Sənaye parkları bölgələrin inkişafında əhəmiyyətli rol oynayır

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları bir sıra yeniliklərlə müşahidə olunmaqdadır. Belə yeniliklərdən biri də bölgələrdə Sənaye Parklarının yaradılmasıdır ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Daha doğrusu respublikanın bir sıra şəhər və raonlarında sənaye parkları yaradılıb ki, bu da ölkə iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir. Etiraf edilməlidir ki, Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. İndinin özümdə də Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək məqsədilə ardıcıl tədbirlər görülməkdədir. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış "Mingəçevir Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir. Məlumat üçün qeyd edək ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring", 10 min tonu isə "Open End" üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. "Ring" üsulu ilə istehsal edilən pambıq-poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
Eyni zamanda Mingəçevirdə "Open End" üsulu ilə iplik istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Qeyd edək ki, "Open End" üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir. Qeyd edək ki, bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Deməli, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaq.

Ekspertlər hesab edirlər ki, sənaye parklarının fəaliyyətə bsşlaması Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcək. Nəzərə almaq lazımdır ilkin olaraq Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Əldə olunan məlumata görə, sözügedən fabriklərdə Almaniya, İspaniya, İsveçrə, Yaponiyadan gətirilmiş ən müasir avadanlıqlar quraşdırılıb. Burada pambıq mahlıcından ildə 20 min ton müxtəlif ipliklərin hazırlanması nəzərdə tutulur. Bu ipliklər həm xarici bazara ixrac olunacaq, həm də Sənaye Parkının digər mərhələlərində yüngül sənaye məhsullarının istehsalında istifadə ediləcək. Sənaye Parkı tam gücü ilə işə düşəndən sonra isə şəhərin minlərlə sakini artıq burada daimi işlə təmin ediləcək. Bu müəssisələrin işə düşməsi Mingəçevirə bir daha şəhər əhval-ruhiyyəsi gətirəcək. Bu, həmçinin əhalinin işlə təmin olunmasına, onların sosial-rifahının yaxşılaşdırılmasına, həm də qeyri-neft sektorunun inkişafına və bölgə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətinizin bariz bir nümunəsidir. Bildirək ki, qarşıya qoyulan məqsədlərdən biri də Mingəçevir Sənaye Parkının Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevrməkdən ibarətdir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda bir neçə şəhərdə sənaye məhəllələri, zonaları fəaliyyətdədir. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır ki, oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Paralel olaraq Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılmaqdadır. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-dən verilən məlumata görə, kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələrinin xüsusi rolu var. 2016-cı ildən başlayaraq AİŞ ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. 2016-cı ildə Pirallahı Sənaye Parkında İranla birgə ilk əczaçılıq layihəsi olan "Həyat Farm" Zavodunun təməli qoyulub. Bu layihədə AİŞ-in payı 10%-dir. Müasir dərman istehsalı ilə məşğul olacaq müəssisənin ümumi investisiya dəyəri 78 mln. ABŞ dollarıdır. İllik istehsal gücü 225 mln. qutu olan müəssisədə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal ediləcək. Zavodda 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda zavodun layihəndirmə işləri aparılır və yaxın zamanlarda tikintiyə başlanılacaq. Zavodda ilk qablaşdırma 2018-ci ilin sonuna, dərman istehsalı isə 2020-ci ilin əvvəlinə planlaşdırılır. 2017-ci ildə istifaqəyə verilmiş Neftçala Sənaye Məhəlləsində hazırda sənaye, qida sənayesi və kənd təsərrüfatı sahələri üzrə 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Ümumi dəyəri 45,3 mln. manat olan bu layihələr 500-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verir. Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və I mərhələ çərçivəsində tikinti işləri tamamlanmaq üzrədir. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərir və artıq AİŞ-ə ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin (4 mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı) icrasına başlanılacaq və 200-dən çox iş yeri yaradılacaq. 20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə bu il başlanılması və tikinti işlərinə 200 nəfərin cəlb edilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır. 20 hektar sahədə yaradılan Hacıqabul Sənaye Məhəlləsi ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sənaye Məhəlləsində tikinti işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur. Tikinti prosesinə 200 nəfərdən çox işçi cəlb olunacaq. Artıq sənaye məhəlləsinə 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR