Xaricdə dini təhsil alan gənclər niyə özlərini doğrultmurlar?

Bu şəxslər təhsil aldıqları ölkələrdə dini ideologiyaların təsirinə məruz qalırlar

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar. Bu fikir onunla əsaslandırılır ki, onların əksəriyyəti həmin ölkələrdəki dini ideologiyaların təsirinə məruz qalmış və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər ki, bu da ölkəyə yad ideologiyanın gətirilməsi deməkdir. Çünki, din amili həmin ölkələrdə dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mənəvi dəyərlərimizə ziddir. Lakin buna baxmayaraq hazırda xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var. Ölkə qanunvericiliyi imkan verir ki, zərurət olduqda xaricdə dini təhsil alanlar da müvafiq yoxlamalardan keçdikdən sonra dini ayinlərin icrasında istifadə edilsin. Lakin xaricdə dini təhsil alıb ölkədə dini ayinləri icra edənlərin sayı elə çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir. Bu kimi amilləri nəzərə alan ölkə parlamenti "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edib. Yeniliyin mahiyyəti barədə danışan Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, 2017-ciil 16 may tarixində "Dini etiqad azadlığı haqqında" qanuna düzəliş edilib. Həmin düzəlişin mahiyyətinə görə, Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin keçirilməsi xaricdə təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən, müvafiq icra hakimiyyəti orqanı, yəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılşadırmaqla həyata keçirilə bilər. Bu düzəliş artıq qüvvədədir, indi isə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir: "Əvvəl bizim qanunvericilikdə xaricdə təhsil almış Azərbaycan vətəndaşları tərəfidən İslam dininə aid ayin və mərasimlərin keçirilməsi qadağan idi. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində də tələbələrin göndərilməsi, təhsil və müəllimlərin mübadiləsi məsləsi qadağan idi və buna görə inzibati məsuliyyət nəzərdə tutulurdu. Amma 2017-ci ildə təklif olunmuş bu dəyişiklk qanunvericilikdə əhəmiyyətli bir düzəliş etdi. Bununla xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin keçirilməsi üçün icazə verildi. Bu düzəliş indi həm Cinayət Məcəlləsinin, həm də İnzibati Xətalar Məcəlləsinin dispazisiyasında öz əksini tapır. Həmin Məcəllələrdə sanksiyalar dəyişdirilmir". Qanunvericilikdəki yeniliyə münasibət bildirən millət vəkili Fazil Mustafa sözügedən məsələnin qanunla tənzimlənməsini müsbət hal kimi dəyərləndirib. Bildirib ki, belə məsələlərin nəzarət altında saxlanması ölkəmiz üçün daha faydalıdır: "Mütərəqqi, dini dünya görüşlü kadrların yetişdirilməsi və dinin hər hansı siyasi alətə çevrilməsinin qarşısının alınması üçün belə işlər görülməlidir. Qanunvericilikdəki bu dəyişikliklər də müsbət addımdır. Çünki xarici ölkələrdən gələrək din adı ilə həmin ölkələrin siyasi təbliğatını aparan çoxsaylı insanlar var. Bu dəyişikliklər isə məsələni tam şəkildə ehtiva etmir, yeniliklər məhdudlaşdırıcı xarakter daşıyır. Məsələn, ola bilər ki, ölkəyə dəvət olunanlar sırasında din xadimi deyil, universitetin professoru, dini elmləri üzrə mütəxəssislər olsun. Onların gəlişini məhdudlaşdırmaq düzgün deyil, ona görə ki, onlar ən azından dini sahədə 4-5 mühazirə oxuya bilərlər. Elə etməliyik ki, belə insanlar da dini-siyasi təbliğat apara bilməsinlər. Bunun üçün xaricdə təhsil alan dini mütəxəssislərimizi təbliğ etməyə ehtiyac var".
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib ki, bugünədək xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur. Onların içərisində dövlət xətti ilə təhsil alan tələbələrin sayı çox azdır. Bu tələbələrin əksəriyyəti İranda təhsil alıb. Sonrakı yerlərdə isə Misir, Suriya, Səudiyyə Ərəbistanı və Türkiyə gəlir: "Azərbaycanda din sahəsində milli kadrların hazırlanmasının aktuallıq qazandığı günümüzdə təcrübə göstərir ki, xaricdə dini təhsil alanların bir qismi özlərini doğrultmur. Belə ki, bu şəxslər təhsil aldıqları ölkələrdə xarici dini ideologiyaların təsirinə məruz qalırlar. Həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər. Ölkəyə qayıtdıqdan sonra bu ölkələrin həyat tərzi və mədəniyyətinin aktiv təbliğatçısına çevrilirlər. Nəzərə alınmalıdır ki, bu cür dini təhsil həmin ölkələrin dövlət quruluşuna, milli-mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli-mədəni dəyərlərimizə yaddır". E.Kərimova qeyd edib ki, bu gün Azərbaycanda xaricdə dini təhsil alanlar arasında dini ayinlərin icraçısı kimi işləyənlər də var: "Hazırki qanunvericilik imkan verir ki, müvafiq yoxlamalar və attestasiyadan keçdikdən sonra xaricdə dini təhsil alanlardan dini ayinlərin icrasında istifadə olunsun. Lakin onların sayı elə də çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir. Onu da qeyd edim ki, qanunvericiliyə edilmiş son dəyişikliyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilə bilər".
Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR