Azərbaycanda çoxpartiyalı sistemin formalaşması siyasi plüralizmin bariz nümunəsidir

Azərbaycan cəmiyyətinin siyasi sistemində dövlətlə yanaşı siyasi partiyalar və ictimai birliklər də fəaliyyət göstərməkdədir. Danılmaz faktdır ki, siyasi və ictimai birliklər bu və ya digər formada ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycanda çoxpartiyalı sistemin formalaşması həm də siyasi plüralizmin göstəricisi kimi qəbul edilir. Sirr deyil ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılıb. Milli qanunvericiliyə görə, ölkədə fəaliyyət göstərən siyasi partiyalar sərbəst şəkildə birləşə, ayrıla və siyasi məqsədləri uğrunda mübarizə aparmaq imkanlarına sahibdirlər. Onu da qeyd edək ki, Azərbaycanda çoxpartiyalı sistemin ənənəsi hələ ötən əsrin əvvəllərinə təsadüf edir. Hələ ötən əsrin 70-ci illərin sonu 80-ci illərin əvvəllərində sovet cəmiyyətinin siyasi sistemi mürəkkəb və ziddiyyətli xarakter daşıyırdı. Demokratik forma ilə bürokratik siyasi sistem arasındakı ziddiyyət özünü xüsusilə göstərirdi. Belə bir siyasi sistemin mövcud olması müxtəlif sahələrdə durğunluğa gətirib çıxartmışdı. Yaranmış vəziyyət sovet cəmiyyətinin geniş potensialından, demokratik prinsiplərdən tam şəkildə istifadə etməyə imkan vermirdi. Bütün hakimiyyət, demək olar ki, Kommunist partiyasının əlində cəmlənmişdi. Partiya komitələrinin çoxunda isə köhnəliyə meyllik üstünlük təşkil edirdi. Lakin Azərbaycan mühüm nailiyyətlər qazanaraq ölkənin ön mövqelərindən birinə çıxmışdır. 80-ci illərin sonu 90-cı illərin əvvəlində isə siyasi mübarizənin genişlənməsinin nəticəsi olaraq siyasi sistemdəki demokratik dəyişikliklər təkpartiyalılığın ləğvinə, çoxpartiyalılığın bərqərar olmasına zəmin yaratdı. Demokratikləşdirmə siyasəti nəticəsində keçmiş Sovetlər İttifaqının bütün respublikalarında, eləcə də Azərbaycanda demokratik cəmiyyətlər, siyasi partiyalar təşəkkül tapdı.
Məlumat üçün qeyd edək ki, ümumilli lider Heydər Əliyev sovet imperiyası dövründə sərt totalitar rejimin, az da olsa, verdiyi imkanlardan maksimum istifadə edərək Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafı üçün mümkün olan hər şeyi etdi. Nəticədə milli-ictimai siyasi hərəkat, ermənilərin Azərbaycana qarşı olan ərazi iddialarına qarşı yüksələn ümumxalq müqaviməti bir çox siyasi birliklərin təsis edilməsinə gətirib çıxartmışdı. Beləliklə 90-cı illərin əvvəllərində cəmiyyətin siyasi fəallığının artması ilə əlaqədar olaraq siyasi partiyaların yaranması prosesinin əsası qoyuldu. Bununla qabaqcıl və yetişməkdə olan gənc ziyalılar xalqın özünü dərk etməsi üçün bir sıra ictimai birliklər və təşkilatların yaranmasını qarşılarına məqsəd qoymuşdular. Təşkilatlar, saylarının az olmasına baxmayaraq milli şüurun oyanması və xalqımızın siyasi təşkilatlanma prosesində vacib faktorlardan idilər. Sistem zəiflədikcə bu cəmiyyətlərin fəallığı, toxunduğu məsələlər dairəsi və aşkarlığı da artırdı. Məhz həmin ərəfədə yaranan cəmiyyətlər gələcəkdə yaranacaq partiyaların rüşeymləri idilər. Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Müstəqilliyini bərpa edən respublikamız demokratik qanunlar qəbul etməyə başladı. 1992-ci ildə qəbul edilən "Siyasi partiyalar haqqında" qanun yeni partiyaların yaranmasına şərait yaratdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Müsavat Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Birlik Partiyası və s. 1993-cü ildə Dirçəliş və Tərəqqi Partiyası, Vahid Azərbaycan Milli Birlik partiyası və s. partiyalar yaranmağa başlamışdı. Çoxpartiyalılığa keçid XX əsrin 90-cı illərində Azərbaycan cəmiyyətinin təkamülünün ən mühüm nailiyyətlərindən biri olmuşdur. "Azərbaycanda İctimai birliklər haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarının qəbul edilməsinə baxmayaraq müasir dəyişiklikləri nəzərə alan yeni qanun qəbul edilməsinə ehtiyac duyulurdu. Çünki, siyasi partiyaların azad və sərbəst şəkildə fəaliyətini təmin edəcək qanunvericilik bazasının yaradılması vacib şərt idi. Məhz bu səbədən " Siyasi partiyalar haqqında" qanuna müvafiq olaraq 1996, 2001-2007-ci illərdə bir sıra əlavələr və dəyişikliklər edilmişdir. 2002-ci il avqustun 25-də Azərbaycan Respublikasının Konstitusiyasında referendum yolu ilə edilmiş əlavə və dəyişikliklər siyasi partiyaların fəaliyyətində köklü dəyişikliyə səbəb olmuşdur. Eyni zamanda proporsional seçki sisteminin ləğvi ilə bağlı Konstitusiyada düzəliş edilmişdir.
Etiraf edilməlidir ki, dövlətçiliyimizin inkişafı üçün siyasi təşkilatların olması olduqca vacibdir. Həm də demokratiya yolu seçmiş Azərbaycanda çoxpartiyalı sistemin yaranması siyasi plüralizmin bərqərar olmasına dəlalət edir. Məhz bu səbədən ölkədə siyasi təşkilatlanma çoxpartiyalılıq əsasında inkişaf etməkdədir. Hakimiyyətdə siyasi qüvvələrin dəyişilməsinə şərait yaradan partiya eyni zamanda ideologiyanın daşıyıcısı da hesab olunur. Eyni maraq və prinsiplərə malik olan insanların qruplaşmasını da partiya hesab etmək olar. Hər bir siyasi partiya xalqın dəstəyini qazanmağa çalışır. Bu dəstək üzvlüyün artmasından başlayaraq seçkilərdə olan dəstəyə qədər gəlib çıxır. Təsadüfi deyil ki, Azərbaycanda mövcud olan siyasi partiyalar üzvlərinin sayının artırılmasından tutmuş seçkilərdə iştiraka qədər bütün proseslərdə aərbəstdirlər. Bu isə o deməkdir ki, ölkədə siyasi partiyaların normal fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb. Hətta "Siyasi partiyalar haqqında" qanun yeni yaranmaqda olan partiyaların fəaliyyətinin tənzimlənməsinə şərait yaradır. O da nəzərə alınmalıdır ki, Azərbaycanda demokratiyanın əsas atributlarından biri kimi çoxpartiyalılıq hesab olunur. Təbii ki, ölkənin çoxpartiyalı sistemə keçməsi tarixi keçmişindən, cəmiyyətin real norma və qaydalarından asılıdır. Məhz demokratik prinsipləri əsas götürərək Azərbaycan Respublikasının çoxpartiyalılıq yolunu seçməsi siyasi plüralizmin daha da genişlənməsinə şərait yaratmış oldu.
Çoxpartiyalılıq kimi bir sistemə keçmək zərurətinin yaranmasının əsas səbəbi, Azərbaycan Respublikasında demokratik idarəçiliyin bərqərar olması və bundan irəli gələn problemlərin aktuallıq kəsb etməsidir. Bunun Azərbaycan dövlətçiliyi üçün böyük əhəmiyyəti vardır. Xatırladaq ki, siyasi sistemə keçidin özünəməxsus cəhətləri mövcuddur. Demokratik dəyərlərin inkişaf etdirilməsi, dərin sosial-siyasi və iqtisadi problemlərin həll edilməsi istiqamətində müvəffəqiyyətli islahatlar, ölkə vətəndaşlarının siyasi şüur və mədəniyyətinin yüksəldilməsi, iqtidar və müxalifət qüvvələrinin müxtəlif sahələr və problemlər üzrə əməkdaşlığı və ya rəqabəti, demokratik seçkilərin keçirilməsi və hakimiyyət bölgüsünün həyata keçirilməsi məhz bütün bunları özünəməxsus cəhətlər hesab etmək olar.
Sirr deyil ki, Azərbaycan artıq özünün ilk suveren konstitusiyasını qəbul etmiş, müstəqil dövlətlər arasında özünəməxsus yer tutmağı bacaran bir ölkəyə çevrilib. Demokratik, dünyəvi hüquqi dövlət qurmağı respublikamız özünün əsas məqsədi elan etmişdir. Buna baxmayaraq, süni yolla xalqın rəğbətini qazanan qüvvələr hakimiyyət pillələrinə can atır, dövlət strukturlarını ələ almağa çalışırlar. Yeri gəlmişkən qeyd edək ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç bir kəsi bu birliyə daxil olmağa və ya burada məcbur qalmağa məcbur etmək olmaz. Bundan əlavə qanuna görə bütün ərazidə və ya dövlətin hər hansı bir hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağan hesab olunur ki, onların da fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Qeyd edək ki, hazırda Azərbaycanda 54 siyasi partiya dövlət qeydiyyatından keçib. Həmib siyasi partiyalar ölkənin idarəedilməsində iştirak etməklə yanaşı, qanunun imkan verdiyi bütün fəaliyyət növlərindən yaralana bilirlər. Artıq siyasi partiyaların münayəndələrə ölkə parlamentində, yerli özünüidarə orqanlarında təmsil olunmaqdadırlar. Siyasi partiyalar azad şəkildə sərbəst toplaşmaq hüququndan istifadə edə bilirlər. Təkcə onu xatırlatmaq kifayətdir ki, müxalifətdə təmsil olunan siyasi partiyalar bloku oktyabr ayında üç dəfə siyasi aksiya keçirib. Məhz sadalanan faktlar ölkədə siyasi plüralizmin mövcudluğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR