Dövlət fikir və söz azadlığına xüsusi diqqət yetirir

Çingiz Bayramov: "Cənab İlham Əliyev jurnalistlərin daha yaxşı yaşaması və bunun qarşılığında daha yaxşı fəaliyyət göstərmələri üçün əlindən gələni edir"

Ölkədə mövcud olan fikir, söz və məlumat azadlığı, bu sahəyə dövlətin göstərdiyi diqqət və qayğı ilə bağlı Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramovun "OLAYLAR"-a müsahibəsi

-Çingiz bəy, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu, cəmiyyətə təsir imkanları, onların fəaliyyətini necə dəyərləndirərdiniz?

-Bir əsrdən çox yaşı olan Azərbaycan mediası, mətbuatı yarandığı gündən hazırkı mərhələsinə gəlib çıxana qədər çox keşməkeşli, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Mən bu günə qədər, xüsusilə Milli Məbuatımızın təsis edildiyi tarixdən müstəqillik illərinə qədər olan dövrü, bu illərdə media sahəsində baş verən müsbət və ya mənfi hadisələri sadalamaq fikrində deyiləm. Çünki tariximizin həmin dövründə media sahəsində baş verənlərlə bağlı kifayət qədər yazılı mənbələr var. Bu istiqamətdə kitablar çap edilib, elmi əsərlər yazılıb. Həmçinin orta məktəb kitablarında da həmin dövr üçün kifayət qədər məlumatlar var. Ona görə də mən təkrarçılıq etmək istəməzdim.  Amma müstəqillik dövrü mətbuatı barədə fikirlərimi bölüşmək istərdim. Təfsilata varmadan mübaliğəsiz, filansız deyə bilərik ki, Azərbaycan mətbuatı müstəqillik illərində özünün tarixi inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf tendensiyası günümüzdə də davam edir. Və təbii ki, bu inkişaf da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hər kəsə bəllidir ki, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdana qədər hər bir sahədə olduğu kimi media, mətbuat sahəsində də acınacaqlı vəziyyət hökm sürürdü. Ölkədə müstəqil media, kütləvi informasiya vasitəsi, qəzet, jurnal deyilən bir şey yox idi. Dərc edilən azsaylı mətbu orqanlar da birbaşa AXC-Müsavat hakimiyyətinin diqtəsi ilə işıq üzü görən kütləvi informasiya vasitələri idi. Həmin mətbu orqanlarda kiminsə müstəqil fikir səsləndirməsi, hakimiyyətin hansısa qolunu əsaslı şəkildə tənqid etməsi, bu və ya digər sahədə mövcud olan problemi media vasitəsilə ictimailəşdirməsi qətiyyən mümkün deyildi. Çünki demokratiya, azadlıq, müstəqillik şüarları, pafoslu çıxışları ilə hakimiyyətə gələn demokratlar buna qarşı idilər. Kiminsə, hansısa qələm əhli, jurnalistin bütün riskləri göz altına alaraq qəzet səhifəsində öz müstəqil fikrini ifadə etməsi, hansısa sahədə mövcud olan problemi ictimailəşdirməsi isə həmin media təmsilçisinin cəbhəçilər tərəfindən cəzalandırılması, yazı müəllifinin döyülməsi kimi mənfi hallara gətirib çıxarırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, AXC-Müsavat hakimiyyətinin qolu zorluları həmin yazı müəllifinə qəzet yedirdir, yaxud onu avtomobilin yük yerinə ataraq cəzalandırırdılar. Heç şübhəsiz ki, baş verən bu kimi neqativ hallar barədə də avtomatik olaraq hüquq müdafiə təşkilatları, eləcə də cəbhəçilərin hakimiyyətdən devirdikləri Ayaz Mütəllibovun yaxın ətrafı tərəfindən beynəlxalq təşkilat və qurumlara xəbər ötürülürdü. Və həmin beynəlxalq təşkilat və qurumlar da yenicə müstəqillik əldə etmiş bir respublikanı fikir, söz, məlumat və ifadə azadlığını pozmaqda, demokratik prinsiplərə əməl etməməkdə günahlandırır, öz hesabatlarında Azərbaycanı tənqid edirdilər. Təbii ki, bu xoşagəlməz tendensiya ümummilli lider Heydər Əliyev ikinci dədəfə siyasi hakimiyyətə gələn müddətə qədər davam etdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə hər bir sahədə olduğu kimi media, kütləvi informasiya vasitələri sahəsində də köklü dəyişikliklər baş verdi, müsbət və nəticəli addımlar atıldı.   

-Yəni belə demək mümkündür ki, Heydər Əliyev müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafının təməl daşını qoydu

-Tamailə doğrudur. Yuxarıda qeyd etdiyim kimi ümummilli lider Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etməklə yanaşı yeni dövrdə mediamızın günün tələblərinə uyğun şəkildə inkişafı istiqamətində də çalışır, kütləvi informasiya vasitələrinin həmin dövrdəki fəaliyyətini ciddi şəkildə izləyir, onların problemləri ilə maraqlanır və həmin problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görürdü. Bu mənada ümummilli liderin ölkədə nəşr olunan qəzetlərin Azərbaycan Nəşriyyatına illərlə yığılıb qalan borclarının dondurulması barədə verdiyi tapşırıq mühüm əhəmiyyət kəsb edirdi. Bununla Heydər Əliyev demək olar ki, mətbuat vasitələrinə, qəzet və jurnallara bir növ can verdi, onları bağlanmaq, nəşrini dayandırmaq təhlükəsindən uzaqlaşdırdı. Heç şübhəsiz ki, ümummilli liderin atmış olduğu bu addım mətbuatın iqtisadi vəziyyətinin nisbətən yaxşılaşmasına öz müsbət təsirini göstərdi. Burada maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan Nəşriyyatına olan borcların dondurulması prosesi ölkədə işıq üzü görən bütün çap mediası, qəzetlərə şamil olundu. Baxmayaraq ki, həmin dövrdə bəzi siyasi partiyaların təsisçisi olduğu qəzetlər ümummilli lideri haqsız olaraq tənqid edir, hətta bir çox hallarda heç bir etika və jurnalst fəaliyyətinə sığmayan tərzdə təhqiri ifadələrə yol verilirdi, buna baxmayaraq Heydər Əliyev bir daha öz böyüklüyünü göstərək onu sərt şəkildə tənqid edən qəzetlərin də bu fürsətdən yararlanmasına şərait yaratdı. Əslində bu faktın özü də ümummilli lider Heydər Əliyevin söz, fikir, məlumat və ifadə azadlığına nə qədər önəm verdiyini əyani şəkildə ortaya qoyurdu. Məhz ümummilli liderin medianın günümüzün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi, ölkədə fikir, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində atmış olduğu təqdirəlayiq addımların göstəricisi idi ki, Heydər Əliyev jurnalistlərin dostu elan edildi.

-Bəs bu gün mediamızın vəziyyətini necə dəyərləndirərdiniz?

-Bu birmənalıdır ki, hazırda da ümummilli lider Heydər Əliyevin bu istiqamıətdə atmış olduğu addımlar Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk gündən mətbuata diqqət və qayğı ilə yanaşıb. Ümummilli liderin qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması prosesinin davamı olaraq Cənab Prezident də həmin borcların ləğv edilməsi ilə bağlı addım atdı. Bu da mətbu orqanlara verilən ikinci bir nəfəs idi. Sonrakı illərdə də Cənab Prezident İlham Əliyev atmış olduğu addımlarla medianın yanında olduğunu, onlara diqqət və qayğı ilə yanaşdığını təsdiqlədi. Bu baxımdan "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dair Konsepsiyanın" qəbul edilməsi, bundan bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərin təsdiqidir. Məlumdur ki, adı çəkilən fond ildə bir neçə dəfə həm qəzetlərin layihələrini maliyyələşdirir, həm də jurnalsitlər arasında fərdi yazı müsabiqələri təşkil edir. Hər iki proses kütləvi informasiya vasitələri sahəsində çalışan mətbuat nümayəndələrinin maddi rifahının yaxşılaşdırılmasına, eyni zamanda qəzetlərin maddi texniki bazasının yüksəldilməsinə çox böyük təkan verir. Ümumiyyətlə, Cənab Prezident bu gün mətbuatın əsas qarantı rolunu oynayır. İstər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi  Fondunun yaradılması, istər jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binalarının tikilib pulsuz şəkildə bu sahədə çalışan insanlara paylanılması bunun əyani sübutudur. Artıq jurnalistlər üçün iki yaşayış binası tikilərək istifadəyə verilib. Hazırda da üçüncü binanın tikintisi prosesi həyata keçirilir. Göründüyü kimi dövlət və onun prezidenti Cənab İlham Əliyev jurnalistlərin daha yaxşı yaşaması və bunun qarşılığında daha yaxşı fəaliyyət göstərmələri üçün əlindən gələni edir. Və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də başlıca vəzifəsi ondan ibarət olmalıdır ki, dövlətin, şəxsən Cənab Prezidentin qələm əhlinə yaratmış olduğu imkandan, fürsətdən faydalanıb daha məhsuldar olsun, öz qələmi ilə dövlətçiliyin, dövlətin  keşiyində dursun.

-Sizcə, KİV nümayəndələri bunu edirlərmi? Yəni dövlətin onlara yaratmış olduğu imkandan yararlanıb öz yazıları ilə dövlətçilyin yanında olduqlarını sübuta yetirirlərmi?

-Sevindirici haldır ki, böyük əksəriyyət media nümayəndələri məhz dövlətin, dövlətçiliyin yanındadırlar. Onlar öz yazıları ilə Azərbaycan həqiqətlərini, ölkəmizin üzləşdiyi problemləri dünya ictimaiyyətinə çatdırmağa çalışırlar. Mən bunu təmsil etdiyim TUMİB adından da deyə bilərəm ki, bizim təşkil etdiyimiz və gənclərimizin maarifləndirilməsinə yönəlik tədbirlər KİV-lər tərəfindən geniş işıqlandırılır. Əslində media hansısa bir təşkilatın tədbirini işıqlandırmağa borclu da deyil. Ancaq görəndə ki, hər hansı bir təşkilatın tədbiri, layihəsi dövlətçiliyə, onun gənclərin maariflənbdirilməsinə xidmət edir, bununla gələcək nəsilin daha sağlam və ölkəsinə bağlı bir şəxs kimi yetişdirməyi qarşıya məqsəd qoyur, o zaman təbii ki, KİV-lər də həmin layihələrin, tədbirlərin cəmiyyətə çatdırılmasında yaxından iştirak edirlər. Məlumat üçün qeyd edim ki, təmsil etdiyim İctimai Birlik bu günə qədər qeyd edilən istiqamətdə gənclərin maarifləndirilməsinə yönəlik onlarla layihə, tədbir həyata keçirib və KİV-lər də həmin layihələri. tədbirləri geniş anlamda cəmiyyətə çatdırıblar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR