İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədidir

Dünyanın inkişaf etmiş demokratik ölkələrinin tarixinə nəzər saldıqda aydın olur ki, hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmətdən keçir. Çünki demokratiya, insan hüquq və azadlıqlarına hörmət və inkişaf bir-biri ilə üzvi surətdə bağlı olan, bir-birini şərtləndirən amillərdir. Demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır. Demokratik dövlətdə insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunması təmin edilir, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaradılır.

İnsan hüquq və azadlıqlarının qanunvericilik bazası

Azərbaycanda da insan hüquqlarının müdafiəsi, eləcə də siyasi plüralizm ənənələri qədim dövrlərdən mövcud olub. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması məhz Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Müasir beynəlxalq münasibətlər sistemində isə insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından hesab olunur. Bu amili nəzərə alan Azərbaycan müstəqillik qazandıqdan sonra əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib. Bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması isə müstəqil dövlətimizin qurucusu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanıb, insan hüquqlarının müdafiəsi sahəsində yeni qanunvericilik aktları qəbul edilib. Belə ki, Konstitusiyanın 48 maddədən ibarət III fəsli bütövlükdə insan hüquq və azadlıqlarına həsr olunub. Ali qanunda insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir, bu hüquqları və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qarşısında mühüm vəzifə kimi qoyulur. İnsan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşması vasitəsilə xalqın hakimiyyət funksiyasının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiə mexanizmlərinin mövcudluğu, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi məsələlər əsas qanunumuzun mahiyyətini təşkil edir. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə Heydər Əliyevin ölkə prezidenti olaraq, 22 fevral 1998-ci il tarixdə imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman xüsusi əhəmiyyətə malikdir. Ardınca "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi isə dövlətin insan hüquqları məsələsinə münasibətdə siyasi iradəsinin təzahürü kimi dəyərləndirilir.

"Azərbaycanda bütün azadlıqlar təmin olunub"

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı gündən insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması dövlətin ən ümdə siyasi xəttinə çevrilib. Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib ki, ölkəmizdə bütün azadlıqlar təmin olunub: "Ölkədə sabitliyi şərtləndirən əsas məsələ xalq-iqtidar birliyidir. Bu gün dünyada ən təhlükəsiz ölkələrdən olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu siyasət gələcəkdə də davam etdiriləcək".
Sirr deyil ki, insan hüquq və azadlıqların müdafiəsi məqsədilə həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsininin nəticəsi olaraq 2006-cı ilin mayın 9-da Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası"na qoşulub. İnsan hüquqlarının qorunmasını və inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin sərəncamları ilə 26 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı", 2011-ci il dekabrın 27-də isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilib. Hazırda 18 iyun Azərbaycanda "Milli İnsan Hüquqları Günü", dekabrın 10-u isə "Beynəlxalq İnsan Hüquqları Günü" günü kimi qeyd olunur.

Effektli müdafiə sistemi

Xatırladaq ki, Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini üzərinə götürüb. Elə bu səbədən də Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması məqsədilə etibarlı müdafiə mexanizmi yaradılıb. Ölkə Konstitusiyasında və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsis edilib. "Məhkəmələr və hakimlər haqqında" qəbul edilən yeni qanun isə köhnə məhkəmə quruluşundan tamamilə imtina edilərək üçpilləli məhkəmə sisteminin fəaliyyətini təmin edib ki, bu da insan hüquq və azadlıqlarının müdafiəsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apellyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradıb. Bu, birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldınlmasına zəmin yaradıb. Demokratiyanın təməlini təşkil edən insan hüquqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin əsas öhdəliyi kimi qəbul edilib. Hazırda Konstitusiya Məhkəməsi fərdi müdafiənin effektiv vasitəsi olaraq vətəndaşların fərdi şikayətlərinə baxır. Bundan başqa, milli məhkəmələrdə müdafiə hüququ bitdikdən sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış imkanı yaradılıb.

İnsan hüquq və azadlıqlarının müdafiəsində dövlət təminatı

Beləliklə, Azərbaycanda əhalinin müxtəlif təbəqələrinin, o cümlədən insan hüquqlarının həyata keçirilməsi baxımından zəif hesab olunan həssas qrupların-qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunub. O cümlədən, Azərbaycan Respublikası hər bir vətəndaşının olduğu yerdən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təmin olunmasına dair müvafiq dövlətlərlə və onların səlahiyyətli orqanları ilə səmərəli əməkdaşlıq edilir. Dövlət başçısı tərəfindən 10 fevral 2017-ci il tarixdə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" imzalanan Sərəncamın məqsədi də məhz məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqidir. Sərəncamın əsas məqsədlərindən biri də cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatıdır. Yeri gəlmişkən xatırladaq ki, prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 3.400-ə yaxın məhkum əfv edilib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktının 40 minə yaxın insana şamil olunması cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib.

Siyasi mədəniyyətin təzahür forması

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda formalaşan siyasi mədəniyyət azərbaycançılıq ideologiyası kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Belə ki, Azərbaycanın siyasi mədəniyyəti dövlətçiliyə möhkəm sədaqət, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə məruz qalmamaq məharəti ilə səciyyələnir. Məhz Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu var. Sirr deyil ki, siyasi mədəniyyətin formalaşması və inkişafında çoxpartiyalılq sisteminin əhəmiyyəti danılmazdır. 1993-cü ildən bu günə qədər Azərbaycanda siyasi partiyaların fəaliyyətinə yaradılan şərait onların mübarizə üsullarının təkmilləşdirmələrinə səbəb olub. Azərbaycanda formalaşdırılan azad və demokratik seçki sistemi də vətəndaşların siyasi fəallığına xidmət edir. Xatırladaq ki, seçki fəallığı ilə müşayət olunan son prezident seçkisində Azərbaycan xalqı İlham Əliyevin simasında ən layiqli namizədi dəstəkləməklə taleyini etibarlı əllərə əmanət etdi. Seçicilərin səsvermədə fəal iştirakı vətəndaşların ölkənin siyasi taleyində əhəmiyyətli rol oynayan prezident seçkilərinə yüksək diqqət və maraq nümayiş etdirmələrini göstərdi. Müxtəlif siyasi partiyaları təmsil edən namizədlərin seçkiyə qatılması da seçki prosesinin fəal keçirilməsində mühüm rol oynayan amillərdən biri idi. Ümumilikdə ölkədə keçirilən seçkilərdə namizədlərə seçki kampaniyasının bütün mərhələlərində eyni şəraitin yaradılması məhz vətəndaşların siyasi fəallığına şərait yaradır. Azərbaycanda həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin sivil normalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görülməsi, həm də vətəndaşların siyasi proseslərə marağının olması siyasi fəallığı şərtləndirən amillərdən hesab olunur. Qətiyyətlə demək olar ki, ölkədə keçirilən Prezident, Milli Məclis və Bələdiyyə seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirib. 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkisinin də vətəndaş fəallığı ilə müşahidə olunacağı heç kimdə şübhə yaratmır. Bütün sadalananlar Azərbaycanın demokratik cəmiyyətin və hüquqi dövlətin yaradılmasında maraqlı olmasının bariz nümunəsidir. Hazırda da Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılmaqdadır.

Alim Hüseynli

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR