Dilə zərbə vuranlar

Bir qərinə öncəydi, orta məktəbin buraxılış sinifində ədəbiyyatdan dövlət imtahanı verirdik. İnşa yazmalıydıq. Üç mövzu təklif olunmuşdu.

Mən sərbəst mövzunu seçdim. Müəllimlərimiz eyham etdilər ki, köçürə bilərik. Razılaşmadım, "özüm yazacam" dedim.

Düşünürdüm ki, məktəbin ən yaxşı divar qəzetinin redaktoruna üzündən köçürərək "inşa yazmaq" yaraşmaz. 
Yazdım. Qiymətim 5\4 yazıldı.

5\5 olmadığına etiraz etdim. Səhvimi göstərdilər. Bir yerdə "mücəssəmə" yazmışdım, üstündən xətt çəkmişdilər. Dedilər, "mücəssimə" olmalıdır. Etirazım, "elə deyil axı, mən o sözün məhz "mücəssəmə" olduğunu dəqiq bilirəm" deməyim yekəbaşlıq kimi yozuldu. Qiymətim dəyişmədi.

O bir sözə görə qiymətimin kəsilməsi hələ də yadımdan çıxmır.

Amma indi müəllimləri qınamıram. Çünki müxtəlif dilçilər, orfoqrafiya komissiyaları hər zaman dilin, onun qrammatikasının başına oyun açırdılar, yenə də açmaqdadırlar.

Görünür, müəllimlərimin zamanında o söz "mücəssimə" şəkilndəymiş, sonradadan dəyişiblər. Nəticədə onlar da haqlıydı, mən də.

Hazırda bu xüsusda aləm bir-birinə qarışıb. Gah düzgün variantın "kompyuter" olduğunu deyirlər, gah da "kompüter". 30 ilin yazı-pozu adamı olaraq yeri gələndə bilmirəm "əskinas" yazım, yoxsa "əsginaz".

Hələ "əsgər", "işgəncə" kimi sözlərin də dəyişdirilib, haldan-hala salınacağı bildirilir.

Bu, dildə bir xaos yaradacaq. İnsanlar heç cür bilməyəcəklər ki, sözün düzgün yazılışı necədir. Hər kəs bir lüğətə, bir qərara istinad edəcək. 
İndiyədək bizim dil bir sıra başqa dillərdən onunla fərlənirdi ki, durğu işarələri, tire-defis, böyük hərf, kiçik hərf məsələləri dəqiq idi. Hamımız bilirdik ki, ümumi isimlər və cəm şəkilçisi almış xüsusi isimlər kiçik hərflə başlanıb yazılır.

İndi əslində ümumi isim olan vəzifə adlarının bəziləri böyük hərflə yazılmağa başlanıb. Məsələn, "baş nazir" sözü. Artıq söz birləşməsindəki iki sözünün ikisinin də böyük hərflərlə başlanıb yazılması nəzərdə tutulur. Arqument belədir ki, ölkədə bir baş nazir var. Elədir. Amma dünyada 200-ə qədər iş başında olan, minlərlə də keçmiş baş nazir var. Deməli, bu ümumi isimdir.

Başqa sözlə, dünyada dağ çoxdur, amma onun biri Kilimancarodur, Everestdir, Himalaydır. Demək, biz "Himalay Dağı" yaza bilmərik, dağ ümumi isimdir, onun adının Himalay olması isə artıq xüsusiləşib. Bu baxımdan "Himalay dağı" yazmaq düzgün olacaq.

Eyni meyar dəniz, okean, çay və digər xüsusi isimlər daşıyan coğrafi və ya qeyri-coğrafi məkanlara da aiddir. İnsan adları xüsusi isimdir, vəzifə adları isə ümumi.

Necə ola bilər ki, "baş prokuror" ifadəsi "Baş prokuror" kimi yazılsın, amma "baş çoban" kəlməsi elə olduğu kimi? O prokurorların başçısıdırsa, bu da çobanların başçısıdır. Yox, burda yalnız vəzifənin yüksəkliyi, önəmi, nüfuzu nəzərə alınırsa, onda bunu dilin, orfoqrafiyanın, qrammatikanın zorlanması hesabına etmək lazım deyil.

Ümumiyyətlə, dil üzərində süni eksperimentlər aparmağa ehtiyac yoxdur. Dil öz-özünü tənzimləyir. Hər il leksikonumuza neçə-neçə yeni söz daxil olur, neçəsi də unudulub gedir.

Jurnalist həmkarım Faiq Balabəyli tez-tez sosial şəbəkədə unudulmaqda olan sözləri yazır, onların nə məna daşıdığını izləyicilərindən soruşur, müzakirə gedir. Ortaya maraqlı şeylər çıxır. Belə anlaşılır ki, biz o sözlərin çoxunun mənasını bilirik, amma dialekt sözü hesab edib işlətmirik, onların yerinə "spontan", "preambula", "kreativ", "ekssentrik" və sair və ilaxır qəliz sözlər işlədirik - həm dəbdir deyə, həm də savadlı görünmək üçün.

Ancaq o sözlərin bir xeylisi heç də şivə sözləri deyil, çünki Astaradan, Tovuzdan, Xaçmazdan, Füzulidən, Salyandan olan şəxslər iddia edirlər ki, həmin söz məhz onların mahalında da işlənir. Deməli, bu sırf millətimizin dilinə məxsus sözdür.

Bu günlərdə Anadolu türkcəsində oxuduğum bir kitabda "yayqara" sözünə rast gəldim. Mənasını incələdim və gördüm ki, bu bizim kənddə işlədilən "vayqara" sözüylə identik mənanı verir. Demək, bu söz böyük türk dilinin qədim sözlərindən biridir, sadəcə, işlədilməsi o qədər azalıb ki, dialekt kəlməsi hesab olunur. ("Vayqara" necə gəldi edilən bir hərəkətə deyilir, məsələn, pianonu ordan-burdan dınqıldatmaq, daşı, gülləni hədəfə yox, elə-belə bir istiqmətə atmaq və s.).

Uzun sözün kəsəsi, dili sərbəst buraxmaq, qayda-qanunlarını tez-tez dəyişdirməmək, zorla süni sözlər yaratmamaq, alınma sözlərin hamısını mütləq şəkildə tərcümə etməmək lazımdır. Yeni nəslin onsuz da bərbad olan qrammatik savadlarını bir az da bərbad etmək lazım deyil.

P.S. Bəzi həmkarlara məsləhət: "hərbi hava qüvvələri", "ticarət mərkəzi", "informasiya agentliyi", "kütləvi informasiya vasitələri" kimi söz birləşmələrində bütün hərflər kişik yazılmalıdır, abbreviaturaya alındıqda isə HHQ, KİV, İA yazmaq olar.

P.P.S. "Mücəssəmə" kimi sözlərdən isə yavaş-yavaş imtina etmək gərəkdir, dilimizi ağırlaşdırır.

Xalid KAZIMLI

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR