Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Lənkəranda uğurla həyata keçirilir

Rüfət Quliyev: "Dövlət Proqramı cənub zonasında hər sahədə inkişafa təkan verib"

"Son illərdə bu zonada tikilən yeni infrastruktur obyektləri yaşayış məntəqələrinin xarici görkəmini tamamilə dəyişib"

Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanaraq həyata keçirld. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynadı. Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrası hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən təmin edildi. Regional inkişaf siyasətinin uğurlu nəticələri Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları respublikanın hər bir bölgəsində olduğu kimi cənub zonasında da uğurla həyata keçirilir. Regionun hər bir rayonundan bu proqramlardan irəli gələn vəzifələr uğurla icra edildi. Nəticə etibarilə yerlərdə yeni iş yerləri açıldı, infrastruktur yaxşılaşdırıldı, əhalinin sosial, kommunal  problemləri həll edildi. Respublikanın hər bir tayonunda olduğu kimi Lənkəranda da Dövlət Proqramlarının uğurlu icrası bu şəhərə yeni nəfəs verdi. Biz də Dövlət Proqramları çərçivəsində Lənkəranda görülən işlərə nəzər yetirmək üçün bu rayondan millət vəkili seçilmiş Rüfət Quliyevlə söhbətləşdik.

-Rüfət müəllim,  "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" nın icrasının artıq sonuncu ilidir. Və bir müddət əvvəl Cənab Prezidentin iştirakı ilə proqramın icrasının yekunları ilə bağlı konfrans keçirildi. Ümumiyyətlə,  Proqramın icrası və bu istiqamətdə görülən işləri, həyata keçirilən tədbirləri necə dəyərləndirirsiniz?

- Cari ilin yanvarın 29-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda cənab Prezident giriş və yekun nitqi söyləyib. Giriş nitqində möhtərəm Prezident həm 2003-cü ildən sonrakı dövrdə həyata keçirilən qlobal layihələrdən, görülən işlərdən, həm də 2017-ci ildəki uğurlardan ətraflı bəhs edib. Bütün sahələrin fəaliyyətini dərin təhlil edən cənab Prezidentin nitqi göstərdi ki, istər 2003-cü ildən ötən dövr bütünlüklə, istərsə də 2017-ci il ayrılıqda götürüldükdə Azərbaycan üçün hər sahədə uğurlu olub. 2003-cü ildən ötən 14 il ərzində iqtisadiyyat 3,2 dəfə artıb. Qeyri-neft sektorunda bu artım 2,8 dəfə, kənd təsərrüfatında isə 1,7 dəfə olub. Dünyada hələ də səngimək bilməyən indiki çətin və riskli şəraitdə bu rəqəmlər Azərbaycanın iqtisadi qüdrətini bir daha göstərir.

2017-ci il Azərbaycanda dərin iqtisadi islahatlar ili olub və ölkənin makro-iqtisadi göstəriciləri sabitləşib. Qeyri-neft sektorunda artım 2,5 faiz, kənd təsərrüfatında 4,1 faiz olub. Sözsüz ki, bunlar çox yaxşı göstəricilərdir və 2018-ci il üçün möhkəm zəmin yaradıb. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" kəlamı bu günkü Azərbaycanda bir daha özünü doğrultdu və Azərbaycan hər sahədə coşğun inkişaf edir, Müstəqil Dövlətlər Birliyində lider mövqedədir. 2018-ci ilin də Azərbaycan üçün daha uğurlu olacağına heç bir şübhəm yoxdur. Bunu cənab Prezidentin konfransdakı yekun nitqində qarşıya qoyduğu vəzifələr bir daha təsdiq edir. Bu ildə də hər sahədə inkişaf proqnozlaşdırılır. Xüsusilə dövlətin iqtisadi gücünü xarakterizə edən ümumi daxili məhsulun artımının 1,5 faiz olacağı əsas verir ki, bu ildə qarşıya qoyulan bütün vəzifələrin uğurla həyata keçiriləcəyinə nikbin nəzərlə baxaq.

-Sözügedən proqram millət vəkili olduğunuz Lənkəranda hansı səviyyədə, necə icra olundu?

- Deputat kimi təmsil etdiyim Lənkəran rayonunda da Proqram uğurla həyata keçirilir. Xüsusilə 2017-ci il rayon üçün çox uğurlu olub. Bu ildə rayonda iqtisadi və sosial sferanın inkişafına bütün maliyyə mənbələri hesabına 160,4 milyon manat investisiya yönəldilib. 2017-ci ildə rayonda ümumi məhsul buraxılışı 2016-cı ilə nisbətən 9,1 faiz artaraq 449 milyon manat təşkil edib. Sənaye müəssisələrində əvvəki ilə nisbətən 20 faiz çox məhsul istehsal olunub və 37,1 milyon manat təşkil edib ki, bunun da 26,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşür. Aqrar sahəyə diqqətin artırılması nəticəsində ötən il rayonda 104,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Rayonda böyük tikinti-quraşdırma, abadlıq işi aparılıb, mikro, kiçik və orta sahibkarlıq genişlənib. 2017-ci ildə rayonda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 58,8 min manat güzəştli kredit verilib. Çəltikçilik, çayçılıq və sitrus bitkiçiliyi sahəsində böyük uğurlar qazanılıb. 526 hektar çəltik sahəsindən 1815 ton yüksək keyfiyyətli düyü əldə olunub, bu da son 30 ildə ən yüksək göstəricidir. Sosial sahədə də rayonda xeyli işlər görülüb, 13 yaşayış məntəqəsi qazlaşdırılıb, yeni yollar çəkilib, mühəndis kommunikasiya xəttləri təmir olunub və yeniləri qurulub. Ümumiyyətlə, rayonda hər sahədə məqsədyönlü işlər gedir, rayon tərəqqi yolundadır.

-Bu dəfəki Dövlət Proqramının icrası zamanı sizcə əsas priroritet nə idi və qarşıya qoyulan hədəflərə nail olunurmu?

- Bu dəfəki Dövlət Proqramı da əvvəlkilər kimi yenə əsasən ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafına, yeni infrastruktur sahələrinin, istehsal güclərinin, yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının yüksəlməsinə, azərbaycanlıların layiq olduğu tərzdə yaşamasının təmin olunmasına yönəlib.

-Dövlət Proqramları ümumilikdə cənub zonasının simasını necə dəyişib?

-Dövlət Proqramı cənub zonasında hər sahəli inkişafa, xüsusilə kənd təsərrüfatı sahəsində coşğun inkişafa təkan verib. Son illərdə bu zonada tikilən yeni infrastruktur obyektləri yaşayış məntəqələrinin xarici görkəmini tamamilə dəyişib. "İpək yolu"nun çəkilməsi ilə əlaqədar yeni magistral yollar istifadəyə verilib və ya verilməkdədir. Cənab Prezidentin sahibkarlıq fəaliyyətinə verdiyi önəm nəticəsində sahibkarlar zümrəsi üçün geniş imkanlar yaranıb və onlar bu şəraitdən bəhrələnib, öz fəaliyyətlərini daha genişləndirirlər.

-Bəs, qarşıdakı planlar nədən ibarətdir və rayonda proqramın icrasının sonuncu ilə çərçivəsində nə kimi işlər görüləcək?

- Lənkəranda qarşıdakı - Proqramın sonuncu ilində geniş abadlıq tikinti-quruculuq işləri aparılacaq, yaşayış məntəqələrinə yeni su, qaz kəmərləri çəkiləcək, elektrik təchizatı xəttləri yenilənəcək, 110/35/10 kv-luq Lənkəran 2-ci yarımstansiyası istifadəyə veriləcək. Yeni istehsal gücləri - xalça fabriki, baramaçılıq müəssisəsi yaradılacaq, turizm sektoru inkişaf etdiriləcək ki, bu da yeni iş yerləri açmağa zəmin yaradacaq.

-Ümumiyyətlə, Dövlət Proqramının icrası Azərbaycana nə verdi?

- Dövlət Proqramının icrası Azərbaycanı daha da irəli apardı, bu dövrdə onun iqtisadiyyatı, başlıcası qeyri-neft sektoru inkişaf etdi və Azərbaycanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın bütün regionları inkişafa nail oldu, Azərbaycanın beynəlxalq nüfuzu olduqca yüksəldi, iqtisadi göstəricilər üzrə reytinqi xeyli irəlilədi.

-Prezident sayca dördüncü proqramın icra ediləcəyinin anonsunu verdi. Sizcə bu proqramda əsas diqqət nəyə yetirilməlidir və Lənkəran üçün hansı tədbirlərin keçirilməsi zəruridir?

- Lənkəran Şəhər İcra Hakimiyyətinin qarşıdakı dövr üçün perspektiv inkişaf planı var və bu plana görə Lənkəranda əsas diqqət emal sənayesinin, kənd təsərrüfatının - çəltikçiliyin, çayçılığın, sitrus bitkilərinin istehsalının, rayon üçün yeni sahə olan baramaçılığın inkişafına yönəldiləcək. Abadlıq, tikinti, infrastruktur bölməsində işlər davam etdiriləcək. Möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair Dövlət Proqramı" haqqında 12 fevral 2018-ci il tarixli, "Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" barədə 13 fevral 2018-ci il tarixli sərəncamları və digər göstərişləri Lənkəranda kənd təsərrüfatının köklü inkişafı üçün böyük stimul olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR