Ordumuzun aprel sınağı: yeni qəhrəmanlıq salnaməsi

Məkirli və hiyləgər əməlləri ilə Azərbaycanı daim təxribatlara sürükləməyə   cəhd edən Ermənistan cari ilin aprel ayında da öz ənənəsinə sadiq qaldı. Belə ki, 2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə   və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətdi. Bu müddət ərzində Ermənistan tərəfi təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etdi. Nəticədə 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. Bütün beynəlxalq humanitar qanunları ayaq altına atan Ermənistan silahlı qüvvələri hücum hərəkətləri zamanı qəsdən Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə etdi. Lakin bu təxribatçı hərəkətlər Azərbaycan Ordusunu qətiyyən sarsıtmadı, əksinə Ermənistanın təxribatlarına əks-hücum zərbələri   ilə cavab verən Azərbaycan Ordusu   2000 hektardan çox torpağı işğalçılardan azad etdi. Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında xeyli ərazi işğalçılardan azad edildi. Hazırda   bu ərazilərə Azərbaycan Ordusu nəzarət edir.
      Aprel döyüşlərindən alnı açıq, üzü ağ çıxan Silahlı Qüvvələrimiz bir daha sübut etdi ki, bu gün Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da inkişaf edib və güclü ordulardan birinə çevrilib, çoxlu sayda gənc peşəkar kadrlarımız yetişib. Apreldə baş verən hadisələr zamanı düşmən də, dünya da ordumuzun artan gücünü gördü. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycan Ordusu silah-sursat təchizatı baxımından postsovet ölkələri arasında öndədir. Azərbaycan həm müasir texnika və silahlara malikdir, həm də öz istehsalı ilə ordusunu müxtəlif silahlarla təmin edir. Şəhidlərimiz   isə bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirməyə qadirdir.   Bu yerdə Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək yerinə düşərdi: "Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır". Fakt odur ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək əhval-ruhiyə var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Bu isə qətyyətlə deməyə əminlik yaradır ki,    şəhidlərin qisası alınacaq və torpaqlarımız işğaldan azad olunacaq. Milli məclisin vitse-spikeri Bahar   Muradova bildirib ki, aprelin əvvələrində baş verən döyüşlər zamanı Ermənistan tərəfinin uzun illərdən bəri yaratdığı fikirlər sarsıldı: "Düşmən ölkənin daxilində ziddiyətli, eləcə də Ermənistan hakimiyyəti üçün arzuolunmaz proseslər getməyə başladı. O cümlədən Dağlıq Qarabağda müharibənin lazım olmadığı ilə əlaqədar fikirlər səsləndirildi. Erməni əsilli nümayəndələrin bu istiqamətdə fikirləri, bəyanatları səslənməkdədir. Bu onu göstərir ki, onların da artıq bir qismi vəziyyətdən yorulub və münaqişənin həllini istəyir. Hesab edirəm ki, aprel hadisələri zamanı biz dünyaya göstərdik ki, ölkəmiz   bu vəziyyətlə barışmayacaq, dözümlülük nümayiş etdirməyəcək. Ermənilərin təxribatları qarşısında siyasi və hərbi addımlar atılacaq. Azərbaycan ordusunun regionda ən güclü ordu olmasına heç kimin şübhəsi qalmadı. Əsas da Azərbaycan vətəndaşlarının öz ordusuna, Ali Baş Komandana, tezliklə münaqişənin həll edəcəyinə inamı daha da möhkəmləndi. Bu inamla biz həmin dövrlərdə ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin şahidi olduq. Bunu Ermənistan, eləcə də onları dəstəkləyən qüvvələr də gördü. Qətiyyətli mövqe vadar edir ki, biz bu mövqeni sona qədər aparmaqla Azərbaycan Prezidentinin siyasətinə dəstək verək". 
  Etiraf edək ki, aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını qətiyyətlə aldıqdan sonra ölkədə çox böyük vətənpərvərlik əhval-ruhiyyəsi yarandı. Bütün Azərbaycan cəmiyyəti ordumuzun yanında olduğunu nümayiş etdirdi. Məlum oldu ki, cəmiyyətin bütün üzvləri   Silahlı Qüvvələrimizin   könüllü əsgəridir   və Vətən üçün canından keçməyə hazırdır. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə insanlar küçələrə çıxaraq, torpaqlarımızın azadlğı uğrunda hər han döyüşə atılmağa hazır olduqlarını bəyan etdilər. Eləcə də dünyanın dörd bir yanından ölkə başçısı, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə dəstək məktubları ünvanlandı. Aprel hadisələri dünyada mövcud olan 50 milyondan çox Azərbaycan türklərinə və Türk dünyasına mesaj oldu ki, 25 illik müstəqillik təcrübəsi olan Azərbaycan ordusunun böyük döyüş bacarıqları var. Azərbaycan ordusunun psixoloji vəziyyəti yüksək səviyyədədir. Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərimizdə təcavüzkar Ermənistanın çirkin niyyətli təxribat cəhdlərinin qarşısının şanlı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alınması, düşmənə sarsıdıcı zərbələr endirərək, onun böyük sayda canlı qüvvəsini, çoxsaylı texnikasını sıradan çıxarması, stareteji əhəmiyyətə malik yüksəklikləri işşğaldan azad edib, mövqelərini möhkəmləndirməsi bütün dünyada yaşayan azərbaycanlılarda tükənməz qürur hissləri oyatdı. Nəticədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlanmağa başladı. Məktublar birinci Qarabağ müharibəsi veteranları, gənclər, hətta qadınlar tərəfindən yazıldı və onların hər biri Vətənimizin bütövlüyü uğrunda hər an canlarından keçməyə, bu yolda Ali Baş Komandanla bir yerdə olmağa hazır olduqlarını vurğuladılar. O cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımız da cəbhədə işğal altında qalan ərazilərimizin bir hissəsinin silahlı qüvvələrimizin nəzarəti altında keçməsindən fərəhlənərək   Ali Baş Komandana yüzlərlə məktub ünvanladılar. Ünvanlanan məktublar Azərbaycanın bütün bölgələrindən, eyni zamanda qardaş Türkiyədən, İraqdan, Rusiyadan, Belorusdan, Ukraynadan, Litvadan, Almaniyadan yazılıb və bu məktublardakı mənaların hər biri eyni faktora əsaslanıb - CƏNAB PREZİDENT, SİZİNLƏYİK!!! Millət vəkil Siyavuş Novruzovun   sözlərinə görə, aprel hadisələri bir daha göstərdi ki, xalq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir: "Hamı Prezident, Ali Baş Komandan ətrafında birləşdi. Bir neçə təşkilatı çıxmaqla bütövlükdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları, xalq həmrəy oldu və düşmən tərəfi də bu birliyi, həmrəyliyi gördü, Azərbaycan haqqında yayılan yalan məlumatlar ifşa olundu. Eyni zamada bu hadisələr Ermənistanın başqa-başqa dövlətlərdən asılı olduğunu nümayiş etdirdi".

 Alim Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR