Bilik Fondu Cocuq Mərcanlıda müəllimləri təbrik etdi

Oktyabrın 5-də Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər. Olaylar bildirir ki, səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva dövlətin uğurla həyata keçirdiyi dil və təhsil siyasətinin prioritet istiqamətlərindən danışaraq, insan kapitalının formalaşmasında orta məktəbin xüsusi rola malik olduğunu bildiriblər. Görüşdə müəllimlərə Bilik Fondunun bayram təbriki çatdırılıb və hədiyyələr təqdim edilib, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məktəb kitabxanasına kitab bağışlayıblar. Bununla yanaşı, Bilik günü ərəfəsində ilk tədris ilinə qədəm qoymuş Cocuq Mərcanlı kənd məktəbinə kitablar hədiyyə etmiş Suraxanı rayonu şəhid D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektivinin həmkarlarına ünvanladıqları təbrik lövhəsi kənd məktəbinin direktoru Zamin Həziyevə təqdim olunub.

Z.Həzıyev göstərilən qayğıya görə qonaqlara minnətdarlığını bildirib, dövlətin yerli müəllimlərə göstərdiyi diqqət və qayğının məktəbin pedaqoji kollektivində ruh yüksəkliyi yaratdığını, şagirdləri elmi biliklərə daha dərindən yiyələnməyə sövq etdiyini vurğulayıb. Cəbrayıl Rayon Təhsil İdarəsinin müdiri Validə Həsənova da bütün müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib və Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə təşəkkürünü bildirib. Nümayəndə heyəti Cocuq Mərcanlı məscidində sakinlərlə də görüşüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR