Boşanmadan ən çox əziyyət çəkənlər

Azərbaycanda qadına qarşı aqressiv mövqe var
 

Ölkədə boşanma hallarının sayında artım müşahidə olunur. Araşdırma zamanı bəlli olub ki, boşanmalar ən müxtəlif səbələrdən baş verir ki, onlar sırasında xarakter uyğunsuzluğu və sosial məslələr ön sırada durur. Maraqlı məqalmlardan biri ondan ibarətdir ki, boşananlar arasında uşaqlı ailələrin sayı üstünlük təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, Azərbaycanda ər-arvad boşandıqdan sonra əsas problemlər uşaqlı ailələrdə yaranır. Onun sözlərinə görə, ər-arvad ayrıldıqdan sonra ortaya çıxan əsas problemlər uşaqların hansı valideynin yanında qalması, alimentin ödənilməməsi, qeydiyyatla bağlı olur. Komitənin belə ailələrdə uşaqlara psixoloji baxımdan yardımlar göstərdiyini nəzərə çatdıran E.Səfərov əlavə edib ki, Azərbaycan ailələrində boşandıqdan sonra əsas ortaya çıxan problemlərdən biri də birgə əmlakların bölüşdürülə bilməməsi səbəbindən yaranır: "Boşanan zaman ən çox rast gəlinən problemlərdən biri də tərəflərin rəsmi nikahının olmamasıdır. Buna görə də məsələhətimiz odur ki, tərəflər nikaha daxil olarkən dini nikahla bərabər, rəsmi nikah da bağlasınlar". E.Səfərov əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 6281 boşanma faktı qeydə alınıb. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması boşanmaların əsas səbəbləri arasındadır. Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova isə bildirib ki, son illər Azərbaycanda nikahların kəskin azalması müşahidə olunmur: "İndi gənclər birgə yaşamağı bacarmayanda, artıq əvvəlki nəsil kimi dözümlülük nümayiş etdirmir, ən son atacaqları addımı elə ən başda atırlar, yəni birdəfəlik ayrılırlar. Gənclərin ailə həyatına hazırlıq məqsədi ilə Komitə tərəfindən "Gənc ailələr", "Gənc ana" kursları təşkil olunur". Qeyd edək ki, Azərbaycanda uşaqlı ailələrdə boşanmaların sayı durmadan artmaqda davam edir. Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. 2015-ci ildə boşanmış uşaqlı ailələrdə 9378 uşaq olub. Maraqlıdır, bəs boşanmalar zamanı əziyyəti daha çox kim çəkir, övladlar, yoxsa valideyinlər?
Hüquqşünas Rövşən Qasımov bildirib ki, boşanan ailələrdə birinci zərbəni övlad alır. Amma o da etiraf edilməlidir ki, boşanma hallarında qadınların da səhvi az olmur: "Ayrılmısınız, bilməlisiniz ki, ərlə arvad boşanır. Valideyn uşaqlarından boşanmır. Ona görə də nə qədər də pis kişi olsa qadın çalışmalıdır ki, uşağın xəyalında ata obrazını insan hədəqəsindən çıxarmasın. Çünki oğlan uşağının atasına nifrət etməsi öz cinsinə nifrət etməsi deməkdir. Belə hallarda o, böyüyüb kişi olmaq istəmir. Varlı qaynata axtarır ki, kimsə ona himayədar olsun. Ona görə ki, o oğlan olaraq şəxsiyyət kimi düzgün formalaşmayıb. Çünki vaxtilə anası atasını onun gözündən salıb. Odur ki, nəzərəalmaq lazımdır ki, boşananda birinci zərbəni uşaq almış olur". Onun sözlərinə görə, boşanma zamanı qadınlar da zərbə alır: "Hər zaman deyirik qadın heç bir halda döyülməməlidir, söyülməməlidir. Lakin dərk edilməlidir ki, kompramis ayrı şeydir, dözmək ayrı şey. İnsan həyata bir dəfə gəlir. Biz bu həyata dözməyə gəlmirik. Həyata sözün həqiqi mənasında yaşamağa gəlirik. Demək istədiyim odu ki, bəli, son halda əgər biz heç cür bu ailəni qoruya bilmiriksə, heç cür bu ailəni saxlaya bilmiriksə və boşanmaq yeganə yoldursa təbii ki, boşanmaq lazımdır. Ancaq mən yenə üzümü qadınlarımıza tutub deyirəm ki, onlar yəqin ki, sözdə də olsa eşidiblər ki, Azərbaycan cəmiyyətində boşanmış qadını nə gözləyir". Hüquqşünas qeyd edib ki, Azərbaycanda qadına, qıza qarşı çox aqressiv mövqe var: "Bunun indi mən dərinliyinə getmirəm. Bunun sosial tarixi səbəbləri var. Bunun psixolji faktorları var. Bunlar hamısı etnik psixologiyadan irəli gəlib. Nəyəsə görə insanlar öz anaları, bacıları, qızları gələndə bu kişi bir adam olur, söhbət gəlinindən, qonşunun gəlinindən, boşanmış bir başqa qadından gedəndə tamam ayrı bir adam olur. Yəni bizim kişilərdə də belə qeyri-adi metamorfoz var. Kəpənəklə tırtıl kimi simasını elə dəyişirlər ki, bilmək olmur hansı onun əsl simasıdır. Yəni boşanan qadın üçün çox çətin olur. Boşanarkən qadınlar bunu nəzərə almalıdırlar ki, onları hansı iyrənc baxışlar, eybəcər təkliflər gözləyir. Ailəli qadına qarşı əgər onun iş yerində müəyyən bir pressinq varsa, görün boşanmışı nə gözləyir? Ona görə həmişə valideynlərə yana-yana deyirəm ki, bəli, oğlan da oxumalıdır, amma birinci növbədə qızınıza təhsil verin. İmkan verin, getsin xaricdə oxusun. Xaricdə inanın ki, saatlarla dərs oxuyurlar. Onun hansısa pis bir işə vaxtı da olmur". Onun qənaətinə görə, boşanma zamanı qadın da zərbə alır, övlad da: "Bir zərbə də odur ki, gedirlər, haradansa oğlana 17-18 yaşında bir qız alıb gətirirlər. Gələnin də ağlı yoxdur, fikirləşmir ki, Azərbaycan elə bir mentalitetli ölkədir ki, buradakı qadınlar son ana qədər dözür. Yalnız mümkünatsızlıqdan çıxır gedir. Təzə gələn fikirləşmir ki, quş quşluğu ilə öz yuvasını qoyub qaçmır, əcaba bu oğlan belə yaxşı idisə əvvəlki niyə boşanıb. O gələn qızın valideynləri də araşdırmadan addım atırlar. Bir də görürsünüz ki, bir oğlan 3-4 dəfə evlənib boşanıb. Deməli, günüh o oğlanda deyil, günah 3-4 yiyəsiz bədbəxtlərin valideynlərindədir. Yenə qayıdım o sualın üzərinə ki, boşanarkən ən böyük zərbəni uşaqlar və ana alır".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR