Saatlıda qadınların sosial-psixoloji problemləri müzakirə edilib

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi (QLUB) "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib. İctimai Birlikdən "Olaylar"a verilən məlumata görə, "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda keçirilən görüşdə ölkədəki ümumi sosial-iqtisadi vəziyyət, qadınların sosial-psixoloji problemlərinin əsasını təşkil edən amillər, onların öz rifahını yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər müzakirə olunub. QLUB sədri Ülkər Abdullayeva layihənin hədəflərindən və mövzu ilə bağlı cəmiyyəti narahat edən məsələlərdən danışıb. Qeyd edib ki, son illərdə neftin qiymətlərinin aşağı düşməsi, milli valyutanın devalvasiyası və qiymət artımı ölkə əhalisinin maddi-iqtisadi, eləcə də sosial-psixoloji vəziyyətinə mənfi təsir göstərib. İş yerlərində baş verən ixtisarlar, gəlirlərin azalması, bu fonda bank borclarını ödəmək imkanlarının məhdudlaşması əhalinin sosial güzəranını qismən ağırlaşdırıb. Nəticədə qadın cinayətkarlığının və intiharların sayı artmağa başlayıb ki, bu da üçüncü sektoru narahat etməyə bilməz:"Biz qadınları böhranlı vəziyyətdən, depressiyadan və intihar meyllərindən xilas etməyə cəhd göstəririk. Depressiyadan çıxmağın, problemlərdən xilasın ən yaxşı yolunun intihar deyil, əmək, peşələrə yiyələnmə və yardım üçün doğru qapıları döymə olduğunu təlqin etməyə çalışırıq". O, Saatlıq rayonunda qadınların bir neçə istiqamətdə öz biznesini yaratmaq imkanlarını qeyd edib. Qadın problemləri üzrə ekspert Aynur Zamanova isə həyatdan misallar gətirməklə sosial-psixoloji problemlərdən çıxmağın yollarını sadalayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR