Ehtirası idman zalında söndürməzlər

Züleyxa Nadir

Məmləkət  bu günlərdə Bakıdakı 132-134 nömrəli məktəbin iki şagirdinə "köklənib". Məktəblilərin seksual hərəkətləri  "alovlu" gündəm yaradıb. Bir neçə gündü Təhsil Nazirliyi və həmin təhsil-kompleks məmləkət əhlinin söyüş yerinə çevrilib,  132-134 nömrəli təhsil kompleksin rəhbərliyi övladları orda  təhsil alan valideynlərin qəzəbinə gəlib. Bəs, nə olmuş, nə imiş şagirdlərin suçu? Təhsil Nazirliyi, məktəb  rəhbərliyi hansı günahın altına giriblər?

Məlum hadisədən xəbəri olmayanlar üçün qısaca onu deyə bilərəm ki,  həmin məktəbin XI sinfinin oğlan şagirdi ilə VII sinifdə oxuyan qız  şagirdi arasında intim xarakterli hadisə baş verib. Özü də bu hadisə məktəbin idman zalında  görüntülənib, video internetdə yayınlanıb. Oğlanın barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Sondan başlamaq istəyirəm. Prokurorluq oğlanı azyaşlı şagirdə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirərək cinayət işi açıb. Bununla işim  yoxdu, qanunlara hörmət etmək hər birimizin borcudu. Kimin günahı var, kimin suçu yoxdu - bu haqda qərarı məhkəmə verəcək.

Adamın  iliyinə işləyib onu göynədən məsələ şagirdlərin intim görüntüsünü çəkib yayınlayanların vicdansız  hərəkətidi. Əslində "vicdansız" kəlməsi yumşaqdı, bəlkə də daha sərt söz demək yerinə düşür. İnsanlıq bu qədərmi ölüb? Məktəbli qıza qarşı belə düşmənçilik hardan yaranıb?  Bu uşaqlar hər birimizin  tanışı,  qonşusu, qohumu, lap elə övladı da ola bilər. Heç birimiz bundan sığortalanmamışıq. Nə də həmin görüntünü tirajlayanlar arxayınlaşmasınlar ki, sabah onların da  övladları bənzər video-görüntü "qəhrəmanına" çevrilməyəcəklər.

Bura Avropa deyil, nə də Rusiyadı. Bura Azərbaycandı,  video "qəhrəmanlar" da azərbaycanlıdı. Bu millətin həmin mövzuda hansı qadağalara, hansı dəyərlərə  malik olduğunu yazmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, yeniyetmə bir qızın  gələcəyini "öldürmək" çox böyük cinayətdi, bağışlanılmayacaq qatillikdi. Bu qız sabah  bir oğlanın həyat yoldaşı, bir ailənin gəlini olacaq.  Amma bu gün  tam formalaşmamış əxlaqına vurulan damğa bir ömür onu yandıracaq. Bu damğa onu  ömrünün sonuna kimi hansısa bir məsələdə haqlı olduğu halda haqsız  vəziyyətə salacaq, dili gödək, başı aşağı olacaq. Valideynləri sona qədər sağalmayacaq yara ilə yaşayacaqlar.

Elə başa düşülməsin ki,  məktəblilərin hərəkətini müdafiə edirəm.  Etmirəm, tərəfdarı da deyiləm, hər şeyin bir zamanı, bir məkanı var. Bu və buna bənzər hallar bütün zamanlarda, bütün dünyada, bütün millətlərdə olub, olur da. Amma heç bir ingilis, fransız, alman, ya da rus bu cür görüntü  paylaşıb özünü hamıdan saf, hamıdan ağıllı təqdim etməyə çalışmır. Bunu ancaq bizim vicdanını itirmiş əxlaqsızlar edir. Əxlaqsızlıq  təkcə  həmin videodakı hərəkətlər, ya  da ona bənzər hallar deyil. Ən böyük əxlaqsızlıq burnunu başqasının  həyatına soxmaq, yeniyetmələrin intim görüntüsünü yayınlamaqdı.

Məktəb rəhbərliyini qınayanlar da bir məqamda yanılırlar. Təbii ki, rəhbərlik  bu məsələdə məsuliyyət daşıyır, amma heç bir direktor istəməz ki, onun məktəbi ifşa olunsun, heç bir müəllim arzu etmir ki, şagirdi rəzil vəziyyətə düşsün. Müəllimin yeganə istəyi şagirdinə verdiyi biliyin nəticəsini görməkdi. Sinif otağında üz-üzə dayandığı yeniyetmələrlə müəllim arasındakı hörmət pərdəsi o zaman aradan qaldırılır ki, onun əxlaqında naqislik görünsün,  davranışı anormal olsun. Müəllim çalışır ki, yarana biləcək əyər-əskikləri, xoşagəlməz elementləri  həmin pərdənin arxasında gizlətsin. Direktor da  müəllimdi. Amma  görünən o ki, bu, həmşə  uğurlu alınmır. Onun şagirdləri bəzən cızığından çıxır, əxlaq normalarını tapdalayır, təhsil ocağının külünü göyə sovurur - haqqında söhbət gedən məktəblilər kimi.

Bu məsələdə öndə gedən ən böyük günahkar valideyndi. Övladı dünyaya gətirən ana, tərbiyə verən ata hər gün məktəbə yola saldığı uşağına məktəbdənkənar hansı "dərsləri" keçir? Hansı davranışı ilə nümunə olur ki, uşaq ondan görüb-götürsün? Yeniyetmə oğlan, ya da qız valideynindən öyrənə biləcəklərini internetdənmi götürsün? Valideyn çoxmu məşğuldu? Bütün bu sualların  bir cavabı var: dünyaya övlad  gətirən bəzi ananın və ailəyə başçılıq edən atanın dünyagörüşündə çatışmazlıq var. Ona görə də böyütdükləri  övlad  ev, ailə dəyərlərini  və əxlaq normalarını ictimai yerlərin çirkabına qurban  verir.

Bu günün valideyni ilə dünənin ata-anasını müqayisə etmək fikrim yoxdu. Dünənlə bu gün arasında çox böyük fərq var, irərliləyiş o qədər sürətlidir ki, hər şey bir göz qırpımında yoxa çıxa bilir. Bu yoxluqda çox şeylər görünmür, it-bata düşür. Vay o gündən ki, it-bata düşən ailə dəyəri və ictimai yük olsun. Bax o zaman at izi it izinə qarışır, zamanın öz orbitindən çıxmaq  təhlükəsi yaranır. Çünki hər kəs öz zəmanəsinə bənzəyir, öz zəmanəsinin tərbiyəsini alır. Amma görünən o ki, dünənki tərbiyə, dünənki bənzəyiş bu günkü sürəti öz "geriliyi" ilə üstələyir. Və bəzi uşaqlar zəmanənin sürəti içində-itib batırlar. Çoxluq isə sürətlə ayaqlaşır, onun üsütünlüklərini əldə etməyə cəhd edir. Bunda məktəbdən çox valideynlərin rolu var.

Məmləkətin dilinə düşmüş həmin məktəblilər isə hətta  zəmanənin sürətini də qabaqlayıblar.  Bu uşaqların yeniyetmə yaşları  hisslərini coşdurub. On yeddi yaşlı oğlan özünü saxlaya bilməyib, qızı da buna məcbur edib. Bu, çox böyük naqislikdi. Bu uşaqların arasında sevgi hissləri olmuş olsa belə bu cür nəticələnməməlidi. Bunin adı sevgi deyil, məhəbbətdən də kənardı. Bu, ehtirasdı.

Ehtirası idman zalında söndürməzlər, adam balası. Bu, bizi çox ağrıdır...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR