“Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər”

Yeni qanun bunun qarşısını ala biləcəkmi?

Milli Məclis "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yenu qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını müəyyən edir, əlilliyi doğuran səbəblərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılması, əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsinin həvəsləndirilməsi, müdafiə və təmin edilməsi sahəsində yaranan münasibətləri tənzimləyir. Xatırladaq ki, parlamentin əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi zamanı fikir ayrılığı yarandığı üçün sözügedən sənəd geri qaytarılmışdı. Qanun layihəsi ictimai müzakirədən keçdikdən sonra parlamentə təqdim olunub. Maraqlıdır, ictimaiyyətin təklif etdiyi fikirlər yeni layihədə əksini tapıbmı?
Milli Məclisin əmək və sosial siyasət komitəsindən verilən məlumata görə, hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub. Ötən 26 ildə baş verən proseslər və qəbul olunan hüquqi sənədlər sözügedən qanunun da yenilənməsini zəruri edib. 8 fəsil 40 maddədən ibarət yeni layihədə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əllilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reablitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlliliyi olan şəxslərin təlabatının nəzərə alınması, əlillərlə bağlı yeni dövlət proqramının hazırlanması, əlilliyi olan şəxslərin dövlət təşkilatlarında işlə təminatı üçün kvotaların ayrılması və digər məsələlər əksini tapıb. Layihədə yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərin müyəssərlıyinin təmin edilməsi məsələləri yer alıb. Yaxud da əlilliyi olan şəxslərin abilitasiyası -yəni onların mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması həyata keçiriləcək.
Sözügedən qanunun son dərəcə vacib olduğunu qeyd edən millət vəkili Fazil Mustafa bildirib ki, ölkədə əlilliyin sayının azalması aparılan profilaktik tədbirlələ əlaqələndirilir. Əslində isə bu 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki dəyişikliklərlə bağlıdır: "Nazirlikdə iki il əvvəl edilən dəyişikdən sonra, onlar da əvvəllər əlilliyin sayının artmasının qarşısını almaq üçün bürokratik əngəllərdən istifadə edildiyini etiraf etdilər. Bizdə artımın olmaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi. Son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı". Deputat həmçinin uşaq əlillərin bütün müəssisələrdə müalicəsinin pulsuz olması maddəsi əlavə edilməli olduğunu qeyd edib: "Bununla yanaşı ölkəmizdə ictimai nəqliyyat, təhsil məsələsində də əlillərin problemləri həll edilməlidir. Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir, bu həm də dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə də bağlıdır. Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir, yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir? Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdotərcüməçilər olmalıdır".
Millət vəkili Qənirə Paşayeva deyib ki, ölkədə 620 min əlilliyi olan insan var və ölkə əhalisinin 6 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. "Məşğulluq haqqında" qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Qənirə Paşayeva qeyd edib ki, əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir: "Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hesab edirəm ki, yeni qanun layihəsində də əlillərin iş, çalışmaq, əmək hüquqları məsələsinə ciddi önəm verilməlidir və bu istqamətdə qanunların həyata keçirilməsi mexanizmləri gücləndirilməlidir. Müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram". Millət vəkili əlillərin hüquqları ilə bağlı yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib: "Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Ümumiyyətlə, isə əlil gənclərin ali və ya peşə təhsili almasına daha çox stimullaşdırılması və bu istqamətdə hüquqları daha güclü şəkildə əks olunmalıdır. Eyni zamanda əlillərin məlumat almaq hüquqları ilə bağlı məsələlərə də xüsusi diqqət olunmalıdır. Eşitmə imkanları olmayan əlillərimizin televiziyalarımızda məlumat, xəbər almaq imkanları yox dərəcəsindədir. Bu məsələdə ciddi dönüş olmalıdır. Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Eyni zamanda Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR