Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılıb

Təkcə bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir

Azərbaycanda söz və mətbuat azadlığı sözün həqiqi mənasında təmin olunmaqdadır. Ölkənin kütləvi informasiya vasitələrinin keçdiyi yola nəzər saldıqda dövlətin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətlə tanış olmaq imkanı yaranır. Artıq Azərbaycanda söz və mətbuat sahəsində əldə edilən uğurlar bir çox xarici ölkələr üçün münunə hesab oluna bilər. İstər kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dəstək, istərsə də media təmsilçilərinin sosial rifahının yüksəldilməsinə hesablanmış layihələr dünya miqyasında ilklərdən hesab olunur. Kütləvi informasiya vasitələrinin sərbəst və azad şəkildə fəaliyyətini təmin etmək, onların maddi-texniki bazasının yaradılması məqsədilə  göstərilən dəstək, eləcə də jurnalistlərin mənzil-məişət şəraitinin yaradılması istiqamətində atılan addımlar dediklərimiz bir daha təsdiqləyir. Bu isə o deməkdir ki, dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbədən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Bu sahənin fəaliyyətini tənzimləyən beynəlxalq standartlara uyğun  qanunvericilik bazasının yaradılması isə ölkə mediasının beynəlxalq aləmə inteqrasiyasına əlavə şərait yaratmış olur. Sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması sahəsində xeyli işlər görüb. Ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, milli qanunların beynəlxalq sənədlərə uyğunlaşdırılması isə mətbuatın sərbəst fəaliyyətinə əlavə töhvə verib.

Millət vəkili Rəfael Hüseynov bildirib ki, bu gün Azərbaycanda mətbuat sahəsində 10 mindən artıq insan fəaliyyət göstərməkdədir: "Azərbaycanın ilk anadilli qəzeti isə 1875-ci ildə yaranıb və həmin səbəbdən də hər il iyul ayının 22-si mənim ölkəmdə Mətbuat Günü kimi bayram edilir. Lakin XIX əsrin 30-cu illərində Qafqazda nəşr edilmiş qəzetləri araşdırarkən onu da görürük ki, Azərbaycan peşəkar jurnalistikası daha əvvəl fəaliyyətə başlayıb və artıq onun yaşı 190 ilə yaxınlaşır. Lakin bu qədər uzun bir tarixin təəssüf ki, yalnız 25-26 ili ərzində Azərbaycan mətbuatı siyasi senzuranın nəzarətindən kənarda, sərbəst bir şəraitdə mövcud olub. Əlbəttə, bu da aydındır ki, heç vaxt və dünyanın heç bir yerində kütləvi informasiya vasitələri və jurnalistlər tam azad ola bilmir, onların sona qədər sərbəst olmalarını məhdudlaşdıran hansısa amillər mütləq ortaya çıxır, müəyyən asılılıqlar hökmən nə şəkildəsə üzə çıxır. Ona görə də bütün dövrlər, o cümlədən indiki daha sərbəst fəaliyyət imkanlarının ortada olduğu, mətbuatda ifadə azadlığının imkanlarının daha genişləndiyi zamanda da ən vacib amil kimi jurnalist peşəkarlığı məsələsi ortada durur. Çünki təcrübə göstərir ki, jurnalistin peşəkarlığı və intellektual imkanları yüksək, yazmaq, nümayiş etdirmək qabiliyyəti üstün olduqca, o, çox əlverişli bir vəziyyət qazanmış olur. Yəni, həm düşündüyünü, ifadə etmək istədiyini ictimailəşdirmək üçün münasib forma tapa bilir, həm də özünü mümkün təhlükələrdən qorumağı bacarır: "Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə keçmiş sovet məkanı və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Belə ki, Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata  götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Yəni, bunlar 10 milyon əhalisi olan bir ölkənin çap mətbuatı şəbəkəsini təşkil edir ki, zənnimcə, kifayət qədər əhatəli və rəngarəng bir palitranın olmasını hər kəs təsdiqləyər".

Azərbaycanda medianın inkaf prespektivlərinə toxunan millət vəkili qeyd edib ki, ölkədə çap mediası ilə yanaşı, elektron kütləvi informasiya vasitələri də sərbəst fəaliyyət göstərməkdədir: "Mənim həyatım ilk gənclik illərindən Azərbaycanın radio-televiziya məkanı ilə bağlı olub. Universitet illərindən başlayaraq radio və televiziyada daimi proqramlar aparmağa başlamışam ki, artıq onları 40 ildən artıqdır davam etdirirəm. 1970-ci illərdə Azərbaycanda vur-tut 1 radio və 1 televiziya var idi. Hər ikisi təbii ki, dövlətin ciddi nəzarətində idi. Bu gün isə Azərbaycanda 10 ümumrespublika, 3 peyk, 13 regional və 30-dan çox kabel televiziyası var, 17 radio fəaliyyət göstərməkdədir. 2005-ci ildə isə vaxtilə yeganə olan dövlət radio-televiziyasının əsasında Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla yanaşı, ayrıca bir İctimai Televiziya və Radio Yayımları Şirkəti də efir məkanında aparıcı yerlərdən birini tutmaqdadır. Ölkədə 2016-cı ildə artıq rəqəmsal yayıma keçid də başa çatdırılıb".

R.Hüseynov Azərbaycandakı azad internet məkanı haqqında da söz açıb, bu sahədə ölkədə yaradılmış münbit şəraitlə bağlı fikirlərini bölüşüb: "Zamanında - kino yaranarkən minillərlə yaşı olan teatra həddən ziyadə ciddi, hətta onu ikinci plana keçirməyə qadir bir rəqibin yarandığı iddia edilirdi. Çox keçmədən bu mülahizələr özünü doğrultdu. 1895-ci ildə yaranan kino o vaxtacan bütün dünyanın mədəni həyatında ən ön sırada olmuş teatrı bir neçə onillik ərzində tam sıxışdırmağa nail olmasa da, hər halda ondan qabağa keçməyi, daha populyar olmağı bacardı. Televiziya isə eyni rəqabəti kino ilə, böyük ekranla aparmağa başladı. XX yüzilliyin sonundan isə internet onların hamısının, o cümlədən kitabın da, yazılı mətbuatın da ən ötkəm rəqibinə çevrildi. Azərbaycanda da eyni təmayüllər müşahidə edilməkdədir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 35 faizini təşkil edir. Ölkədə hər 100 nəfərə 20 kompüter düşür. Azərbaycanda bu gün 3 milli internet provayderi var. Ucqar bölgələri də nəzərə almaqla Azərbaycanın kənd yaşayış məntəqələrinin 35 faizi genişzolaqlı internetə çıxışa malikdir. Məhz belə azad internet fəzasına sahib olmağın nəticəsidir ki, ölkədə milyon yarımdan çox facebook istifadəçisi, minlərlə bloqqer fəaliyyət göstərir. Şəxsən mənim üçün facebook səhifəm həm öz qəzetim, həm də öz şəxsi radio-televiziyam deməkdir. Hazırladığın istənilən verilişi, yazını, audio və ya videomaterialı bir an içində hansısa redaktorların nəzarətindən, heç kimin iradəsindən asılı olmayaraq yaya bilmək nə böyük xoşbəxtlikdir. Bunu mən ona görə xoşbəxtlik adlandırıram ki, jurnalistika, efir fəaliyyətim zamanı bəzən bir ifadəni, bir cümləni yazının, yaxud verilişin mətnində saxlamağa nail olmaq üçün nə qədər əziyyətlər çəkdiyimiz, mübahisələr etdiyimiz, mübarizələr apardığımız yaxşı yadımdadır. Lakin belə azad internet fəzası, ifadə azadlığı üçün meydan açan bu qədər geniş radio-televiziya şəbəkəsi, qəzet-jurnallar bolluğu məsuliyyət hissinin də qat-qat artırılmasını, hər kəsin özünə öz redaktorluğunda daha tələbkar olmasını istəyir".

Azərbaycanda kütləvi informasiya vasitələri ilə mükəmməl və daim təkmilləşdirilən qanunverici bazanın mövcudluğundan danışan R. Hüseynov bu istiqamətdə də Milli Məclisin bir çox dövlətlərlə müqayisədə xeyli irəli getmiş olmasını vurğulayaraq deyib:"Azərbaycanda bütün bunlarla bağlı yetərincə mükəmməl qanun bazası var. "Kütləvi informasiya vasitələri haqqında", "Mətbuat azadlığı haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiya azadlığı haqqında", "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında", "Telekommunikasiya haqqında" bütövlükdə 6 qanunla tənzimlənir. Lakin yazılmamış, parlamentlərdə təsdiq edilməyən və dünyanın hər nöqtəsində olan hər informasiya yayıcısının, hər qələm sahibinin, hər jurnalistin daxilində daim nəbz kimi vurmalı olan bir qanun da var. Kütləvi informasiya vasitələrində çalışan hər kəsin mənəvi keyfiyyətlərini, cəmiyyət qarşısındakı məsuliyyət duyğusunu, peşə etikasının ən müxtəlif çalarlarını özündə birləşdirən əxlaq və peşəkarlıq kodeksi. O yazılı, rəsmən təsdiqlənmiş qanunlar da yalnız bu yazılmamış qanunla həmahəng olanda uğurla işləyir". R. Hüseynov bütün mətbuat təmsilçilərini daha çox öyrənməyə, peşəkarlığı artırmağa hər an səy göstərməyə və daimi həmrəyliyə səsləyib: "Bu gün dünya jurnalistləri bir-birinə keçmiş dövrlərdə olduğundan daha yaxındır. İnternetin yaratdığı ortaq məkan həm bir-birindən öyrənməyə geniş imkanlar, həm də dünyanın ən uzaq guşəsində belə hansısa təzyiqlə, təqiblə, haqsızlıqla qarşılaşan həmkarın dərhal səsinə səs verməyə, ona kömək göstərməyə şərait yaradır. Bu iki gözəl imkandan daha çox istifadə etdikcə inanıram ki, uğurlar həmişə bizimlə olacaq!".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR