Yunus Oğuz: “Azərbaycan televiziyasını YADDAŞ adlandırmaq olar”

İsa Həbibbəyli: "Azərbaycan televiziyası  müstəqillik dövrü Azərbaycan gerçəkliyinin güzgüsüdür"

1965 -cı il fevral ayının 14. O zaman gənc aktrisa Nəcibə Məlikovanın "Göstərir Bakı" çıxışı ilə hər kəs təəccüblə evlərində eşidilən yeni səsə, yeni görüntüyə hakim kəsildi...

62 ildi bu hakimliyə sahib olan Azərbaycan Dövlət Televiziyası indi təkcə Bakını göstərmir. Dünyada və eləcə də ölkədə baş verən hadisələrlə öz doğma tamaşaçılarını xəbərdar edir.

Bu gün Azərbaycan televiziyası ölkədə yayımlanan televiziyalar sırasında Azərbaycan mədəniyyətinə, tarixinə, zəngin dilinə sadiq qalaraq, onu qürurla qoruyub gənclərə təqdim etməklə, keçmişimizə, gələcəyimizə sahib çıxmağı sanki özünə borc bilir.

Doğma televiziyamızın 62 illik yoluna ölkənin ictimai xadimləri ilə birgə nəzər salmağa çalışdıq.

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Azərbaycan televiziyasının yarandığı gündən bu günə qədər olan fəaliyyətinə qısa nəzər saldı. "Hər şeydən əvvəl onu deyim ki, Azərbaycanın ilk milli televiziyasının yaranması bizim uşaqlıq illərimizə təsadüf etdi. O zaman televiziya nəinki uşaqlar, hətta böyüklər arasında da sehirli bir qutu, möcüzə idi. Yaxşı yadımdadır, o vaxtlar çox az adamın evində o sehirli qutudan olardı və həmin qutunun göstərdiklərinə baxmaq üçün qonşular məhz televizor olan evə yığışardılar. Azərbaycan televiziyası yarandığı elə ilk günlərdən ana dilimizin, milli mədəniyyətimizin, milli adət-ənənələrimizin qorunması yolunu tutdu. Azərbaycan televiziyası bu dəyərlərin, yaranışı sovet dönəminə düşməsinə baxmayaraq bu milli atributların mühafizəçisinə, qoruyucu əsgərinə çevrildi. Azərbaycan televiziyası bağça uşaqlarından tutmuş tələbələrin, cəmiyyətin ayrı-ayrı nümayəndələrinin müəllimə çevrildi. Biz ən gözəl sənət əsərlərini cəmiyyətimizin aydınlarını, işıqlı insanlarını bu televiziya vasitəsilə tanıdıq".

Azərbaycan televiziyasının gənclərdə milli -mədəni ruhun formalaşmasında əməyini xüsusi qeyd edən Yunus Oğuz vurğuladı ki, Azərbaycan televiziyası yarandığı ilk günlərdən gənclərə ədəb-ərkan, vətən sevgisi, yaxşını pisdən ayırma vərdişi, mentalitetiqoruma hissi aşılayıb. "Zaman keçdikcə, Azərbaycan televiziyası dövrə uyğun olaraq müasirləşdikcə yenə də ən böyük sərvətimiz olan dilimizi qorudu, milli mədəniyyətimizin keşiyində dayandı.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar cəmiyyətinin tamaşaçısı ilə ilk görüşü 62 il əvvəl fevralın 14-də baş tutdu. Elə o gündən bu günə qədər bu televiziya öhdəsinə düşən işin məsuliyyətini çiyinlərindən atmadı. Hər zaman milliliyini qorudu. Hər bir azərbaycanlının ən yaxın dostuna, ailə üzvünə çevrildi. 62 illik tarixində xalqın mənəvi dünyasının zənginləşməsində, ali dəyərlərin ucalmasında bir an belə yoruldum demədən çalışdı. Öz verilişlərində xalqımızın min illik ənənələrini qabartdı, tarixi şəxsiyyətləri söz xiridarlarını, ziyalıları insanlara tanıtdı. Azərbaycan televiziyası bu gün də nəinki ölkəmizdə yaşayan insanların, bütün dünyaya səpələnmiş azərbaycanlıların ən yaxın dostudur. Çünki o qədim mədəniyyətimizin, əxlaqi dəyərlərin toxunulmazlığını təbliğ edir".

Azərbaycan televiziyası böyük bir məktəbdir və bu məktəb peşəkar diktorlar, jurnalistlər, operatorlar, rejissorlar, bədii redaktorlar, bir sözlə işinin sahibi olan insanlar yetişdirib. Həyatımızın elə bir sahəsi yoxdur ki, Azərbaycan televiziyası o sahəyə nüfuz etməsin, o sahəni işıqlandırmasın. Cəmiyyətimizin elə bir problemi yoxdur ki, Azərbaycan televiziyası onu vətəndaşcasına qabartmasın, onun həllinə çalışmasın və çox təqdirəlayiq haldır ki, Azərbaycan televiziyası həmişə dövlətinin, dövlətçiliyinin və millətinin yanındadır. Bu baxımdan 20 yanvar faciəsini yada salmaq kifayətdir. Azərbaycan televiziyası həmin günlərdə əliyalın rus ordusunun qarşısına çıxmış insanların yanında idi. Onlarla çiyin-çiyinə idi. O cümlədən ölkəmizin həyatında baş vermiş və hazırda baş verən bütün hadisələrdə 62 yaşlı qocaman televiziyamız gənclik ruhu ilə öndədir. Bu gün Azərbaycan televiziyasını həm də böyük bir xəzinə adlandırmaq olar. Bu televiziyada Azərbaycanın incəsənətinin, ədəbiyyatının, musiqisinin, kino tarixinin ictimai-siyasi hadisələrin tarixi, səsləri, lentləri qorunub saxlanır. Bu baxımdan Azərbaycan televiziyasını YADDAŞ adlandırmaq olar".

Yunus Oğuz Azərbaycan Dövlət Televiziyasını məktəb adlandırır. "Azərbaycan televiziyası məktəb kimi məktəb, universitet kimi universitet, akademik həyat kimi akademiyadır və televiziyada titulundan asılı olmayaraq hər kəs imtahan verir. Azərbaycan Milli Televiziyamızın daha bir xüsusiyyətini də qeyd etmək yerinə düşər. O da tariximizin, klassik azərbaycan ədəbiyyatının, milli musiqimizin, tarixi mədəni irsimizin, abidələrimizin görkəmli şəxsiyyətlərimizin Azərbaycan gəncinə tanıdılmasında, dünyaya səpələnmiş və azərbaycanlı adını daşıyan soydaşlarımıza bu dəyərlərin tanıdılmasında xüsusi rolu olmasıdır. Azərbaycan televiziyası bu dəyərləri gənclərimizə tanıdmaq üçün onlarla veriliş hazırlayır və bu verilişlər vasitəsilə nəinki gənclərə özünü tanıdır, hətta bu verilişlərdə ictimai xadimlər, peşəkar insanlar yetişdirir. Azərbaycan televiziyası bütün yaşların televiziyasıdır. Bütün nəsillərin televiziyasıdır və bu televiziyanın təməli sevgi üstündə qurulduğundan onu uşaqdan tutmuş böyüyə qədər hamı sevir. Dəyərə sevgi, dilə sevgi, söz xəzinəmizə sevgi, mədəniyyətimizə sevgi, dövlətimizə sevgi. Azərbaycan televiziyasının 62 yaşını böyük sevgi ilə təbrik edirik".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Azərbaycan Dövlət Televiziyası - AzTv ölkəmizin televiziya kanallarının böyük sələfi olduğunu vurğulayır.İctimai-mədəni mühitimizə televiziya anlayışı AzTv ilə daxil olmuşdur.

"AzTv rəsmi dövlət televiziya kanalı funksiyasını şərəflə və məsuliyyətlə yerinə yetirir. Mədəniyyət və idman kanalları AzTv-nin yetirmələridir. Hazırkı AzTv mühitində kanal içində kanal kimi müstəqil fəaliyyət göstərir.

Müstəqillik dövrünun milli televiziya siyasətinin nəticəsində meydana çıxmış mədəniyyət kanalı azərbaycançılıq ideyalarının təbliğində mühüm rol oynayır. Bu, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və incəsənətimizin televiziyasıdır. Azərbaycan dili Mədəniyyət kanalının əsas ünsiyyət vasitəsi olaraq qalmayıb, həm də ölkəmizin dövlət dili siyasətinin baş mövzusudur. Mədəniyyət kanalının Azərbaycan dili müzakirələri nitq mədəniyyətindən elmi qrammatikaya qədər ana dili ilə əlaqədar bütün əsas məsələlərin şərhi və dərkinin mötəbər tribunasıdır.

Xalqımız ölkəmizin tanınmış dilçi alimlərini, onların xidmətlərini və mövqeyini də Mədəniyyət kanalı vasitəsilə tanımaq imkanı qazanır. Mədəniyyət kanalının Azərbaycan dili auditoriyası hər hansı ali məktəbin filologiya fakültəsindən qat-qat genişdir" - deyə, İsa Həbibbəyli qeyd etdi.

Dövlət Televiziyasında yayımlanan mədəni, tarixi verilişlərə nəzərə salan görkəmli akademik vurğuladı ki, Mədəniyyət kanalının "Məclisi-üns" verilişləri XXI əsrin tele ədəbi məclisidir. Bu tele ədəbi məclisdə klassika və müuasir elmi düşüncə vəhdətdə təqdim olunur.

"Klassik ədəbi məclislərdən fərqli olaraq bu tele ədəbiyyat dərnəyinin iştirakçıları şairlər yox, ədəbiyyatçı elm adamlarıdır. "Məclisi-üns" proqrammı bədii yaradıcılıq prosesi ilə elmi-ədəbi mühitin ünsiyyətinin birgə televiziyasıdır. "Məclisi-üns" ekran ədəbiyyatının ədəbi məclisidir.

Klassik Azərbaycan ədəbiyyatının öyrənilməsi və təblicində "Məclisi-üns" proqramının müstəsna rolu vardır. "Məclisi-üns" AzTv-nin, Mədəniyyət kanalının mötəbər ədəbiyyat fakültəsidir.

Mədəniyyət kanalındakı "Muğam dünyası" verilişlərindən musiqi ekranının dünyasından Azərbaycan muğamının dünyasını görmək mümkündür. Tele muğam dünyası Azərbaycan muğamını dünyaya çatdırır, onun şöhrətini daha da artırır.

Yazıçı - publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun aparıcısı olduğu "Yaddaş" tarix klubu ciddi tarix dərsləridir. Bu verilişdən Azərbaycançılıq işığında tariximiz və xalqımız haqqında qiymətli və əhəmiyyətli söz eşitmək olur.

Mədəniyyət kanalını AzTv-nin maarifçilik proqramları külliyyatıdır. Bu mötəbər kanal müstəqillik dövrü Azərbaycan gerçəkliyinin güzgüsüdür".

"Azərbaycan televiziyası - AzTV yeni müstəqilliyimizin ilk müjdəçisi kimi həmişə xalqımızın milli maraqlarına xidmət etmiş və bu gün də belə bir missiyanı şərəflə yerinə yetirir. Bu televiziya öz tipoloji xarakterinə həmişə sadiq qalaraq milli-mənəvi dəyərlərimizi, dilimizin təmizliyi və zənginləşdirilməsi, tarixi yaddaşımıza ayrıca diqqət yetirməsi ilə tamaşaçı rəğbətini qazanıb. Mənim çox hörmət etdiyim Sadiq Elcanlı "525-ci qəzet"də dərc etdiyi silsilə yazılarında AzTV-nin tarixi xidmətlərinin publisist tədqiqatını təqdim edib. TV kanallarımızın hamısı AzTv-nin "şinel"indən çıxıb. Müasir günlərimizdə bu televiziyada müstəqilliyimizin uğurlarının, Azərbaycanın iqtisadi inkişafının işıqlandırıl-masında, ölkəmizin beynəlxalq aləmdə tanınması işində misilsiz rol oynamaqdadır" - deyə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədli bildirib.

"Çox doğru olaraq, AzTV-ni milli teleməkanda ana kanal kimi qiymətləndirirlər. Çünki müasir çoxsaylı TV kanallarımızın hamısı mənən bu kanalın "şinelindən çıxıb". AzTV həm tarixi birinciliyi ilə, həm də məktəb səviyyəsinə yüksəlmiş yaradıcılıq nümunəsi ilə bütün TV kanallarına örnəkdir.

İnformasiya texnologiyasının müasir inkişafı bir tərəfdən yaxşı hadisə kimi qiymətləndirilirsə, digər tərəfdən zəiflik göstərən xalqların milli-mənəvi dəyərlərini, özünəməxsus adət-ənənələrini, hətta milli dilini təhlükə altında qoyur. XXI əsrin çağırışları milli-mənəvi dəyərlər sistemini qorumaq və zənginləşdirmək kimi vacib bir problemə həssas yanaşma tələb edir. Biz bununla bağla ümidlərimizi ən çox AzTV-yə bağlayırıq. Bu televiziya milli dilimizin qorunması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə ən çox diqqət yetirən bir kanaldır. Onun efirində Azərbaycan dilinin inkişaf problemləri, iqtisadi cəhətdən güclü dövlətlərin dilinin milli dillərə ekspansiyası kimi ciddi təhdidlərə elmi-populyar reaksiyası çox güclüdür. Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Azərbaycan televiziyası və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əxlaqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəçisinə çevrilmişdir. Bu gün milli televiziya və radiomuz, sözün əsl mənasında, xalqın tribunasıdır". Heydər Əliyevin verdiyi bu qiyməti Azərbaycan televiziyası bu gün daha böyük xidməti ilə doğrultmaqdadır".

AzTV-nin bu günkü fəaliyyətinin peşəkarlıq göstəriciləri olan çox maraqlı proqramları olduğunu qeyd edən Cahangir Məmmədli bildirdi ki, "Yaddaş səhifələri" tariximizin silinməz izlərini, "Məclisi-üns" öz səviyyəli qonaqları ilə bədii söz dünyamızı, "Muğam dünyamız" milli musiqimizi, "Abidələrimiz" mədəni irsimizə daxil olan milli arxitektura faktlarımızı xalqın qürur mənbəyinə çevirməkdədir. Bütün bunlar qloballaşan dünyamızda gənclərin öz milli dəyərlərinə sahib çıxması istiqamətində çox böyük iş görməkdədir. Bu proqramlarda jurnalist peşəkarlığı, rejissor işi, mövzu seçimi və s. məsələlərin müasir səviyyəsi gənclərimizin Vətənə bağlılığını artırmaq işinə xidmət etməkdədir.

"Azərbaycan televiziyasının sadaladığım proqram formatları birbaşa ölkəmizin milli maraqlarına xidmət edir. SSRİ-nin süqutu, müstəqilliyimizin bərpasının ilk çağlarında jurnalistikanın "Qərb standartları" deyilən bir modelə aludəçilik hiss olundu. İstər nəzəri fikirdə, istərsə də praktik fəaliyyətdə jurnalistlərimiz, xüsusilə yeni yaranan bəzi kommersiya telekanalları, xalq dili ilə ifadə etsək, "küyə getdilər". Efirdə "sərbəst" dil, açıq-saçıqlıq, hər cür cılız mövzulara bənd olan tok-şoular, hətta klassiklərimizə hücumlar, milli mədəniyyətimizə etinasızlıq və s. kimi faktlar baş alıb gedəndə AzTV yeganə televiziya oldu ki, yalnız milli maraqlara söykəndi. Və bu, bir məktəb kimi digər kanallara da təsir etdi. Ermənistanın dövlət səviyyəsində terrorçuluq, işgalçılıq siyasətinin Qarabağda törətdiyi cinayətlərin dünyaya çatdırılması, azərbaycançılıq ideologiyasının tarixi kökləri və müasir səciyyəsi kimi fundamental mövzulara diqqət bu televiziyaya tamaşaçı sevgisinin əsasını təşkil edir. Bu gün Azərbaycan televiziyası həm öz efirində, həm də onun nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında milli-mənəvi dəyərlərimizi ləyaqətlə işıqlandıran, gənclərimizin Vətən, xalq, millət sevgisi ilə böyüməsinə təkan verən bir media faktıdır".

"İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə 1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu, 1956-cı il fevralın 14-də isə müsbət mənada hər bir evin "çağırılmammış qonağı" olan, "danışan güzgü" adlandırılan Azərbaycan Televiziyası tamaşıçıların, izləyicilərin görüşünə gəldiyini xatırlatdı.

"Belə desək, televiziyanın qarşısında yolu açan radio olub. Bu baxımdan hər iki tarix xalqımızın siyasi və mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, ictimai-siyasi, mənəvi-mədəni həyatının yüksəlişinə xidmət edib, milli-mənəvi, dini, əxlaqi dəyərlərimizin təbliğatçısına, arzu və istəklərinin ifadəçisinə çevrilib. İstər Azərbaycan Radiosu, istərsə də Televiziyası ilklərə imza atıb. Təbii ki, birinci olmaq, ilklərə imza atmaq zahirən asan görünsə də, böyük çətinliklərin, səylərin, ən əsası məsuliyyətin nəticəsidir. Bir Azərbaycan vətəndaşı olaraq ozümü dərk edəndən Azərbaycan Televiziyasının izləyicisinə çevrilərək, öncə uşaqlıq illərinin "hədiyyələri" kimi dəyərləndirilən verilişləri, cizgi filmlərini intizarla gözlədim, illər keçdikcə dövrün tələbinə uyğun olaraq istər ölkədə, istərsə də dünyanın dörd bir yanından gələn xəbərləri izlədim, bu gün isə ölkəmizin bu və ya digər sahədə qazandığı uğurların bələdçisi, eyni zamanda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin cəmiyyətimizin güzgüsü olan mətbuatın bir nümayəndəsi kimi ictimai-siyasi verilişlərin qonağı olanda illərin hər birimizin həyatına hansı möhrü vurduğunu görürəm. Düşünsək ki, bir saniyə, bir saat hər birimizin həyatında önəmli rola malikdir, bu halda fevralın 14-də 62 yaşını qeyd edəcək Azərbaycan televiziyasının keçdiyi yolu bir sual çərçivəsində əhatə etməyin mümkünsüzlüyü daha aydın görünür. Ümumiləşdirmə apardığım fikirlərdən biri budur ki, Azərbaycan Televiziyasının, Radiosunun vətəndaşların əsl vətənpərvər azərbaycanlı kimi yetişmələrində öz payı, rolu vardır.

Vüqar Rəhimzadə Azərbaycan Dövlət Televiziyasının yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yoluna nəzər salaraq bildirdi ki, fevralın 14-ü Azərbaycan Televiziyasının ilk dəfə tamaşaçılarla görüşdüyü gündür. "Zəngin inkişaf yolu keçən Azərbaycan Teleradiosu ölkə teleməkanında yenə də birinciliyini qoruyub saxlayır. Teleradionun uğurlu fəaliyyəti də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti kimi dəyərləndirən Ümummilli Lider onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirmiş, həyata keçirilən siyasətin, eyni zamanda əldə olunan uğurların bu tribunadan ölkə ictimaiyyətinə çatdırılmasına böyük əhəmiyyət vermişdir. Çünki Azərbaycan Televiziyası reallıqlara, baş verən hadisələrə, keçilən yola məhz xalqımızın gözü ilə baxıb. Baxmaqla yanaşı, eyni zamanda milli yaddaşa köçürərək, indiki və gələcək nəsillərə çatdırmaq üçün bir zəngin mənbə yaradıb. Azərbaycan Televiziyası bu gün də xalqın əsl tribunasıdır. O, cəmiyyətə həqiqətləri əsaslı şəkildə, heç bir inkara, qərəzə yol vermədən çatdırır".

"Son 14 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən yenilikləri, həyata keçirilən uğurlu islahatları, ölkəmizin davamlı inkişafını təmin edən əsas məqamları gündəlik fəaliyyəti əsasında ölkə ictimaiyyətinə çatdırır. 62 illik yol qət edən Azərbaycan Televiziyasının hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələrin, bütövlükdə dünya tamaşaçısıdır. Bu, böyük uğurdur. Bir sözlə, hər zaman liderliyini qoruyan doğma televiziyamızın amalı, məqsədi dəyişməzdir: Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasını yaradanların arasında millətimizin də imzasının olduğunu bəyan etmək, dünya azərbaycanlılarının həmrəyliyinə töhfə vermək".

Doğma televiziyamızın bu məqsədlərə hər zaman yüksək səviyyədə çatmasının səbəbi isə rəhbərliyin yüksək idarəçiliyi, kollektivin öz işinə məsuliyyətlə və peşəkarlıqla yanaşmasında gğrən Vüqar Rəhimzadə bildirdi ki, kiçik xatırlatma fonunda böyük fəxr hissi və inamla qeyd edə bilərik ki, ölkəmizin ilk telekanalı olan AzTV yaradıcılıq potensialı, həmçinin maddi-texniki bazası ilə inkişaf yolunda inamla irəliləyir. Sirr deyil ki, başlanğıc müəyyən çətinliklərlə yadda qalsa da sonrakı mərhələdə düzgün müəyyənləşdirilən təməl uğurların davamlılığına geniş yol açır.

Fürsətdən istifadə edərək əməkdar jurnalist Vüqar Rəhimzadə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovu, televiziyanın bütün kollektivini təbrik edərək, yeni-yeni uğurlar dilədi.

"Azərbaycan zəngin tarixə, mədəniyyətə malik olan ölkədir. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi məkana diqqət yetirsək, tariximizin, mədəniyyətimizin, milli-mənəvi, dini dəyərlərimizin təbliğinə nə qədər böyük ehtiyacın olduğunu görərik. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan gəncliyi sağlam düşüncəli gənclikdir. Onların düzgün istiqamətləndirilməsi, tarixini öyrənməsi, dilinə böyük hörmətlə yanaşması mütləqdir. Daim bu amal, məqsəd uğrunda çalışan Azərbaycan televiziyasının gənclərin maarifləndirilməsində xidmətləri böyükdür. Tariximizi, mədəniyyətimizi, tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətini özündə əks etdirən verilişlərin çəkilişi və cəmiyyətə təqdim olunması təbliğatın əsasıdır.

Azərbaycan gənclərini gələcəyimiz kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev onların potensial imkanlarından maksimum istifadənin vacibliyini bildirməklə yanaşı, eyni zamanda onlarda vətənpərvərlik hissinin daha da gücləndirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Vətənpərvərlik duyğularının gücləndirilməsi özündə bütün tələbləri birləşdirir. Doğma televiziyamız da bu missiyanın öhdəsindən yüksək səviyyədə gəlir" -deyə, Vüqar Rəhimzadə xüsusi qeyd etdi.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR