Azərbaycan bütün demokratik prinsiplərə sadiqdir

Toğrul Allahverdili: "Azərbaycanda istənilən siyasi partiya, ictimai təşkilat istənilən zamanda bu və ya digər məsələ ilə bağlı öz etirazını ifadə edə, mitinq və ya digər etiraz aksiyasını keçirə bilir"

"Məgər bunun özü söz, fikir, ifadə və məlumat azadlığı, plüralizm demək deyilmi?"

Azərbaycan tarixində ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra demokartik cəmiyyətin bir üzvü olaraq əsas hüquq və prinsiplərin təmin olunması, onların qorunub inkişaf etdirilməsi sahəsində məqsədyönlü, təqdirəlayiq addlmlar atmağa başladı. Tədricən bütün istiqamətlərdə tərəqqi və inkişaf kimi müsbət tendensiya özünü göstərdi. Bir faktı da etiraf etmək lazımdır ki, müxtəlif sahələr üzrə tərəqqi, inkişaf əsasən 1993-cü ilin yay aylarından sonra özünü göstərdi. Hansı ki, həmin dövrə qədər Azərbaycanda hər hansı bir sahənin inkişafından söhbət gedə bilməzdi. Əksinə ölkə getdikcə geriyə doğru addımlayırdı. Baxmayaraq ki, artıq müstəqilliyin elanından bir neçə il keçmişdi. Lakin qeyd etdiyimiz kimi hər hansı bir sahənin inkişafından əsər-əlamət yox idi ki, bunu da şərtləndirən müxtəlif amillər vardı. Ən başlıcası hakimiyyətin səriştəsiz və siyasi cəhətdən naşı adamlardan formalaşması idi. Təbii ki, bu əsas amil idi. Yəni, rəhbərlik etdiyi sahədən heç bir anlayışı olmayan birisinin o sahədə hansısa yeniliyə, inkişafa nail olması mümkün deyildi.

Müstəqilliyin ilk illərində media sahəsində də çoxsaylı problemlər mövcud idi. Ümumiyyətlə bu illərdə hansısa söz, məlumat, fikir və ifadə azadlığından danışmaq yersiz idi. Demokratiya, aşkarlıq, müstəqillik şüarları ilə hakimiyyətə gəlmiş AXC-Müsavat hakimiyyəti üçün qeyd edilən prinsiplər yalnız sözdə, kağız üzərində mövcud idi. Amma pis günün ömrü az olduğu kimi, Azərbaycanın çətin, geriyə, problemlərlə dolu bir ölkəyə çevrildiyi gün də tezliklə aradan qalxdı və 1993- cü ildən Azərbaycanın həyatında yeni bir mərhələ, inkişaf dövrü başladı. Həmin ilin əvvəllərindən ölkədə yaranmış xaos, anarxiya, başıpoźuqluqdan cana doyan Azərbaycan xalqı xilas yolunu, ümid yerini ümummilli lider Heydər Əliyevi Bakıya, siyasi hakimiyyətə dəvət etməkdə gördü. Beləliklə. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən, ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan dərhal sonra bütün sahələrdə inkişafa, tərəqqiyə nail olmaq üçün təxirəsalınmaz addımlar atmağa başladı, islahatlar həyata keçirdi. Ümummilli liderin o vaxt atmış olduğu ən mühüm addımlardan biri də media, kütləvi informasiya vasitələri sahəsində atmış olduğu addımlar oldu. Məhz Heydər Əliyevin atdığı addımlar və həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda media, kütləvi informasiya vasitələri ilə iş sahəsində yeni bir dövr, mərhələ başladı. Təsadüfi deyil ki, elə əksər ekspertlər, media nümayəndələri də belə düşünür. Diaspora.az saytının baş redaktoru, Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili də bu qənaətdədir. "OLAYLAR"a verdiyi müsahibədə Toğrul Allahverdili Azərbaycan mətbuatının bu günü, hazırkı inkişaf mərhələsinə gəldiyi dövrə qədər keçdiyi yol, eləcə də mediamızın qarşısında duran vəzifələr, inkişaf perspektivləri, ən əsası ölkədə söz, fikir, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində görülən işlər, atılan addımlar barədə danışıb.

-Toğrul bəy, hazırda ölkədə fikir, söz, ifadə və məlumat azadlığının durumunu necə qiymətləndirirsiniz?

-Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının mövcudluğu hər kəsə bəllidir. Bu sahədəki vəziyyət göz önündədir. Bu gün tək bizlərə deyil, eləcə də dünyaya, beynəlxalq təşkilatlara, hətta deyərdim ki, bu mövzular ətrafında dəllallıq edən bir sıra beynəlxalq təşkilatlara ölkəmizdə fikir, söz və məlumat, ifadə azadlığının tam təmin olunduğu gün kimi aydındır. Dünyada həqiqətən söz və məlumat, ifadə azadlığı uğrunda mübarizə aparanlar, bu prinspləri əsas götürənlər Azərbaycanda qeyd edilən istiqamətdə atılan addımlar, görülən işləri təqdir edir, ölkəmizdə bu sahədə mövcud olan vəziyyəti yüksək qiymətləndirirlər. Və təbii ki, bu cür obyektiv yanaşma bizi məmnun edir. Ancaq elə də beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsi var ki, onlar üçün fikir, söz, ifadə, məlumat azadlığı alver predmeti, təsir vasitəsi funksiyası daşıyır. Yəni həmin təşkilat və qurumlar yeri gəldi-gəlmədi ayrı-ayrı dövlətləri fikir, söz, ifadə, məlumat azadlığına riayət etməməkdə əsassız olaraq tənqid edir, qərəzli münasibət sərgiləyirlər.

-Bu günlərdə radikal düşərgənin təşkil etdiyi mitinqlər də elə ölkədə söz, fikir, ifadə azadlığının, plüralizmin təmin edilməsindən xəbər vermirdimi?

-Əlbəttə elədir. Yuxarıda toxunduğum məsələ barədə son olaraq qeyd etmək istəyirəm ki, təəssüflər olsun Azərbaycan da müntəzəm olaraq həmin təşkilat və qurumların hücumlarına məruz qalır. Halbuki Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığı, plüralizmin tam təmin olunduğu göz önündədir, aydın şəkildə ortadadır. Uzağa getməyək. Sizin də qeyd etdiyiniz kimi bu günlərdə müxalifətin radikal qanadının təmsil olunduğu Milli Şura adlanan qurum paytaxtda, "Məhsul" stadionu adlanan yerdə özünün növbəti etiraz aksiyası, mitinqini keçirdi. Məlumat üçün qeyd edim ki, sentyabrın 23-də də adıçəkilən qurum "Məhsul" stadionunda növbəti etiraz aksiyasını təşkil etmişdi. Mən Milli Şuranın mitinqinin uğursuz sonluğunu, xalq tərəfindən nə üçün dəstək qazanmadığını bir kənara qoyaraq, aksiyanın təşkili, orada səsləndirilən fikirlərə diqqət çəkmək istərdim. Yəni deməyim odur ki, bu gün Azərbaycanda fikir, söz, ifadə, məlumat azadlığının pozulduğunu iddia edənlər, bununla bağlı Azərbaycana qərəz, böhtan dolu fikirlər səsləndirənlərə Milli Şuranın 23 sentyabr və 7 oktyabr mitinqləri əslində bir cavabdır. Əgər onların dediyi, iddia etdiyi kimi Azərbaycanda fikir, söz, ifadə, məlumat azadlığı, plüralizm mövcud olmasaydı, o halda heç Milli Şura, yaxud başqa bir siyasi təşkilat öz etiraz aksiyasını keçirə bilməzdi.

-Bunun qarşılığında isə biz hansı mənzərənin şahidi oluruq?

-O mənzərənin şahidi oluruq ki, Azərbaycanda istənilən siyasi partiya, ictimai təşkilat istənilən zamanda bu və ya digər məsələ ilə bağlı öz etirazını ifadə edə, mitinq və ya digər etiraz aksiyasını keçirə bilir. Məgər bunun özü söz, fikir, ifadə və məlumat azadlığı, plüralizm demək deyilmi? Yaxud elə həmin mitinqdə istər təşkilatçılar, istərsə də iştirakçılar ağızlarına və ağıllarına gələn fikirləri, şər-böhtanı, qərəzli ifadələri Azərbaycan hakimiyyətinin ünvanına səsləndirirdilər. Bunun özü də fikir, söz, ifadə, məlumat azadlığı deyilmi? Əgər doğurdanda bəlli antiAzərbaycan dairələrin iddia etdiyi kimi ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığı, plüralizm olmasaydı, o halda həmin aksiya iştirakçıları bu kimi şər-böhtan dolu fikirləri səsləndirə bilməzdilər. Yaxud mitinqdən əvvəl və ondan sonra sosial şəbəkələrdə əsassız, heç bir məntiqə söykənməyən, sağlam təfəkkürə sığmayan fikirlər, ifadələr işlətməzdilər. Göründüyü kimi Azərbaycanda fikir, söz, məlumat, ifadə azadlığının olmadığı barədə iddia edilənlər, səslənən fikirlər heç bir məntiqə sığmır və kökündən yalandır. Bütün bunlar Azərbaycanı gözdən salmağa hesablanmış oyunlardır ki, həmin oyunların da arxasında kimlərin dayandığı, hansı məqsədlərə xidmət etdikləri hər kəsə bəllidir. Bu günlərdə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən Azərbaycan Prezidenti Cənab İlham Əliyev   açıq şəkildə ölkəmizə qarşı olan kampaniyanın arxasında hansı qüvvələrin dayandığını, kimlərə xidmət etdiyini və nə məqsəd daşıdığını elə avropalıların özünə dedi: "Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz dəmək olar ki, yüz faiz Avropa standartlarına uyğundur. Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır - yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR