Ən təmiz sevgi həyat yoldaşına olan sevgidir

Əkrəm Həsənov: "Dinlərini dəyişənlərin adətlərindən uzaq duraraq Qiyamətə qədər hakim olan İslam dininin sevgiyə aid gözəl nümunəsini hər zaman yaşamalı və yaşatmalıyıq"

Müstəqillik illərindən sonra cəmiyyətimizdə, həyatımızda müsbət dəyişikliklər, məqamlar baş verməklə yanaşı, mənfi çalarlar, proseslər də müşahidə edilməyə başladı. Qərbin, Avropanın müsbətlə yanaşı mənfi halları, tərəfləri də zorla özümüzə sırıdıq, onları özümüzünküləşdirməyə başladıq. Belə mənfi hallardan biri də bu günlər əsasən gənclərin qeyd etdiyi 14 fevral tarixidir. Açıq şəkildə etiraf etmək lazımdır ki, əksəriyyət 14 fevral tarixində nə baş verdiyindən tamamilə xəbərsizdir. Kor-koranə şəkildə bu tarixi sevgililər günü kimi qeyd edir. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. Onun sözlərinə görə, beynəlxalq aləmdə məşhur olan günləri qeyd etmək adəti vardır ki, bizim də vətəndaşlarımız, mətbuat, kütləvi informasiya vasitələrimiz belə günləri ictimaiyyətə xatırladırlar: "Bu günlərdən biri də "Sevgililər günü", "Sevgililər bayramı", "Valentin günü" adlanır. Bu günün tarixi haqqında qısa açıqlama verməzdən əvvəl, bu günün islamla bağlı olmayan bir gün olduğunu qeyd etmək istəyirik. 
Sevgilər gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Romalılar inanırdılar ki, Allah-Təala Roma kraliçası Junonu sevir, ona görə ona kraliçalıq verib. Ona olan əsassız hörmətə görə romalılar müəyyən bir gün 14 Fevral gününü təyin edib həmin gündə kraliçanın şərəfinə bir yerə toplanırdılar. Onların batil inancına görə Allah -Təala yalnız bu qızın duasını eşidirdi. Ona görə də ona böyük hörmət edirdilər. Bəzi müsəlmanlar Allaha yaxınlaşmaq üçün özlərinə hansısa pirləri, seyidləri, ölüb dünyasını dəyişmiş övliyaları vasitəçi götürdükləri kimi romalılar da bu qızı həddən artıq şişirdib və onu Allah qədər ucaldıblar. Juno adlı bu kraliça ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik tanrıçası olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə Lupercalia Bayramı başlayırdı.  Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalarla məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyatda şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partnyoru olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Lupercalia Bayramının ərəfə günü edilən bir çəkiliş ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılırdısa o qızla bayram əyləncələri boyunca birlikdə olurdular. Bu birlikdəliklər bir-birinə aşiq olan cütlər üçün bayram müddəti bitdikdən sonra evliliklə sonlanırdı. 
İmperator II Claudius, Romanı öz sərt qaydaları ilə zalımca idarə edən bir hökmdar idi. Onun üçün ən böyük problem ordusunda döyüşəcək əsgər tapa bilməmək idi. Ona görə bu vəziyyətin tək səbəbi romalı kişilərin eşqlərini və ailələrini buraxmaq istəməmələri idi. Buna görə Romadakı bütün nişan və evlilikləri qaldırdı. Valentin də Claudiusun hökmdarlığı zamanında Romada yaşayan bir keşiş idi. Özü kimi keşiş olan Əziz Marius ilə birlikdə Claudiusun qadağasına baxmayaraq gizlicə cütləri evləndirməyə davam etdi. Ancaq imperator bu vəziyyəti bir müddət sonra öyrəndi. Əziz Valentine insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuqla döyülərək öldürüldü". İlahiyyatçı deyir ki,  Miladdan sonra 270 ilinin 14 fevralında Xristian şəhidliyinə basdırıldı: "Eyni zamanda Romadakı bütpərəstlər, fevral ayı içində qeyd olunan Lupercalia bayramını öz bütpərəst tanrıları üçün qeyd edirdilər. Bayram əvvəli edilən ənənəvi mərasimi özləri üçün tətbiqə başladılar. Xristian Kilsəsinin ilk qurulduğu illərdə xidmət edən keşişlər bu mərasimlərin, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından narahat olduqları üçün bir həll yolu tapdılar. Bu gənclərin adlarının əzizlərlə birlikdə xatırlanmasını istədikləri üçün Lupercalia bayramının başladığı günü Əziz Valentine Günü olaraq qeyd etməyə başladılar. O gündən bəri xristianlar hər ilin 14 fevral gününü Sevgililər Günü olaraq qeyd etməyə davam edir və yer üzündə qadın və kişi birlikdə olduğu müddətcə də qeyd edəcəklərini əsas prinsip kimi götürüblər". Əkrəm Həsənov bildirib ki, İslam dininə görə isə həm yəhudilər, həm də xristianlar Allahın Rəsulu Muhammədi peyğəmbər olaraq qəbul etməlidirlər: "Yəhudilər və xristianlar son peyğəmbəri peyğəmbər kimi qəbul etmədiklərinə görə uca Allah və sonra göndərdiyi peyğəmbəri biz müsəlmanlara yəhudilərin və xristianların bayramlarını keçirməyə icazə vermirlər. Çünki onlar əvvəlki peyğəmbərləri təsdiq edən sonuncu Peyğəmbər Məhəmmədi peyğəmbər olaraq qəbul etmirlər. Islam dininə görə imanın altı əsası var. Bunlardan biri də peyğəmbərlərə inanmaqdır. Həmçinin Muhamməd peyğəmbərə inanmaq isə imanın Allaha imandan sonra ikinci sütunudur. Allaha və peyğəmbərə inanmaqla insan müsəlman olmasını etiraf edir. Müsəlmanın isə başqa dinlərdə olan bayramları keçirməyə icazələri yoxdur. Lakin son günlər bütün bəşəriyyət dinindən, irqindən və.s. xüsusiyyətlərindən asılı olmayaraq müəyyən məsələlərdə günlər təyin ediblər və bu günləri qeyd edirlər. Sevgililər günü də belə bir gündür. Bizim ölkəmiz digər məsələlərdə olduğu kimi, bu məsələdə də dünyayla həmrəylik göstərir". İlahiyyatçı deyib ki,  əslində sevmək gözəl nemətdir. Sevgiyə bütün insanlar möhtacdırlar: "Qəlblər sevgi ilə rahatlıq tapır. Sevgi qəlbin və ruhun səadətidir. İslam dininə görə sevmək haram deyil. Bütün dinlərdən fərqli olaraq islam dini sevgiyə daha çox yer ayırıb. İslam dininə görə ən təmiz sevgi öz həyat yoldaşına olan sevgidir. Allah-Təala kişilərin qəlbində qadınların sevgisini yerləşdirmiş və bizə bu sevgidən xəbər vermişdir: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum (Rumlular) surəsi, 21). Allah-Təala müsəlman kişinin öz həyat yoldaşına olan isti və mehriban sevgisini, müsəlman qadının öz həyat yoldaşına olan isti və mehriban sevgisini bizə belə bildirir: "Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)" (əl-Bəqərə (İnək) surəsi, 187). Allah Rəsulu (ona və ailəsinə salam olsun) öz həyat yoldaşlarını həddən artıq çox sevərdi və bu sevgi ondan başqa digər insanlarda heç vaxt olmayıb. Biz müsəlmanlar da öz həyat yoldaşlarımızı ancaq ilin hansısa bir günündə yox, həmişə sevməli və həmişə imkanlarımız nisbətində onlara hədiyyələr almalıyıq. Bizlər öz dinlərini dəyişənlərin adətlərindən uzaq duraraq Qiyamətə qədər hakim olan islam dininin sevgiyə aid gözəl nümunəsini hər zaman yaşamalı və yaşatmalıyıq".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR