Samir Abbasovla professor Ramiz Əskər arasında keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüşüb.

Samir Abbasov Ramiz Əskəri uzun illər türk xalqlarının ədəbiyyatını fəal tədqiq və təbliğ etdiyi üçün Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi münasibətilə təbrik edib. Samir Abbasov AMM-nin həyata keçirdiyi layihələr, özbək dilində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində nəşr olunan kitablar barədə danışıb, iki xalq arasında dostluq əlaqələrinin dərinləşdirilməsində ədəbiyyatşünasların və tərcüməçilərin rolunu xüsusi vurğulayıb. Ramiz Əskər Mədəniyyət Mərkəzinin iki xalq arasında mədəniyyət, ədəbiyyat sahəsində çoxsaylı layihələrin həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib, deyilib ki, görülən bu işlər öz nəticəsini göstərməkdədir. Sonra tərəflər birgə əməkdaşlığın yaradılması və inkişafı və gələcək planlara dair geniş fikir mübadiləsi aparıblar. Samir Abbasov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cumhuriyyəti ili" elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin bir sıra layihələr həyata keçirdiyini bildirib. Söhbət zamanı birgə layihə ilə "AXC dövrü və müstəqil Azərbaycan ədəbiyyatı" adlı nəşrin özbək dilinə tərcüməsi və Daşkənddə nəşri barədə razılıq əldə olunub.

Bu ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyətinin və Qafqaz İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda təşkil olunacaq elmi simpoziumda Özbəkistanın aparıcı universitetlərinin rəhbərlərinin iştirakı məsələləri müzakirə olunub və tədbirdə özbək tərəfinin iştirakına dair Mədəniyyət Mərkəzinin dəstəyi, habelə Ramiz Əskərin klassik özbək ədəbiyyatı ilə bağlı tərcümələrinin Daşkənddə təqdimatının keçirilməsi ilə bağlı razılıq əldə edilib.  AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR