Uşaqların təhsildən yayınaraq əməyə cəlb edilməsi...

Valideyn məsuliyyətinin artırılmasını zəruri edir

Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində daha səmərəli addımlar atılır, işlər görülür. Məlumat üçün qeyd edək ki, keçən  müddət  ərzində  ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqların müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilib və bu sahədə davamlı islahatlar aparılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesab edir ki, həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib: "Qeyd edim ki, ölkə başçısının Sərəncamları ilə təsdiq edilən Gələcəyə Baxiş İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün  geniş imkanlar yaranıb. Son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən beynəlxalq  konfranslar bu məsələlərin dünya ölkələri üçün  nə qədər aktual olduğunu bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır. Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Hazırda iki miyon səksən dörd mindən çox ailə var. Yüzlərlə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var". Komitə sədri qeyd edib ki, ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Hökumət mütəmadi  zəruri tədbirlər həyata keçirir: "2006-cı ildən başlayaraq "Qadın əleyhinə zorakılığın dayandırılması!", "Ailədaxili münasibətlərdə milli mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti", "Nəsillərarası əlaqələr - ailədə milli dəyərlər" , "Müasirləşmənin ailəyə təsiri və rolu", "Ailə - dəyərlərimiz, ənənələrimiz", "Sağlam ailə sağlam gələcəyin təminatıdır", "Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu",   "Yaşlı nəslin təcrübəsindən faydalanaq", "Ailə, məktəb və cəmiyyət" , "Sağlam həyat naminə erkən nikaha yox deyək", "Bizim gücümüz birliyimizdədir", "Ailə Akademiyası" adlı layihələr reallaşdırılıb. Ənənəvi olaraq  9 ildir ki,  "Ailə bayramı" keçirilir və hər il bu bayramda  bütün Azərbaycanın rayonlarını təmsil edən, 100-ə yaxın ailə iştirak edir. Eyni zamanda, "Azərbaycan ailəsi" adlı filmlər festivalı uğurla davam etdirilib. 39-u xarici rejissorlar tərəfindən olmaqla, təşkilat komitəsinə 285 film təqdim edilib.  Bu lyihələrdə  əsas məqsəd ailə, milli-mənəvi dəyərlərin  təbliğidir.  Əgər 2006-cı ildə 9 tədbir keçirilmişdirsə,  2017-ci il də  bu tədbirlərin sayı artaraq 30 olub. Bu tədbirlərdən 3 mindən çox şagird, 10 mindən çox qadın və kişi, 2 mindən çox ağsaqqal və ağbirçək, 2200-dən çox əsgər və zabit heyəti, 1875 ailə faydalanıb.  Ümumuiyyətlə, hər sahə üzrə keçirilən tədbirlərin sayı 2006-ci ilə nisbətdə 10 dəfə artıb.   2009-cu ildən başlayaraq, Komitənin  Uşaq və Ailələrə Dəstək Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. 2009-cu ildən 2017-ci ildə daxil olmaqla  Mərkəzlərin fəaliyyətindən 87 965  vətəndaş  bəhrələnib. Uşaq və Ailələrə Dəstək Mərkəzləri  tərəfindən mütəmadi olaraq, qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar-treninqlər, peşə kursları təşkil edilir. Bunun müsbət nəticələri ailələrin sayı artması, qanunvericilikdə dəyişikliklərin edilməsi, erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayının azalmasına nail olunub. Ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə 2084 500 olub.  2003-cü  ildə hər 100 000 nəfər diri doğulana ana olümü 34,2 promil təşkil edirdisə, 2016-cı ildə 13,8 promil təşkil etmişdir. Əhalinnin hər 1000 nəfər diri doğulana körpə ölümü 2003-cü  ildə 15,5, 2016-cı ildə isə 11,4 promil olub. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında   qızlar və oğlanlar üçün  nikah yaşı 18-ə  qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına" və bir sira digər Dövlət Proqramları təsdiq edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə  edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər  valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu  və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunları qəbul edilib". Hicran Hüseynova deyib ki, ölkəmizdə  hər zaman qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər: "Bu il  bizim üçün çox əlamətdardir.  Tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və ilk dəfə olaraq müsəlman  Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd edilir.   müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verən ilk ölkədir. 100 il əvvəl nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrində və ABŞ-da qadınların belə bir hüququ yox idi. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 117 il bundan qabaq Bakıda yaradılıb. Azərbaycan qadını öz fəaliyyətini  maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və  ənənələri də nəzərə almaqla davam etdirir.  Bu qadınlar  bütün tarixi dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini veriblər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun  mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır". Komitə sədri qeyd edib ki, müstəqillik əldə etdikdən sonra qadın hərəkatının yeni mərhələsi başlandı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda qadınların rolunun artırılması", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı: "Qadınların ictimai - siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.  Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir,  bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır.  Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması ilə bağlı Respublikanın bir sıra rayonlarına səfərlər təşkil olunub. Əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilib. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" (2006- cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası Qanunları qəbul olunub. Qeyd etmək lazımdır ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın  məhz  bu Qanunun qəbul edilməsində  xüsusi təşəbbüsü və rolu olub".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR