlar belə deməyə əsas verir.

Təkcə  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində keçən il Ağstafa rayonuna 34,8 milyon manat özəl investisiya qoyulub, bundan 25 milyon manatı xarici investisiyadır. Ağstafa rayonunda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi  istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7009 yeni iş yeri açılıb. Yeni iş yerləri təkcə kənd təsərrüfatı ilə bağlı sahələrdə deyil, rayonun sənayesini əhatə edən yeni müəssisələrin və turizmin inkişafı  hesabına artıb. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əmək haqqı 1,4 dəfə artıb.
Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda icra olunan sosial infrastruktur layihələr çərçivəsində "Ağstafa Aqrar Sənaye Kompleksi"nin layihə üzrə saatda 25 ton istehsal gücündə olan dənli və paxlalı bitkilərin toxumu istehsalı zavodu, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarının tikintisi, sutkada 120 ton emal gücündə dəyirman kompleksi, sutkada 48 ton istehsal gücündə çörək və yarımfabrikat zavodunun, sutkada 36 ton istehsal gücündə olan makaron zavodunun, əhaliyə hazır məhsulların və fastfud xidmətlərinin həyata keçirilməsi üçün 2400 kv metr sahədə müasir ticarət mərkəzinin, 280 oturacaq yeri olan çox funksiyalı sərgi mərkəzinin və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatdırılmaq üzrədir. Gələcəkdə 8 hektar torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarların tikintisi nəzərdə tutulur. Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər yeni iş yeri ilə təmin ediləcək. Layihənin ilkin dəyəri 36 milyon manatdır.
Özündə istehsal və emal müəssisələrini birləşdirən "Karvan-L" EKO sənaye parkında istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir. Hazırda sənaye parkında biorqanik istixana kompleksi, polietilen örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı müəssisəsi, xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi, istismara yararsız avtomobil şinlərinin təkrar emalı müəssisəsi, dəmir dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaların istehsalı müəssisəsi, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı müəssisəsi, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri fəaliyyət göstərir.
"ATİLO" MMC-nin inşasına başladığı "Sərinləşdirici İçkilər Zavodu" müasir texnologiyalara əsaslanan istehsal sahəsidir. Zavodda sərinləşdirici içkilər istehsalı, pivə istehsalı, şüşə qablar istehsalı, sərin içki məhsullarının saxlanması və qablaşdırılması nəzərdə tutulur. İstehsal müəssisəsində xammal kimi regionda mövcud olan təbii resurslardan istifadə olunması nəzərdə tutulur. Layihə çərçivəsində 120 nəfər daimi işlə təmin ediləcək.
Qədim xalçaçılıq ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması məqsədilə Ağstafa şəhərində Xalça fabrikinin tikintisi başa çatdırılmışdır. Layihə çərçivəsində 120 qadının daimi işlə təmin edilməsinin rayonumuz üçün xüsusi əhəmiyyəti vardır. 150 nəfərin çalışdığı "Akkord Tekstil" MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar Azərbaycan brendi ilə Avropaya, Rusiyaya və bir sıra Asiya ölkələrinə ixrac olunur.
400 nəfərin çalışdığı "Saloğlu" istehsalı müəssisəsinin nəzdində  İki hektar ərazisi olan 7 istehsal sahəsindən ibarət "Modern" mebel fabriki uğurla fəaliyyət göstərir. Fabrikdə Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Eyni zamanda 4 istehsal sahəsindən ibarət olacaq  "Venzana" mebel fabrikinin layihəsi üzrə işlər davam etdirilir. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulur. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası planlaşdırılır. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, "Yaşıl Bazar" satış kompleksi və mehmanxana da tikiləcəkdir. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcəkdir. Ağstafa rayonunun yol-nəqliyyatı sisteminin əsaslı surətdə yenidən qurulması həyata keçirilmişdir. 141 km respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və 5 avtomobil körpüsü inşa edilmişdir. Hazırda 10 km uzunluğunda Düzqışlaq-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi davam etdirilir.   

2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika  daha da inkişaf edib, ümumi məhsul buraxılışının həcmi 53.5 faiz artaraq 208.8 milyon manata çatıb. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 29.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 28.4 faiz, tikintidə 2.2 dəfə, nəqliyyat xidmətində 4.0 faiz, rabitə xidmətində 6,0 faiz, ticarətdə 4.7 faiz artım olub. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.2 dəfə artmış və 95.2 milyon manat həcmində olub. Ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42.4 faiz təşkil edir. Rayon üzrə orta aylıq nominal əmək haqqı 241.7 manat təşkil edir. Ağstafa rayonunun yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunub. Ötən il  Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa olunub. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin edilmiş rayonların siyahısına daxil ediləcəkdir. Tarixə qovuşan 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması kimi yaddaşlara həkk olundu.  Ümumi uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər, Eynallı, Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq, 9,8 km uzunluğunda  Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu, 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı-Həzi Aslanov avtomobil yolları yenidən qurularaq ağstafalıların istifadəsinə verildi.  Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi başa çatdırılıb və istifadəyə verilib. 2017-ci ildə rayonda ictimai siyasi vəziyyət sabit olub. Cari ildə daha böyük və həcmli layihələrin icrasının həlli, yeni və müasir sosial obyektlərin tikintisinin artırılması, abadlıq, yenidən qurma və tikinti işlərinin genişləndirilməsi, qəsəbə və kəndlərdə sosial infrastrukturun yenilənməsi, rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sahəsində daha böyük həcmdə layihələrin icrası planlaşdırılır.

Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Görülən işlər çərçivəsində həmçinin çoxmənzilli yaşayış binaları təmir olunur, ətrafda abadlıq işləri həyata keçirilir. Belə ki, binaların dam örtükləri tamamilə yenidən qurulur, qapı və pəncərələri müasir tələblərə uyğun yenilənir, pilləkən qəfəsələri əsaslı təmir olunur, köhnə suvaq qatları yenisi ilə əvəz olunaraq rənglənir, kommunikasiya xətləri səliqəyə salınır, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılır, binalar və ətrafları müasir işıqlandırma sistemi ilə təchiz olunur, əraziyə brusçatka tipli döşəmə daşları düzülür, sakinlərin dincəlmələri üçün müvafiq istirahət guşələri yaradılır.
Beləliklə ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında son illər Ağstafa rayonunda görülən və görüləcək işlər onu deməyə əsas verir ki,  gələcəkdə rayona cəlb olunacaq sərmayə artan dinamika ilə davam edəcəkdir. Bu da öz növbəsində Ağstafanın sosial-iqtisadi inkişafını sürətləndirməklə ağstafalıların məşğulluğunun maksimum dərəcədə təmin edilməsinə və sosial rifah halının daha da yüksəlməsinə zəmin yaradacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR