ADPU-da  "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı  öz işinə başlayıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin  və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi Abidəsini ziyarət edərək "Əbədi Məşəl" kompleksi, həmçinin, Türk Şəhidliyi Abidəsinin önünə gül dəstələri düzüblər.

Beynəlxalq elmi konfransın plenar iclası ADPU-nun Böyük akt zalında keçirilib. Öncə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov plenar iclası giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan və Türkiyə Ulu Öndər Heydər Əliyevin müdrikliklə söylədiyi "Biz bir millət, iki dövlətik" fikrinə sadiq qalaraq müxtəlif sahələrdə, o cümlədən, təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki və digər sahələrdə sıx əməkdaşlıq edirlər. Yüksək səviyyəli qarşılıqlı əlaqələr, ölkələrimizin həyata keçirdiyi çoxsaylı birgə layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verirlər. Hər iki ölkənin rəhbərlərinin siyasi sahədə uğurla həyata keçirdiyi əməkdaşlığı universitetlər elm və təhsil sahəsində müvvəffəqiyyətlə davam etdirirlər. Bu gün keçirilən beynəlxalq elmi konfrans da bu əməkdaşlığın bariz nümunəsidir.

Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın çıxış edərək, konfransın keçirilməsinə görə, ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib. Bildirib ki, konfrans türk və müsəlman dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralının "dildə, işdə, fikirdə birlik" ideyasının əyani ifadəsidir. Konfrans iki qardaş ölkənin əlaqə və münasibətlərinin inkişafına müsbət təsir edəcək.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, dosent İlham Mədətov çıxışında qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər həmişə yaxşı olub. Türkiyə 1918-ci ildə Azərbaycan Xalq Cümhurriyyətini tanıyan birinci ölkə olmuşdur. 1991-ci ildə də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə, məhz Türkiyə olmuşdur. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Türkiyə Azərbaycanda keçirilən bütün beynəlxalq layihə və tədbirlərdə fəal iştirak edir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkənin güclənməsinə kömək edir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral konfransın keçirilməsindən məmnunluq duyduğunu ifadə edib və konfransın təşkilatçılarına təşəkkür edib. Səfir vurğulayıb ki, dostluq və qardaşlıq Türkiyə-Azərbaycan münasibətlərinin təməl prinsiplərini təşkil edir. İki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. Bu münasibətlərin miqyası gələcəkdə daha da genişlənəcək.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın altı bölmədə keçiriləcək iclaslarında, ümumilikdə 83 elmi məruzə dinləniləcək. Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq.

ZÜMRÜD

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR