Mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır

Zaur İbrahimli: "Prezident İlham Əliyev media-dövlət, media-cəmiyyət münasibətlərinin sağlam əsasda müəyyənləşməsi prosesinə davamlı əməli töhfə verir"

Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur İbrahimlinin ölkədə söz və məlumat azadlığı, plüralizmin təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlar və bu sahədəki vəziyyətlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Zaur bəy, günümüzdə Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?

-Statistik göstəricilər KİV-in kəmiyyət göstəriciləri ilə bağlı qənaətbəxş mənzərə yaradır. 2017-ci il yanvar ayında olan məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınan KİV sayı 5100-ü ötüb. Ölkəmizdə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir. 10 milyon əhaliyə malik Azərbaycan üçün bu çox yaxşı rəqəmlərdir. Eyni zamanda qeyd etməliyik ki, Azərbaycanda KİV-in fəaliyyətinə dövlət tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Bu konsepsiya vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas prinsiplərini, formalarını, vasitələrini və sahələrini, maliyyə vəsaitinin ayrılması şərtlərini müəyyən edir. Konsepsiya qəbul ediləndə ölkədə 3500-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınmışdı. Onların əksəriyyəti qəzet və jurnal, 30-dan çoxu informasiya agentliyi, 44-ü elektron kütləvi informasiya vasitəsidir. Ölkədə 7 ümumrespublika, 14 regional televiziya kanalı, 12 kabel televiziyası və 11 radiostansiya fəaliyyət göstərirdi. Hazırda yuxarıda qeyd etdyimiz kimi KİV-in kəmiyyət göstəricilərində əhəmiyyətli artlm müşahidə edirik. Konsepsiyaya uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayıb. Fond hər il qəzetlərin layihələrini maliyyələşdir. Son 5 ildə isə biz internet informasiya resurslarının, xəbər portal və saytlarının sürətli inkişafının şahidiyik. Bu bir qlobal trenddir və Azərbaycanda da faktiki olaraq internet informasiya resursları insanların əsas məlumat mənbəyinə çevrilib. Bu baxımdan xəbər saytları və portalları ənənəvi KİV-in əsas alternativinə çevrilib. Ənənəvi media, hətta televiziya kanalları belə məlumatlandırma və xəbər qaynağı kimi xəbər sayt və portalları ilə rəqabət apara bilmir. Hazırda dünyada qəzet və jurnallar öz formatlarını dəyişir, onlayn abunə sisteminə keçirlər. Həmçinin ciddi araşdırmalar, siyasi, iqtisadi araşdırmalara köklənirlər. Bizdə isə hələ ki, ənənəvi media ənənəvi fomatından kənara çıxa bilmir. Yeni medanın da öz problemləri var. Çox zaman peşəkarlıq prinsipləri reytinq və operativliyə qurban verilir. Etik prinsiplər arxa plana keçir, sırf kütləviliyi təmin etmək, daha çox auditoriya əldə etmək əsas məqsədə çevrilir. Çox təəssüf ki, reputasiya riski əksər xəbər sayt və potalları üçün heç bir əhəmiyyət kəsb etmir. Oxucularda etimad və inam, güvən yaratmaq barədə çox az sayda xəbər sayt və portalları düşünür. Son iki ildə bu probelmlər xüsusilə aktuallaşıb və bütün cəmiyyəti narahat edən problem kimi qeyd olunmalıdır. Bu yalnız mediaya aid problem kimi qəbul edilə bilməz. Yeni media öz ictimai məsuliyyətini yetərincə dərk etmir. Nümunə kimi, cəbhə xəttində baş verənlərlə bağlı yanlış məlumatların yayılmasını qeyd edə bilərik. Bu problem o həddə çatdı ki, qanunvericilik səviyyəsində tənzimlə tətbiq olundu. Başqa bir ciddi problem yeni mediada işgüzar nüfuza xələl gətirmək, fərdi, ailə, kommersiyya sirlərinin, şəxslərə aid tibbi məlumatların açıqlanması zamanı qanunvericiliyin tələblərinə məhəl qoyulmamasıdır. Şübhəsiz ki, bu problemlər bu və ya digər formada unversal xarakter daşıyır və müxtəlif ölkələrdə fərqli formada özünü biruzə verir. Azərbaycanda isə biz artıq bu məsələlərlə bağlı problemlərin çox qabardığını müşahidə edirik. Yeni media bu məsələlərlə bağlı öz məsuliyyətini anlamalıdır. Ümumilikdə isə Azərbaycan mediası özünəxas formada inkişaf edir. Təəssüf ki, bir çox hallarda əvvəllər qazanılmış bilik və təcrübənin itirildiyinin də şahidi oluruq. Bununla belə, Azərbaycan mediası axtarışlara ara vermir, müxtəlif formatlar sınaqdan çıxarılır. Bütün problemlərə baxmayaraq Azərbaycan mediası vətəndaşların informasiyaya olan tələbatının ödənilməsi istiqamətində səy göstərir. Azərbaycan vətəndaşlarının da məlumat almaq imkanları genişlənir.

-Sizcə, ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?

-İfadə, fikir və söz azadlığının hüquqi təminatları ilə əlaqədar məsələlər "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlarla, habelə digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasında "Kütləvi informasiya vasitələri haqqında" qanun 1999-cu ildə qəbul olunub. Sonrakı illərdə qanuna bir sıra dəyişikliklər edilib. Qanuna əsasən, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələri azaddır. Vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilir. KİV-in təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz. "KİV haqqında" qanun kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol vermir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin vəzifəli şəxslərinin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur. Göründüyü kimi, Konstitusiyanın 47 və 50-ci maddələri və "KİV haqqında" qanunun mütərəqqi maddələri Azərbaycanda media sahəsində normal fəaliyyət üçün hüquqi bazanı formalaşdırır və təcrübədə rast gəlinən mənfi hallarla qanuna söykənərək mübarizə aparmaq imkanlarını yaradır. 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanun KİV-in informasiya əldə etməsi üçün əlavə imkanlar yaradır. Belə ki, qanuna əsasən, Azərbaycanda informasiyanın əldə olunması azaddır və hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Azərbaycanda mətbu nəşrlərin, informasiya agentliklərinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxsin nəşrin çapından 7 gün əvvəl Ədliyyə Nazirliyinə rəsmi müraciət etməsi kifayət edir. Xəbər saytlarının təsis olunması da sadədir. Domenlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyata alınır və bu iş onlayn formada operativ həyata keçirilir. Bu sahədə problemin ortaya çıxdığı haqda hər hansı məlumata rast gəlmək mümkün deyil. Artıq Azərbaycanda mətbu nəşrin uçotu üçün müraciətin və sənədlərin elektron formada qəbuluna da başlanılıb. Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu" xidməti elektronlaşdırılıb. Azərbaycanda kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Təsisçinin və ya məhkəmənin qərarı olmadan heç bir KİV-in fəaliyyəti dayandırıla bilməz, həmin KİV-in qeydiyyatı ləğv edilə bilməz. Göründüyü kimi Azərbaycanda vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən etibarlı təminat sistemi yaradılıb.

-Azərbaycan dövləti, dövlət başçısı ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?

-Prezident İlham Əliyev media-dövlət, media-cəmiyyət münasibətlərinin sağlam əsasda müəyyənləşməsi prosesinə davamlı əməli töhfə verir. Prezident jurnalistlərin himayədarıdır. Heç bir KİV əməkdaşı yazısına görə azadlıqdan məhrum edilə bilməz - bu, İlham Əliyevin qərarı, məhkəmələrə tövsiyəsidir. Eyni zamanda dövlət başçısı KİV əməkdaşlarına mənzillərin verilməsi zamanı qeyd etdi ki, "jurnalistlər mənim köməkçilərimdir". Bu jurnalistlərin əməyinə verilən böyük dəyərdir. Son 13 ildə qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Hər il maliyyə yardımlarının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bir daha sübut edir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

-Bəs Ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?

-Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Bu fərmanla həmçinin hərbi senzura yaradılması haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bütün bunlar "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etdi, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürdü.

--Bəs necə bilirsiz, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?

-Sui-istifadə deməzdim, sadəcə bəzən ictimai məsuliyyətin tam dərk olunamamsı halları ilə qarşılaşırıq. Şübhəsiz ki, azadlığın hüdudları barədə danışanda, qeyd etməliyik, burada sərhəd digərlərinin huquq və azadlıqlarıdır. Mediamız çox zaman bu prinsipi unudur.

--Ümumiyyətlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?

-Azərbaycan bir çox uğurlu nümunələr ortaya qoyub. KİV-in qeydiyyatı, dövlət dəstəyi modeli, jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan nümunələr təqdim edib. Eyni zamanda Mətbuat Şurasının fəaliyyəti, məhkəməyə qədər mübahisələrin həllinin effektiv mexanizmi də qeyd oluna bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR