Ölüm hökmünün ləğvindən keçən 20 il

Bu cinayətkarlığın artımına necə təsir göstərdi?

Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi o dövr üçün mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, təkmilləşdirilməsi, yeni, müasir dövrə uyğun olan qanunların qəbul edilməsi istiqamətində də ardıcıl addımlar atıldı. Eyni zamanda müstəqillik illərində keçmiş Sovetlərin zamanından qalan bir sıra hallar aradan qaldırıldı. Bunlardan biri də ölüm hökmünün ləğvi istiqamətində atılan addım idi. Məlumat üçün qeyd edək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il, fevral ayının 10-da ləğv edilib. Artıq 20 ildir ki, ölkədə ölüm hökmü icra edilmir. Düzdür, bəzən cəmiyyətimizdə baş verən həddən ağır cinayətlər ölüm hökmünün yenidən bərpa olunması kimi təşəbbüslərin irəli sürülməsinə səbəb olur, amma hələlik sözügedən məsələ bu gün üçün gündəlikdə deyil. Bir çoxları isə hesab edirlər ki, ölüm hökmünün ləğvi cinayətkarları daha da aqressiv edib və onlar belə bir hökmün olmamasından istifadə edərək daha ağır cinayətlərə əl atırlar. Bəs, görəsən bu kimi arqumentlər nə dərəcədə doğrudur və ümumilikdə ölkədə ölüm hökmünün ləğvi hansı müsbət və mənfi tendensiyalara səbəb oldu?

Milli Məclisin üzvü Vüsal Hüseynov deyir ki, Azərbaycanda ölüm cəzası Azərbaycan Respublikası Milli Məclisinin 10 fevral 1998-ci il tarixində qəbul etdiyi "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunu ilə (Qanun hazırda qüvvədən düşüb) ləğv edilib. Bu Qanunla həmin dövr üçün qüvvədə olan Cinayət Məcəlləsindən bu cəza növünü müəyyən edən 22 maddə çıxarıldı və bununla da ölüm cəzası ləğv edilmiş oldu. Bu Qanunun təşəbbüskarı və ölkəmizdə ölüm hökmünün aradan qaldırılması və bu cəzanın ləğvi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu Qanunun qəbul edilməsindən əvvəl ölüm hökmünün icrası üzərində moratorium qoyulmuş və Heydər Əliyev bununla bağlı xüsusi bəyanat vermişdi". Millət vəkili deyib ki, ölüm cəzasının qanunla ləğv olunduğu ilin sonunda, 1998-ci ilin dekabrın 11-də Azərbaycan Respublikasının Milli Məclisi "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulmaq barədə" Qanun qəbul etdi ki, qanunda Azərbaycanın müvafiq Protokola qeyd-şərtlə qoşulduğu qeyd olunurdu: "Qeyd-şərtə əsasən müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə müstəsna hallarda xüsusi qanun qəbul edilməklə ölüm cəzasının tətbiqinə yol verilə bilər. 30 dekabr 1999-cu il tarixli Qanunla təstiq edilmiş yeni Cinayət Məcəlləsində də ən ağır cəza kimi ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdi. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunarkən Azərbaycan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasını və Konvensiyaya əlavə Ölüm cəzasının ləğvi haqqında 6 saylı Protokolu imzaladı. Konvensiya və Protokol 15 aprel 2002-ci ildə ratifikasiya olundu və 1 may 2002-ci ildə qüvvəyə mindi. Protokola əsasən Azərbaycan müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər. Hazırda Avropa Şurasına üzv heç bir dövlətdə ölüm cəzası tətbiq olunmur. Azərbaycan bir sıra Avropa Şurasına üzv dövlətlərdən əvvəl ölüm cəzasını ləğv etmişdi". Vüsal Hüseynovun sözlərinə görə, hazırda 141 ölkədə ölüm cəzası hüquqi və ya praktiki olaraq ləğv olunub. Bir sıra araşdırmalara əsasən 57 ölkədə ölüm cəzası hüquqi olaraq ləğv olunmayıb. 2016-cı ildə 20 dən çox dövlətdə ölüm hökmünün icra olunduğu bildirilir. Ölüm hökmü əsasən asma, güllələmə, zəhərli iynə vurulması və başın kəsilməsi yoluyla icra olunmaqdadır. Dünyada ölüm hökmünün ən çox 2016-cı ildə çıxarıldığı təxmin edilir. Belə ki, 55 ölkədə 3,117 nəfər ölüm hökmünə məhkum edilib. 2016-cı ilin sonuna qədər azı 18,848 nəfərin haqqında ölüm hökmü çıxarılıb. Həmin ildə 1,032 ölüm hökmü icra olunub. Bu icraların təminən 90 faizi İran, İraq, Pakistan və Səudiyyə Ərəbistanında baş tutub. Çinlə və Şimali Koreya ilə bağlı məlumatlar tam açıqlanmadığı üçün göstəricilər müəyyən deyil. Birləşmiş Ştatların 31 ştatında ölüm hökmü ləğv olunmayıb. 1976-cı ildən bu yana ABŞ-da 1,467 ölüm hökmü icra olunub. Keçən AŞPA-da məruzəçi oludğum "Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan alətlərin (ləvazimatların) ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi" ilə bağlı hesabatda da mənim toxunduğumuz əsas məsələlərdən biri ölüm hökmünün icrasının qarşını almaq məqsədi ilə bu cəzanın icrasında istifadə edilən alətlərin ticarətini qadağan edilməsi və ya məhdudlaşdırılması idi".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR