İbrahim Mehdiyevin tikinti şirkəti Yasamalda həyətləri dağıdır

Birinci Vitse-Prezidentin nəzarətində olan məsələyə tikinti şirkətindən sayğısızlıq
 

Yasamal rayonunda Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respulikası qanunlarına həyasızcasına hörmətsizlik edən "ELİTE CİTY" MMC-nin növbəti işinin şahidi olmuşlar. Belə ki, "ELİTE CİTY" MMC-nin muzdla tutduğu adamlar ağır texnikadan istifadə edərək, guya, həyətdə qanunsuz söküntü nəticəsində yaranmış zibilliyi təmizləmək adı ilə yeni 14 mərtəbəli yaşayış binasının tikintisi üçün qazıntılara başlamağa cəhd göstərmişlər. Qazıntı zamanı " AZƏRSU " şirkətinə məxsus orada yaşayan binaları su ilə təmin edən buruqlar və kanalizasiya xətləri zədələnmiş və nəticədə bütün həyəti su basmışdır. "ELİTE CİTY" MMC-nin bu özbaşına, qanuna zidd əməlləri barədə araşdırmalar başlanmışdır. Bir neçə saat 7 binanın sakinlərinə su verilişi dayanmışdır. Məlumta görə, həyətə gələn Yasamal Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov həyətdə 14 mərtəbəli binanın tikiləcəyini təkidlə bəyan etmişdir. Binaların bir qrup sakinləri isə həyətə çıxaraq "ELİTE CİTY" MMC-nin özbaşınalığına etiraz edirlər. Sakinlər bildirirlər ki, bu həyətdə hündürmərtəbəli bina tikintisinə bu ilin mart ayından hazırlıq işləri başlanmışdı. Həyətdə 30-dan artıq çoxillik ağaclar kəsilmiş, yaşıllıq məhv edilmişdir. Sakinlərin Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciətindən sonra Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyindən, Ekologiya Nazirliyindən və s. qurumlardan nümayəndələr gəlib baxış keçirmiş və həyətdə çoxmərtəbəli bina tikintisinin mümkünsüz olduğu bildirilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 25.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmişdir. Lakin rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin himayədarlığı ilə "ELİTE CİTY" tikinti şirkəti özbaşınalıq edərək həyəti zəbt etməklə tikintiyə başlamaq istəyir. Onu da xatırladaq ki, sakinlər Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyevin tikintiyə dair sərəncamının ləğvi tələbilə 1 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət ediblər. Hazırda məhkəmə ekspertizası davam edir. Lakin tikinti şirkəti məhkəmənin son qərarını gözləmədən həyəti zəbt etməklə tikintiyə başlamaq istəyir ki, məhkəməni də fakt qarşısında qoysun. Əgər məhkəmə İ.Mehdiyevin sərəncamını ləğv edərsə, o zaman tikintiyə başlamaq mümkün olmayacaq. Tikinti şirkəti keçmiş və indiki himayədarı İ.Mehdiyevin sərəncamının qanunsuz olduğunu, məhkəmə tərəfindən ləğv ediləcəyini yaxşı anlayırlar. Bu səbəbdən də tez-tələsik tikintini başlamaq istəyirlər. Tikinti şirkətinin bu qanunsuz əməllərinə İ.Mehdiyevin 1-ci müavini olmuş, indi də keçmiş başçının komandası olaraq Yasamalı idarə edən Səməd İslamov himayədarlıq edir. Üzdə sakinlərə məhkəmə qərarı olmadan tikinti aparılmayacağını vəd versə də şöbə müdiri Şahin Məmmədovu həyətə göndərərək və polisi cəlb etməklə tikinti şirkətinin qanunsuzluğunu himayə edir. 2 aydan artıq müddətdə sakinlər həyətdəki taxta evlərin sökülməsi ilə xarabazara çevrildiyindən şikayətlənərək təmizlənməsini tələb etdikdə, S.İslamov bu işin məsuliyyətinin tikinti şirkətinin üzərinə düşdüyünü bildirirdi. Lakin bu gün yerli polii də cəlb etməklə, guya, həyətin zibilini təmizləmək adı ilə tikinti üçün qazıntı aparmaq istədilər. Onu da qeyd edək ki, əraziyə cəb edilmiş yüksək vəzifəli polis işçiləri də məhkəmə qərarı olmadan tikintinin qanunsuz olması ilə razılaşaraq yalnız sakinləri sakitliyə çağırmışlar. Tikinti şirkətinin müdiri Rəfayel Mirzəyev və icra haikimiyyətinin şöbə müdiri Şahin Məmmədov dəfələrlə polisi sakinlərə zor tətbiq etməyə çağırsa da polislər yalnız asayişin qorunması vəzifəsinin olduğunu bildirir və tikinti şirkətinin qanunsuz tələbini icra etmirlər. Çünki tikinti şirkəti binaların 10 metrliyində yeni binanın özülünü qazmaq istəyirlər, bu da o deməkdir ki, sakinlər öz həyətlərinə çıxa bilməyəcəklər. Elə bu gün tikinti şirkətinin qazıntıya başlamaq cəhdində yeraltı su və kanalizasiya xətlərinin partlaması və həyəti qısa müddət ərzində su basması da burada tikinti aparılmasının qeyri-mümkün olduğunu göstərdi.
Xatırladaq ki, Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin binaların həyətində 17 mərtəbəli bina tikintisinə dair sərəncamından 300 mənzil sahibinin Birinci Vitse-Prezidentinə şikayəti nəzarətə götürülüb. Müraciətdə keçmiş icra başçısı İ.Mehdiyevin həyətdə "ELİTE CİTY" MMC-ə hündürmərtəbəli bina tikintisinə icazə verilməsinə dair 21.06.2017-ci il tarixli sərəncamının ləğvi, yaşıllığın məhv edilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdu. Müraciət Birinci Vitse-Prezident tərəfindən nəzarətə götürülərək aidiyyatı qurumlara məsələnin araşdırılması və müvafiq tədbir görülməsi tapşırığı verilib. Həyətlərində 17 mərtəbəli bina tikilməsinə etiraz edən sakinlər Baş nazirin müavini Abid Şərifovun, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun və digər səlahiyyətli şəxslərin qəbulunda olublar. Nazirlər Kabinetinin Tikinti şöbəsində araşdırılan şikayətə dair bildirilib ki, Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan rayon icra hakimiyyətinin başçısının çoxmənzilli və hündürmərtəbəli bina tikintisinə dair sərəncam verməsi özü-özlüyündə qanunsuzdur. Pilot layihə adı altında keçmiş başçı İ.Mehdiyevin belə qanunsuz sərəncamı imzalaması onun səlahiyyət həddini aşmasıdır, belə sənədlər tikintiyə əsas vermir. Sakinlərin Birinci Vitse-Prezidentə müraciətində "ELİTE CİTY" MMC-nin rəhbərliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşlarının, yüksək vəzifəli şəxslərin, o cümlədən, M.Əliyevanın adından istifadə edərək, guya, həyətdə bina tikilməsinin "yuxarılardan" tapşırıldığına dair təəssürat yaratması, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışmasından şikayətlənmişdilər. Yasamal İH şöbə müdiri Şahin Məmmədov və "ELİTE CİTY" MMC-nin direktoru Rəfayel Mirzəyev isə guya, həyətdə tikintinin Prezident tərəfindən razılaşdırıldığını bildiririb. Şikayətçilər isə ölkə başçısı tərəfindən vəzifədən qovulmuş İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazların Prezidentin adından sui- istifadə etdiyini bildirirlər. Sakinlər hesab edir ki, Prezident tikinti şirkətinin bu qanunsuzluğuna qarşı çox ciddi tədbir görəcək və İ.Mehdiyev kimi onun himayə etdiyi məmurlar da, tikinti şirkətinin rəhbərliyi də özbaşınalığına görə cəzalandırılacaq.
Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR