“Qanunsuz hərəkətlər bələdiyyələrin əli ilə həyata keçirilir”

Qüdrət Həsənquliyev: "Bələdiyyələr vətəndaşlaırn hüquqlarının qorunması baxımından ciddi işlər görməlidir"

Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin parlamentə təqdim etdiyi illik məruzəsi bələdiyyələrin fəaliyyəti ilə bağlı çoxsaylı sualların meydana gəlməsinə səbəb olub. Maraqlı məqam ondan ibarətdir ki, hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin ən çox yol verdikləri qanun pozuntuları ilə yanaşı, onların aradan qaldırılması yollarını da göstərib. Nazir müavini bildirib ki, il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 740 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Nazir müavini bildirib ki, 2017-ci ildə 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: "Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb". V. Zahirovun sözlərinə görə, ötən il bələdiyyə aktları vaxtında təqdim edilmədiyi üçün 98 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 20 işə isə hazırda baxılır. Əlavə edib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavab verilib: "41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini tapıb". Nazir müavini qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: "24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonunda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb".V. Zahirov deyib ki, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub: "Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır". Lakin millət vəkilləri hesab edirlər ki, bələdiyyələrin fəaliyyətində yaranan nöqsanların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, hər il parlamentdə Bələdiyyələrlə İş Mərkəzinin hesabatını dinləyirik. Müxtəlif təkliflər səsləndirilir. Bələdiyyələrlə İş mərkəzi də bir qayda olaraq keçirilən seminarlar haqqında bizə statistik məlumatlar verir. Nə qədər əruzə daxil olub, onlardan neçəsinə baxıblar, hansı qərarlar qəbul olunub və sair. Amma bələdiyyələrin cəmiyyətdə nüfuzunun qaldırılması, onların ölkə həyatındakı rolunun inkişaf etdirilməsi istiqamətində biz çox təəssüf ki, hökumətdən müvafiq qanunvericilik layihələrinin parlamentə daxil olmasını müşahidə olunmur: "Əslində Bələdiyyələrlə İş Mərkəzi bu barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Ədliyyə Nazirliyi də hökumətin üzvü kimi hökumət qarşısında bu məsələləri qaldırmalıdır. Ona görə ki, bizim qəbul elədiyimiz qanunların tətbiqi zamanı boşluqları o qanunları tətbiq edən, yaxud ona nəzarət edən orqan görür və bilir. Buna görə də onlar deməlidir ki, nələri təkmilləşdirmək lazımdır. Məsələn? bu yaxınlarda bələdiyyə torpaqaları ilə bağlı mənə müraciət etmişdilər. Cənab Prezident kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı xüsusi dövlət agentliyi yaradıb. Amma sahibkar şəhərin kənarında hansısa mazutlu, antisanitar bir vəziyyətdə olan torpağı götürüb, abadlaşdırıb orada iş görmək istəyir. Tutaq ki, bələdiyyə sədrinə müraciət edir. Bələdiyyə sədri deyir ki, bizdə torpağın kvadratmetri 1 manat 23 qəpikdir. Sahibkar da sənədləri hazırlayır, hər şey hazır olanda şəhərin mərkəzində həmin o bələdiyyə sədri mərkəzi icra hakimiyyətinin regional şöbəsi, yaxud yerli icra hakimiyyətləri ilə cinayət əlaqəsinə girir və 10 kvadratmetr yeri, nümunə üçün deyirəm, şəhərin mərkəzində, 9 manat 43 qəpiyə rəsmiləşdirir. Sonra da deyir ki, qanuna görə axırıncı hərracda biz torpağı neçəyə satmışıqsa yalnız o qiymətə sata bilərik. Yəni demək istədiyirəm ki, sahibkarlığa kömək etmək əvəzinə bələdiyyələr bir çox hallarda yerli icra hakimiyyətləri ilə birlikdə əslində sahibkarların maraqlarına toxunurlar". Millət vəkili əlavə edib ki, hesabatda 2017-ci ildə keçirilmiş tədbirlər sırasında qeyd olunur ki, insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu barədə seminar keçirilib: "Görəsən o seminarda nədən danışılıb, söhbət hansı hüquqların qorunmasından gedir? Şəhər icra hakimiyyətləri gedirlər həmin bələdiyyələrin ərazisində fəaliyyət göstərən sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, pulu ödəyəcəklərinə söz verirlər. Amma aylar keçir, həmin sahikarların pulu verilmir. Bələdiyyələr sahibkarların hüquqlarınını qorunması, bələdiyyələrin ərazilərində baş verən qanun pozuntuları, vətəndaşların hüquqlarının digər mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları tərəfindən pozulması ilə bağlı hansısa tədbirlər görürlərmi? Bu barədə müvafiq orqanlar qarşısında məsələ qaldırırlarmı? Çox təəssüflər olsun ki, biz bu istiqamətdə addımların şahidi olmuruq. Nəinki bələdiyyələr bu hüquqların qorunmasında heç bir rol oynamırlar, bir çox hallarda yerli icra hakimiyyəti orqanları həmin qanunsuz hərəkətləri məhz bələdiyyələrin əli ilə həyata keçirirlər. Bir də görürsən ki, bələdiyyələr kiminsə əmlakını sökdürür. Məsələn, bir diş həkimi mənə müraciət edib. Onun şəhərdə kabineti var imiş. Bildirir ki, əlində çıxarış var, əmlak ona məxsusdur, Səhiyyə Nazirliyindən lisenziya alıb. Amma şəhər icra hakimiyyəti onun əmlakını dağıdır. Nə bələdiyyə onun hüquqlarını qoruyur, nə də yerli icra hakimiyyəti. Nəticədə bu adam iş yerini itirir və ailəsi çətin vəziyyətdə qalır. Odur ki, bələdiyyələr vətəndaşlaırn hüquqlarının qorunması baxımından ciddi işlər görməlidir. Kənd yerlərində - bəzi böyük kəndlərən başqa, digər kndlərdə yağış yağarkən palçıq dizə çıxır. İməciliklır təşkil etmək lazımdır, əhalinin özü o kənd yollarının abadlaşdırılmasında iştirak etməlidir. Bələdiyyələr əhali ilə bu formada da işləməlidir. Yoxsa ancaq camaata "sənin əmlakın var gəl mənə vergi ver" prinsipi ilə hərəkət etmək olmaz. Sonra da yığılan vergidən 5 qat baha qiymətə hansısa işlər görürlər. Düşünürəm ki biz bununla ciddi irəliləyişlərə nail ola bilmərik".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR