İraqda saxlanılan azərbaycanlı qadınlardan xəbər var

İraqda saxlanılan azərbaycanlı qadın və uşaqların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində təmaslar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyi digər aidiyyatı orqanlarla əlaqələndirilmiş şəkildə məsələni diqqətdə və nəzarətdə saxlayır: "Hazırda İraqdakı azərbaycanlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesi həyata keçirilir. İraq Respublikasının hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyilə də əsas təmaslarımızı aparırıq. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlar gedir. İlkin olaraq, orada olan azərbaycanlıların humanitar şəraitinin yaxşılaşdırılmasına çalışırıq". Nazirlik rəsmisi bildirib ki, azərbaycanlı 4 yaşlı Abdulla ilə bərabər olan 3 yaşlı Xədicənin kimliyi hələ də müəyyənləşməyib: "Orada qalan uşaqların valideynlərinin kimliyinin müəyyənləşdirilməsi prosesi gedir. Azyaşlı Xədicə adlandırılan qızcığaz da danışmaq iqtidarında olmadığı üçün onun yaxınlarının müəyyənləşməsində çətinliklər var. Hazırda onun valideynlərinin kimliyi dəqiqliklə yoxlanılır. Amma əvvəl də açıqladığımız kimi, həmin qızın Abdulla adlı uşağın bacısı olması öz təsdiqini tapmayıb". Qeyd edək ki, valideynləri İŞİD-ə qoşulan 4 yaşlı Abdulla 2017-ci il oktyabrın 12-də Azərbaycana gətirilərək yaxınlarına təhvil verilib. Bir neçə gün əvvəl iraqlı deputat Vian Dahil bir qədər əvvəl hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR