Vəkil büroları və fərdi vəkillərin sayı artacaq

Vamiq Şükürov: "Hüquq xidmətinin ancaq vəkillər tərəfindən görülməsi barədə qanunvericiliyə dəyişikliklər edilməsi gözlənilir"

Son illər Azərbaycanda bütün sahələr üzrə müşahidə edilən inkişaf tendensiyası həmin sahələrdə zaman-zaman yeni-yeni yanaşmaları zərurətə çevirir. Bu istiqamətdə mövcud olan qanunvericlik bazası zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir, ona əlavə və dəyişikliklər edilir. Bununla da bu və digər sahənin daha da inkişafı üçün yeni-yeni imkanlar yaranır. Eyni fikirləri hüquq sahəsinə də şamil etmək olar. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, hüquqi sahədə mövcud qanunların, normativ aktların məcəllələrin daha tez-tez təkmilləşdirilməsi, hüquqi, demokratik dünyaya uyğunlaşdırılması qaçılmaz xarakter alır. Müsbət qeyd edilən məqamlardan biri də ondan ibarətdir ki, bu sahədə atılan addımlar, qəbul edilən qərarlar, qanunvericilik bazasının təkmilləşdirilməsi beynəlxalq səviyyədə də dəstək görür, təqdir olunur. Elə bu günlərdə cəzaların humanisləşdirilməsi istiqamətində atılan addımları, qanunverici orqanda bu istiqamətdə görülən işləri qeyd etmək kifayət edir. Bu günlərdə isə hüquqi sahədə daha bir yeniliyə imza atılacağı barədə xəbərlər yayılmaqdadır. Belə ki, yaxın vaxtlarda məhkəmə orqanlarında nümayəndəlik institutunun ləğv ediləcəyi iddia olunur. Bəs, görəsən belə bir addımın atılması hansı zərurətdən irəli gəlir və bu hansı müsbət və ya mənfi hallara yol aça bilər? Ümumiyyətlə, hüquq ekspertləri bu barədə nə düşünür? Məsələ ilə bağlı fikirlərini bölüşən vəkil Vamiq Şükürov qeyd edib ki, hüquq xidmətinin ancaq vəkillər tərəfindən görülməsi barədə qanunvericiliyə dəyişikliklər edilməsi gözlənilir. Onun sözlərinə görə, dəyişiklik qüvvəyə mindikdən sonra məhkəmələrdə ancaq vəkillər nümayəndə ola biləcəklər: "Bununla əlaqədar hüquq xidməti sahəsində müəyyən gözləntilərim var. Ən əsas məsələ nümayəndə olan hüquqşünasların müvəqqəti işsizlik ilə üzləşməsi problemidir. Hüquq mühafizə orqanlarından çox nümayəndə hüquqşünaslar nisbətən az maaşla şirkətlərdə işləyəcəklər. Şirkətlər hüquq xidməti göstərmək üçün vəkillərlə müqavilə bağlayacaqlar. Çox güman ki, vəkillərin şirkətlərdə işləməsinə qoyulan hüquqa zidd qadağa aradan götürüləcək. Həmçinin vəkil köməkçiləri çoxala bilər. Xüsusən də vəkilliyə qəbul olunmaq üçün staj toplamaq istəyənlər vəkil köməkçisi kimi işləyəcəklər". Vamiq Şükürov onu da deyib ki, vəkillər hüquq xidmətini daha peşəkar görməyə çalışacaqlar. Çünki tələbat çoxalacaq: "Vəkil bürolarının və fərdi vəkillərin sayının artması gözlənilir. Vəkillər arasında təyinat işlərinə çıxmaq arzuolunmaz hal sayılacaq. Amma vəkilliyə yenicə daxil olan qeyri-peşəkar olacaqlar. Nümayəndəliyi görməyən namizəd vəkillər müştərilərin başında dəlləkliyi öyrənəcəklər. Bunun üçün vəkil namizədlər staj keçməlidirlər. Amma staj keçmək üçün vaxt tələb olunur, bu müddədə isə staj keçən namizədlərin maddi təminatı olmaycaq. Məhkəmə işçilərinin işi çoxalacaq. Nümayəndələrin gördükləri işlər (məhkəmə işçiləri imkansız vətəndaşlara "yüngül" ərizələr yazırdı) artacaq. Xüsusən rayonlarda.Nümayəndəlik görməyən vəkil namizədlərə təcrübəni öyrədən müəllimlərin sayı artacaq. Vətəndaşların hüquqşünaslara müraciət etmə imkanları azalacağı üçün bir çox sadə hüquqi əməliyyatları icra etməyi öyrəcənəcəklər". Hüquqşünas bildirib ki, vəkil ola bilməyən nümayəndə hüquqşünaslarla vəkillərin işbirliyi qaçılmaz olacaq. Klyentura bazası olan nümayəndələr vəkillərlə birlikdə işləməyə məcbur olacaqlar: "Vəkillərin sayı dəfələrlə artacaq. Kollegiya tərəfindən vəkillərin maliyyə fəaliyyətinə nəzarət artacaq. Orderlərin minimum qiymətləri qaldırılacaq. Çox güman ki, vəkillər ordersiz etibarnamə ilə məhkəmələrə çıxa bilməyəcəklər. Artıq nümayəndəliyi vəkillər edə biləcəyindən hakimlər istinasız order tələb edəcəklər. Əhaliyə hüquqi yardım adı altında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları çərçivəsində faktiki olaraq ödənişli nümayəndə hüquqşünaslar çoxala bilər. Bildiyiniz kimi dəyişikliklər layihəsində hüquqi şəxsin öz işlərini işçiləri vasitəsi ilə görməyə icazə verilir. QHT-lər əhaliyə hüquqi yardım fəaliyyətini öz işçiləri ilə sərbəst şəkildə görə biləcəklər. Hüquq xidməti göstərən şirkətlər müştəridən şirkət adına etibarnamə alıb öz işçisinə etibarnamə verməklə vəkil olmayan nümayəndə vasitəsi ilə məhkəmələrə çıxış imkanı əldə edə bilərlər. Məsələn, vətəndaş ailə mübahisəsini həll etmək üçün A şirkətinə başqasına etibar etmə səlahiyyəti ilə etibarnamə verir. Şirkət isə həmin işi öz işçisinə etibarnamə ilə tapşıra bilər ki, vəkil olmayan nümayəndə məhkəmələrdə iştirak edə bilsin".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR