Söz və mətbuat azadlığının təntənəsi

Azərbaycanda insan hüquqları yüksək səviyyədə qotunur

Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır. Azərbaycanda hesab olunur ki, söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən biridir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil etmişdir. Müstəqilliyinin 26 ilini geridə qoyan Azərbaycanda bu dövrdə bərqərar olan demokratik meyarlardan biri söz və mətbuat azadlığıdır. Çünki məhz azad mətbuat plüralist cəmiyyətin əsas göstəricilərindən biridir. 140 ildən çox tarixi və özünəməxsus ənənələri olan milli mətbuatımız hər zaman mütərəqqi ideyaların carçısı kimi çıxış etsə də, müstəqilliyimizin ilk illərində əsl azadlığına qovuşa bilməmişdi. Söz azadlığına olan əngəllərin nəticəsi kimi Azərbaycan mətbuatı o dövrdə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində mətbuat xalqımızın arzularının reallaşmasına, müstəqillik amalının güclənməsinə, mənəvi dəyərlərinin tərəqqisinə, milli şüurun və mədəniyyətin formalaşmasına öz töhfələrini verə bilmirdi. Hakimiyyət orqanları, siyasi dairələr yeni ictimai formasiyanın tələblərindən irəli gələrək mətbuatın azadlığı naminə nəinki bir iş gördülər, əksinə əvvəlki totalitar ənənələri daha da möhkəmləndirdilər. Jurnalistin nazir tərəfindən döyüldüyü, televiziya verilişinin canlı efirinə müdaxilə edildiyi bir dövrdə hansı müstəqil və azad mətbuatdan söhbət gedə bilərdi?! Senzura səbəbindən yazıların qayçılandığı, qəzet səhifələrinin ağ dərc olunduğu cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması, inkişafı mümkün deyildi. Bütövlükdə, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən KİV ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Yalnız ulu öndər Heydər Əliyevin demokratik cəmiyyət quruculuğu istiqamətində başlatdığı islahatların nəticəsi olaraq mətbuat siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Azad sözün inkişafı məqsədilə KİV-in sərbəst fəaliyyəti təmin edildi, o cümlədən mətbuatın dövlət tərəfindən tənzimlənməsi tədricən aradan qaldırıldı. Demokratik dövlət quruculuğunda azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Bu fərmanla həmçinin hərbi senzura yaradılması haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Hazırda əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir KİV və jurnalistin hüquqları dövlət tərəfindən qorunur. İstənilən jurnalist onu maraqlandıran məsələ ilə bağlı sərbəst informasiya toplamaq və yaymaq imkanına malikdir. Ölkəmizdəki çoxsaylı informasiya vasitələri hər gün heç bir maneə ilə rastlaşmadan dövlət və qeyri-dövlət orqanlarının fəaliyyətini araşdırır, əgər əsasları varsa tənqid də edirlər. Vəzifəli şəxslərin, məmurların tənqidi mətbuat üçün demək olar ki, adi normadır. Mətbuatda tənqid olmalıdır və Azərbaycanda da digər demokratik cəmiyyətlərdə olduğu kimi bu, normal qəbul olunur. Azərbaycanda mətbuatın inkişafına xidmət edən digər mühüm amillərdən biri dövlətin etdiyi yardımlardır. Məhz ulu öndərin mətbuatın inkişafına diqqət və qayğısının nəticəsi olaraq bir sıra qəzetlərin, o cümlədən müxalifət mətbuatının çapa görə illərdən bəri yığılmış borcları dövlətin hesabına ödənildi. Bu diqqət və qayğının nəticəsi idi ki, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdü. Söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də KİV-nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. Dövlət başçısının mətbuata münasibəti demokratik inkişafın zəruri tələblərinə söykənir. Son illər ərzində qəzetlərin borcunun ödənməsindən başlamış Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətlə mətbuat işçilərinin təltifi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə yüksək qiymətin göstəricisidir. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Hər il maliyyə yardımlarının göstərilməsi, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi bir daha sübut edir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə son onillikdə Azərbaycan mətbuatında ciddi irəliləyişlər baş verib. Dünyanın çox az ölkəsində mətbu orqanın təsis edilməsi ilə bağlı respublikamızdakı kimi liberal qaydalara rast gəlmək olar. Televiziyaların, radioların, o cümlədən internet televiziyalarının, informasiya agentliklərinin, xəbər saytlarının sayı artıb. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha fəal və geniş şəkildə təmsil olunur. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bunu yüksək qiymətləndirən mətbuat işçiləri Prezident İlham Əliyevi iki dəfə "Jurnalistlərin dostu" elan ediblər. Təsadüfi deyil ki, prezident İlham Əliyev dəfələrlə söz və mətbat azadlığının təmin olunmasında maraqlı olduğunu bəyan edib: "Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər". Hazırda qətiyyətlə demək olar ki, Azərbaycandakı demokratik mühit, söz və mətbuat azadlığının təmin edilməsi hər bir media qurumunun sərbəst fəaliyyətinə imkan verir. Azərbaycan hakimiyyəti azad sözün himayəçisi kimi çıxış edir və əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq hər bir KİV-nin və jurnalistin hüquqları dövlət tərəfindən qorunur, o cümlədən ölkədə söz azadlığının olmadığını iddia edən və fəaliyyətini ancaq iqtidarı əsassız tənqid üzərində quran müxalifət mətbuatının. Azərbaycanda heç kim sərbəst düşüncəsinə görə təqib edilmir. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxarmaqda, cəmiyyətə çatdırmaqda azaddır. Bu mənada Azərbaycanda mətbuat azadlığının olmaması barədə xarici hesabatlarda yer alan fikirlər yalandan başqa bir şey deyil. Azərbaycanda söz və mətbuat azadlığının boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, siyasi dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata çıxış imkanlarının məhdudlaşdırılmasına dair bir fakt belə göstərə bilməzlər. Odur ki, onların Azərbaycan mətbuatı ilə bağlı qənaətləri tamamilə obyektivlikdən uzaqdır. Bu cür yalanlar ənənəvi olaraq ölkəmizə qarşı həyata keçirilən antimilli kampaniyanın tərkib hissəsidir. Söz azadlığının pozulması ilə bağlı heç bir fakta əsaslanmadığına görə belə hesabatlar tamamilə qeyri-obyektiv mülahizələrdən ibarətdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR