Azərbaycanda müstəqil mətbuat formalaşıb

Anar Bayramoğlu: "Medianın cəmiyyətdə rəy formalaşdırması üçün zərgər dəqiqliyi ilə işləməliyik"

Azərbaycanda müstəqil mətbuatın mövcudluğu heç kimə sirr deyil. Üstəlik ölkədə fikir, söz, məlumat və ifadə azadlığı təmin edilməkdədir. Hazırda ölkəmizdə bu prinsiplər qorunub-saxlanılır və inkişaf etdirilir. "Şərq" qəzetinin redaktoru Anar Bayramoğlu da Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.

 - Anar müəllim, Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirirsiniz?

- Ümumilikdə götürəndə mətbuatımızın vəziyyətini qənaətbəxş saymaq olar. Təbii ki, zaman-zaman müəyyən problemlər ortaya çıxır. İstər medianın peşəkarlığı baxımından, istərsə də maliyyə sarıdan. Peşəkarlıq məsələsindən danışsaq, bu sahədə yaranan problemlərə görə mən günahı elə jurnalistlərdə görmüşəm. Bəzən belə deyəndə, mətbuatda olan tanışlarım, dostlarım qınayırlar, bunun düzgün yanaşma olmadığı iddiasını irəli sürürlər. Amma yazılan mövzulara, xüsusən də məsələlərə yanaşmalarda qeyri-peşəkarlıq göstərən müxbirlər, jurnalistlər var. Bu da əsasən internet mediasındadır. Qəzet şinelindən çıxmış jurnalistlər və ya, qəzetlərdə hazırda çalışan jurnalistlər hesab edirəm ki, daha peşəkardılar. Özüm qəzet jurnalisti olduğuma görə demirəm, ümumi mənzərəyə fikir verdikdə bu qənaət ortaya çıxır. Hesab edirəm ki, saytda çalışan qələm dostlarımız daha çox peşəkarlaşmaq üçün üzərlərində çalışmalıdırlar. Düşünürəm ki, Azərbaycanda ciddi media rəhbərləri bir araya gəlib, ölkəmizdə medianın inkişafı üçün daha da irəli gedə bilərlər. Bu gün bəzi dostlardan soruşsan ki, Azərbaycanda medianın vəziyyəti necədir? Bir qism deyəcək ki, hər şey çox gözəldir. Bəziləri isə vəziyyətin çox bərbad olduğunu deyəcəklər. Mən bunların heç birini qəbul etmirəm. Bütün hallarda Azərbaycanda cəmiyyətin vəziyyəti medianın vəziyyəti ilə eynidir. Bizim cəmiyyətdən önə keçmək və ya ya arxada qalmaq şansımız yoxdur. Biz də cəmiyyətin bir hissəsiyik.
İqtisadi baxımdan isə mətbuatın vəziyyəti elə də ürəkaçan deyil. Deyə bilərsiz ki, jurnalistlərə dövlət tərəfindən qayğı göstərilir, onlar mənzillə təmin olunurlar və s. Təbii bununla razıyam. Mətbuat əhlinin ən böyük problemi mənzil idi ki, dövlətimiz bu problemi aradan qaldırmaq üçün addım atdı. İlk tikilən binadan 156, 2-ci binadan 256 jurnalist mənzilə sahib oldu, ən böyük sosial problemini dövlətimiz, dövlət rəhbərliyimiz həll etdi. Bu proses davam edir, 3-cü binanın inşasının təməli qoyulub, yəqin ki, yaxın illərdə 256 jurnalist də ev problemini həll etmiş olacaq. Jurnalistlər üçün inşa edilən mənzil məsələsi təqdirəlayiqdir. Dünyanın heç bir ölkəsində dövlət tərəfindən jurnalistlərə pulsuz mənzil verilmir. Burada əsas məsələ mənzil verilən jurnalistlərin qarşısında heç bir şərtin qoyulmamasıdır. Yəni, mənzil verilən jurnalistlərin qarşısında sərbəst yazmaları ilə bağlı heç bir şərt və ya məhdudiyyət qoyulmur. Mənzillər sırf ölkə başçısının göstərişi və dövlət vəsaiti hesabına tikilib ehtiyacı olan jurnalistlərə verilir. Yenə deyirəm, bu çox gözəl addımdır. Amma media əhlinin maaşı çox aşağıdır. İşlədikləri müqabilində, əməkhaqları azdır. Bu təbii ki redaksiyaların, baş redaktorların günahı deyil. Mətbuatın satış imkanları aşağıdır. Xüsusən də qəzetlərin satışı zəifdir. Bunun səbəbi nəşr olunan qəzetlərin keyfiyyətində, yazıların maraqlılığında deyil. Qəzetlər kifayət qədər maraqlılığı qorumağa çalışır, əhatəli təhlilləri dərc edirlər. Maraqlı informasiyalar səhifələrində yerləşdirirlər. Sadəcə məhsulu cəmiyyətə təqdim etmək üçün bazar problemi var. Eyni zamanda reklam problemi var. Azad bazar iqtisadiyyatı olsaydı, qəzetlər də, elektron media da, bu reklamdan yararlana bilərdi. Bununla jurnalistlərin sosial vəziyyəti yaxşı olardı.

-Amma elektron medianın çap mətbuatını sıradan çıxardığını iddia edənlər də var...

- Mən bu fikirlə razılaşmıram. Müəyyən baxımdan internet media üstələyə bilər, informasiyanın daha tez verilməsi baxımından. Amma sıradan çıxarmaq doğru yanaşma deyil. Bu qüsurlu iddiadır hətta. Bizim internet mediamız Rusiya və ya Türkiyə mediasından heç də öndə deyil. Amma bu adlarını çəkdiyim qonşu ölkələrdə, qəzetlər hələ də nəşr edilir. Məsələn "Hüriyyet" qəzetinin elektron versiyası var, kifayət qədər də maraqlıdır, oxunaqlıdır. O zaman "Hüriyyet" qəzet olaraq çap olunmasın da. Və yaxud da "Komsomolskaya pravda", "Arqument i Fakt" qəzetləri. Sadəcə qəzetlər düşünürəm ki, informasiya siyasətində dəyişiklik etməlidirlər. O baxımdan ki, bu günün xəbərini, qəzet sabah verir ki, bu da təbii ki, oxucuya maraqlı olmayacaq. Çünki artıq oxucu o xəbərlə tanışdır. Amma qəzet həmin xəbəri şərhi ilə, təhlili ilə dərc etsə, maraqlı olacaq.

- Sizcə, medianın ictimai rəyə təsiri qənaətbəxşdirmi?

- Azərbaycan mediasının cəmiyyətdə rəy formalaşdırması, ictimai fikrə təsir etməsi başqa məsələdir. Ona görə bu kimi məqamlarda hər birimiz zərgər dəqiqliyi ilə işləməliyik. Bu məsələdə şəxsi mənafedən, sifarişdən, üzdə bir cür, arxada başqa şəkildə görünməkdən uzaq olmalıyıq. Ana xəttimiz müstəqil Azərbaycan olmalıdır. Əks halda böyük tarixi olan "Əkinçi" ənənələrinə qarşı çıxmış oluruq. Bilirsiniz, indi dünyada güclülər tarixə istinad etmirlər. Bu, yanlışdır, yoxsa doğru məsələ ətrafında uzun müzakirələr aparmaq olar. Amma bu, həm də çağdaş dünyamızın gerçəkliyidir. Bəli, tariximizlə fəxr etməliyik, amma düşüncələr dünəndə ilişib qalmamalıdır. Sənin tarixin var, çox yaxşı, amma sən o tarixi kağız üzərində deyil, olduğu kimi gələcəyə apara bilməyəcəksənsə, problemlər olacaq. Media o tarixi gələcəyə aparmaq üçün var gücü ilə çalışmalıdır.

- Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə müsbət təsir göstərib?

- Müsbət təsirlərini qeyd etmək mümkündür. KİV haqqında qanuna edilən dəyişikliklər mühümdür. Bu dəyişikliklər yavaş-yavaş jurnalistlərin daha sərbəst yaza bilməsi, fikirlərini paylaşa bilməsinə gətirib çıxarır. Bəzən bildirilir ki, jurnalistlərə dövlət ev verdi, söz azadlığını əlindən aldı. Bu yalnış yanaşmadır. Şəxsən mən dövlətim tərəfindən, dövlət başçımızın sərəncamı ilə 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif olunmuşam. Bu ilin yayında isə, yenə də dövlətim tərəfindən sosial vəziyyətim nəzərə alındı, mənzillə təmin olundum. Amma mənə kimsə demədi ki, fikirlərini dəyiş, filan məsələdən yaz, filan məsələdən yazma. Demək ki, dövlətin mükafatlarını almaq heç də söz azadlığının məhdudlaşdırılması deyil. Cənab prezident də bildirdi ki, mənzillər jurnalistlərə, qayğılarından bir az da uzaqlaşmaq, yaxşı yazılarla, informasiyalarla cəmiyyəti təmin etmək, ümummilli problem olan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini daha yaxşı işıqlandırmalarına görə verilir. Biz də çalışmışıq, çalışırıq ki, dövlətimizə, dövlətçiliyimizə üçün qələmimizlə xidmət edək. Milli maraqlarımızı öz yazılarımızla müdafiə edək.

- Azərbaycanda sosial medianın inkişafını necə dəyərləndirisiniz?

- Sosial media ilə bağlı fikirlərimi qismən də olsa bildirdim. Sosial media təbii ki önəmlidir. Zamanın tələbi ilə, medianın bu seqmenti inkişaf etməlidir. Hesab edirəm ki, internet mediası peşəkarlığını qaldırmalıdır, daha önəmli, daha ciddi məsələlərə yer ayırmalıdır. Bu gün fikir versəniz görərsiz ki, internet media əsasən şouya meyilli xəbərlərə üstünlük verirlər. Bu onlarda qeyri-ciddi imic formalaşdırır. Əlbəttə cəmiyyətin bütün təbəqələrini nəzərə almaq lazımdır, vacibdir. Şouya maraqlı olan kəsimin şou xəbərini verməlisən, siyasətə maraqlı olan insanlara siyasi xəbərləri, idmana, maraqlı olanlara da idman xəbərlərini verməlisən. Yəni, əhatəliliyi qorumalısan. Amma gün ərzində 50 xəbər istehsal edirsənsə, onun 25-i şou xəbəri olursa, hansısa müğənnilərin davasını "yenilənib" deyərək gündəmdə saxlayırsansa bununla inkişaf olmayacaq. Balans pozulacaq və zamanla sayt olaraq, media qurumu olaraq sıradan çıxacaqsan. Cəmiyyət şou xəbəri istəyir deyib, haqq özümüzə haqq qazandırmağa çalışmayaq məncə. Cəmiyyət medianı yox, media cəmiyyəti yönləndirməlidir. Sən cəmiyyətə müğənnilərin intim həyatından bəhs edən yazıları mütəmadi olaraq ötürürsən, sonra da deyirsən cəmiyyət bunu istəyir. Bu ədalətsiz yanaşmadır. Hesab edirəm ki, internet medianı inkişaf etdirmək üçün, ilk öncə mütərəqqi proqram olmalıdır. O proqrama uyğun da, baş direktorlar, redaktorlar media siyasəti formalaşdırmalıdırlar. Həmçinin istər qəzet jurnalistləri, istər də elektron media işçiləri öz üzərlərində çalışmalıdırlar, təcrübə qazanmalıdırlar. Müxtəlif xarici media orqanlarında təcrübə keçməlidirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR