Vətəndaş cəmiyyətləri dövlətin tərəfdaşına çevriliblər

Azərbaycanda vətəndaş cəmiyyətlərinin azad və şəffaf fəaliyyəti siyasi plüralizmin bariz nümunəsi kimi göstərilir.  Çünki, ölkəmizdə vətəndaş cəmiyyətləri heç bir maneə ilə üzləşmədən, məhdudiyyətlərə məhrum olmadan, azd və şəffaf şəkildə fəaliyyətdə bulunurlar. Üstəlik bu sektorun normal şəaliyyəti məqsədilə qanunvericilik bazası yaradılıb, dövlət tərəfindən hər cür dəstək və qayğı ilə əhatə olunub. Vətəndaş cəmiyyətləri də adekvat olaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək dövlətin tərəfdaşlarından birinə çevriliblər. Qeyd edək ki, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətcisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür. İnkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi;sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.

Sosioloq Hafiz Nurəli bildirib ki, vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçmişdir. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkşafı intibah dövründə də davam etmiş və H.Qrotsinin, T.Hobbun, C.Lokkun, Ş.Monteskyenin əsərlərində öz əksini tapmışdır. Lakin "vətəndaş cəmiyyəti" termini yalnız 18-ci əsrdən indiki mənada istifadə edilməyə başladı. Buna baxmayaraq sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmirdi. Onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət və dövlət strukturları və mexanizimləri bütövlükdə və bütün hallarda üst-üstə düşrdü. Yeni dövr mütəfəkkirləri "şəxsiyyət" anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə cəmiyyət arasında qəti ziddiyət olduğunu da dərk edirdilər. Antik və orta əsrlər ideyası olan "şəxsi və ictimai"-nin eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V.Humbolt, İ.Kant, G.Hegel, Karl Marks, M.Veber və b. mütəfəkkirlər bu təzahürləri hüdudlaşdırırdılar, lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri görsünlər və anlasınlar ki, onlardan biri digərini tamamlayır.

Sosioloq deyir ki, Azərbaycanda ixtisaslaşmış vətəndaş cəmiyyətləri öz sahələrinə uyğun layihələr həyata keçirməklə bir növ dövlətə yardımçı olurlar. Bura əlil uşaqların sosial vəziyyətindən tutmuş, günərzi qayğı mərkəzlərinin yaradılmasına qədər ən müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsi daxildir. Yəni QHT-lərimiz bütün sosial spektrlərdə layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. QHT-lər yerli donorlarla yanaşı xarici donorlar hesabına da sosial problemləri olan vətəndaşlara bu sahədə yardımlar edilir. Həqiqətən də bu gün cəmiyyətimizdə valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı problemi mühüm yer tutur. Hazırda beş mindən çox valideyn himayəsindən məhrum olan uşaq var. Məhz QHT-lər atılmış uşaqlara yardım, onların mövcud problemlərinin həlli məqsədi ilə mühüm iş aparırlar. Bu məsələ ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə, həm də digər əlaqədar strukturlarla geniş əməkdaşlıq edilir. Humanist və xeyriyyəçilik tədbirlərin keçirilməsi, kimsəsiz insanlara müəyyən yardımların göstərilməsi, qaçqın və məcburi köçkünlərə yardımların edilməsi bu əməkdaşlığa daxil olan məsələlərdəndir: "QHT-lərimiz eyni zamanda şəhid, əlil alilərin sosial problemləri, qayğıya ehtiyacı olan insanlara yardımların edilməsi məsələsində fəallıq nümayiş etdirirlər. Bu insanların pulsuz kurslara cəlb edilməsi, müəyyən bilik və bacarıqların öyrədilməsi baxımından da mühüm işlər aparılır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən QHT-lərimiz müntəzəm olaraq monitorinqlər aparır və sosial problemləri aşkarlayırlar. Üzə çıxarılan problemlər müvafiq qurumlara təqdim edilir. Nəticədə isə aidiyyatı qurumlar bu problemlərin həlli istiqamətində müəyyən addımlar atırlar. Hesab edirəm ki, bütün bunlar üçüncü sektorun sosial problemlərin həllində oynadıqları mühüm roldur".

Təsadüfi deyil ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətlərini özünə tərəfdaş hesab etməklə yanaşı, onların fəaliyyətinə şərait də yaradır. Hökumət vətəndaş cəmiyyəti resurslarına, QHT-lərə ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut kimi baxdığını gizlətmir. Azərbaycan Respublikasında hesab edilir ki, QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən dövlət QHT-ləri özünə tərəfdaş görür. QHT-lərin məşğul olduğu sahə, onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda, dövlət siyasətinin prioritetlərini təşkil edir. Xatırladaq ki, 1995-ci ildə ölkədə demokratik inkişafın təməlini qoyan Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu qeyri-hökumət təşkilatlarının fəaliyyətində irəliyə doğru dönüş nöqtəsi oldu. 2000-ci ildə isə Milli Məclis tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun qəbul edilməsi ilə vətəndaş cəmiyyəti instiutlarının inkişafında mühüm rol oynadı. Bu qanuna əsasən, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Yeri gəlmişkən, vətəndaş cəmiyyətinin 10 prinsipi var ki, onlar arasında xüsusilə diqqətdə - Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması dayanır. Bu baxımdan vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəlincə isə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır. Etiraf edilməlidir ki, Azərbaycanda vətəndaş cəmiyyətləri sadalanan prinsiplərə uyğub fəaliyyət göstərməkdə tam sərbəstdirlər. Ölkədə vətəndaş cəmiyyətlərinin sərbəst fəaliyyəti  Azərbaycan dövlərinin hüququn aliliyinə söykəndiyini ehtiva edir. Çünki dövlətimiz azad vətəndaş cəmiyyətinin formalaşmasına hər cür dəstək verir. Bu isə o anlama gəlməlidir ki, Azərbaycanda  demokratik təsisatların inkişafı danılmazdır. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR