Ölkədə yüzlərlə informasiya vasitələrinin fəaliyyət göstərməsi fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin göstəricilərindən biridir

Sona Əlizadə: "Təəssüflər olsun ki, zaman keçdikcə, daha çox məlumatlar elektronlaşdıqca, qəzetlərə olan tələbat  azalır"

Ölkədə fikir, söz. məlumat və ifadə azadlığı, plüralizmin mövcud durumu, bu istiqamətdə görülən işlər, eləcə də dövlətin media, mətbuata göstərdiyi diqqət və qayğı ilə əlaqədar olaraq "Bizim Gənclik" İctimai Birliyinin sədri Sona Əlizadənin "OLAYLAR"-a müsahibəsi

-Sona xanım, siz vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq müntəzəm şəkildə kütləvi informasiya vasitələrinin nümayəndələri, media təmsilçiləri ilə təmasda olursunuz. Bu baxımdan günümüzdə Azərbaycanın media məkanı, mühitini necə xarakterizə edərdiniz?

-Doğru buyurursunuz ki, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatının nümayəndəsi olaraq fəaliyyətimizlə əlaqədar tez-tez kütləvi informasiya vasitələri ilə yaxından təmasda oluruq. Zaman-zaman yerli kütləvi informasiya vasitələrində yazılarımız, müsahibələrimiz dərc edilir. Media, kütləvi informasiya vasitələri ilə təmaslarımız, söhbətlərimiz, eləcə də mətbuatda bizimlə əlaqədar olaraq dərc edilən məqalələr bir neçə vacib nüansı ortaya çıxarır.

-Hansılardır həmin vacib nüanslar?

-Birinci nüans ondan ibarətdir ki, media, kütləvi informasiya vasitələri, qəzet və jurnallar cəmiyyət üçün aktual olan, onun maarifləndirilməsinə xidmət edən, eləcə də cəmiyyəti narahat edən problemlərin işıqlandırılması, onun ictimailəşdirilməsində maraqlıdır. Eyni zamanda mətbuat, kütləvi informasiya vasitələri həmin mövzuları təbliğ etməkdə, bəzi sahələrdə mövcud olan çatışmamazlıqların həllində maraqlıdır, dəstəkverici bir qüvvədir. Bir sözlə media, kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsüdür. O güzgü şəffaf olub hadisələrə obyektiv və qərəzsiz də yanaşa bilər, çirkli, natəmiz olub özünəməxsus tərzdə, qərəzli şəkildə cəmiyyətə çatdıra da bilər. Sevindirici hal ondan ibarətdir ki, günümüzdə Azərbaycan cəmiyyətində ikincilər azlıq təşkil edir. Daha çox birinci kateqoriyadan olan kütləvi informasiya vasitələri, media qurum və quruluşları fəaliyyət göstərir. İkinci nüans ondan ibarətdir ki, media və həmin media qurumlarının təmsilçiləri hər hansı bir məsələyə, lap elə deyək "Bizim Gənclik" İctimai Birliyinin həyata keçirdiyi və maarifləndirmə xarakteri daşıyan hansısa layihəsinin təbliğinə, onun işıqlandırılmasına azad, müstəqil şəkildə yanaşır, maraq göstərir. Hansısa kütləvi informasiya vasitəsinə, yaxud media təmsilçisinə kimsə, hamsısa qüvvə diqtə etmir ki, bu və ya digər qeyri-hökumət təşkilatını təbliğ etsin, onun layihələrini ictimailəşdirsin. Görünən odur ki, Azərbaycan mühitində belə bir mənfi tendensiya müşahidə edilmir.

Nəhayət üçüncü nüans, yuxarıda qeyd etdiyimiz iki nüansın ümumiləşdirilmiş formasıdır. Bu isə o deməkdir ki, sadaladığımız məqamlar Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının mövcudluğunun göstəricisidir.

-Yəni fikirlərinizdən anlaşılan odur ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizm mövcuddur.

-Tamamilə doğru buyurursunuz. Fikir, söz, məlumat, ifadə azadlığı və plüralizmin mövcudluğunu şərtləndirən, onun təminatını təsdiqləyən əsas meyarlar, göstəricilər hansılardır, nələrdir? Əvvəla buna diqqət yetirək. Birincisi, ölkədə çoxsaylı media qurum və quruluşları, kütləvi informasiya vasitələri, mətbu orqanların fəaliyyət göstərəməsi. Azərbaycanda bu sahədə mövcud durum, vəziyyət kifayət qədər məqbul, qaneedicidir. Bu gün Azərbaycanın media cameəsinə, kütləvi informasiya vasitələri sahəsinə diqqət yetirsək görərik ki, ölkədə kifayət qədər mətbu orqan, qəzet və jurnallar, eləcə də elektron media vasitələri fəaliyyət göstərir. Bu media, mətbuat qurumları, qəzetləri və digər informasiya vasitələri sırasında həm iqtidaryönlü mətbu orqanlar, həm müxalifət düşərgəsini təmsil edən kütləvi informasiya vasitələri, həm də müstəqil qəzet və jurnallar mövcuddur.  Bu Azərbaycanın media palitrasını əks etdirir. Ölkədə yüzlərlə media orqanı, qəzet və jurnalların, digər informasiya vasitələrinin fəaliyyət göstərməsi təbii ki, həmin ölkədə, bir qədər də dəqiqləşdirsək Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edildiyinin başlıca göstəricilərindən biridir. Onu da qeyd etmək lazımdır ki, ölkədə kütləvi informasiya vasitələri, qəzet və jurnallar, elektron media resurslarının sayı da gün-gündən artır. Bunun özü də fikir, söz, məlumat və ifadə azadlığının Azərbaycanda inkişaf etdiyindən xəbər verir.

Ölkədə fikir, söz, ifadə və məlumat azadlığının mövcudluğunu təsdiqləyən, onu şərtləndirən digər bir amil yazılı və elektron media qurumlarının müstəqilliyi, öz ifadə, mövqeyini azad, sərbəst şəkildə ifadə edə bilməsidir. Hər kəsə bəllidir ki, bu gün ölkədə fəaliyyət göstərən hər bir kütləvi informasiya vasitəsi nümayəndəsi öz fikrini, mövqeyini çalışdığı media qurumunda azad və müstəqil şəkildə ifadə edə bilir.  Jurnalist yazdığı hər hansı bir məqalə, ictimailəşdirdiyi hansısa məsələyə görə təzyiqə məruz qalmır, təqib edilmir, ona hər hansı bir təsir olmur. Tam əksinə, bir çox hallarda kütləvi informasiya vasitəsinin nümayəndəsi cəmiyyəti narahat edən bir problemi, yaxud hansısa sahədə mövcud olan çatışmazlığı ictimailəşdirdiyi, gündəmə gətirdiyi üçün təqdir edilir, dəstəklənir. Bir müddət əvvəl şəhərin mərkəzində qeyri-qanuni şəkildə tikinti işlərinin aparılmasının kütləvi informasiya vasitəsində qabardılması və dərhal bu məsələyə ən yüksək səviyyələrdə belə reaksiya bildirilərək həmin ərazidə tikinti işlərinin dayandırılması, yaxud Yasamal rayonu ərazisində yol verilən qanunsuzluqlar və bunun mətbu orqanlar tərəfindən ictimailəşdirilməsindən sonra dövlət başçısının Yasamal Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad etməsi, eləcə də generallardan birinin övladının ictimai asayişi pozaraq avtobus sürücüsünə fiziki güc tətbiq etməsinin nəticəsi olaraq həmin hərbi rütbəli şəxsin öz postunu itirməsi fonunda biz bunu aydın şəkildə görürük. Yəni, ortada olan mənzərə ondan ibarətdir ki, media, kütləvi informasiya vasitəsinin nümayəndəsi çalışdığı media qurumunda öz fikrini, mövqeyini azad, sərbəst şəkildə ifadə etməkdədir, ona müstəqil, sərbəst şəkildə fikir bildirmək, mövqe ortaya qoymaq kimi çalışmalarına qarşı heç bir adekvat addım atılmır, təzyiq göstərilmir. Əksinə qeyd etdiyim kimi media təmsilçiləri cəmiyyəti narahat edən hansısa problemi ictimailəşdirdiyinə görə bir qayda olaraq təqdir olunur, alqışlanırlar. Hətta ən yüksək səviyyədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səviyyəsində belə jurnalistlərin hansısa bir mövzunu ictimailəşdirməsi, onu gündəmə gətirməsi dəstək qazanır. Bunu dövlət başçısı öz çıxışlarında, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirdiyi görüşlərdə də açıq şəkildə ifadə edir. Cari ilin iyul ayında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tikilmiş yeni hündürmərtəbəli yaşayış binasının açılış mərasimindıə çıxışı zamanı da dövlət başçısı bir daha jurnalistlərin qeyd edilən istiqamətdəki fəaliyyətinə toxunaraq onları təqdir edib, media təmsilçilərinin bu kimi əaliyyətlərini müsbət qiymətləndirib. Həmin təntənəli mərasimdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev jurnalistlərin fəaliyyətini qiymətləndirərkən qeyd edirdi: " Jurnalistlər əlbəttə ki, fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".

Və nəhayət, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsini təsdiq edən məqam dövlətin, dövlət rəhbərliyinin bu məqsədə xidmət edən addımlar atmasıdır. Hər kəsə bəllidir ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn gündən etibarən Azərbaycanda medianın, mətbuatın inkişafı istiqamətində məqsədyönlü addımlar atmağa başladı. Senzuranı ləğv etdi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarını dondurdu. Ümummilli liderdən sonra ölkəni idarə edən Cənab Prezident İlham Əliyev də öz növbəsində ölkədə medianın inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atdı. Hazırda da eyni müsbət tendensiya davam edir. Qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının tamamilə ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, müntəzəm olaraq KİV-lərə birdəfəlik yardımların ayrılması, Milli Mətbuatın ildönümü ərəfəsində media nümayəndələrinə fəxri adların verilməsi, ən nəhayət jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış binalarının tikintisi dövlətin, ən əsası dövlət başçısının  mediyaya, mətbuata, bunun fonunda isə fikir, söz, ifadə və məlumat azadlığına verdiyi dəyərin, önəmin göstəricisidir.   

Bütün bunlarla yanaşı bir etirafı da etmək lazımdır ki, təəsüfflər olsun zaman keçdikcə, daha çox məlumatlar elektronlaşdıqca, qəzetlərə olan tələbat  getdikcə azalır. Təbii ki, biz yeniliklərin, qloballaşmanın tərəfdarıyıq, lakin gənclər təşkilatının rəhbəri kimi gənclərə və bütün oxuculara çağırışım varlığını Azərbaycan və onun mətbuatının inkişafına bağlamış dahi Həsən bəy Zərdabinin irsini unutmamaq, yerli qəzetlərə dəstək olmaqdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR