Qənirə Paşayeva: Azərbaycanda boşanmaların əsas səbəblərindən biri sonsuzluqdur

""Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinə görə, ər-arvadın 10 il ərzində övladı olmursa, dövlət onlara süni mayalanma üçün yardım göstərəcək. Lakin bu müddətin 5-6 ilə endirilməsi müzakirə olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva komitənin sentyabrın 14-də keçirilən iclasında çıxış edərkən deyib. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin qəbulunun insanların ən çox gözlədiyi layihələrdən biri oluğunu söyləyən Q.Paşayeva qeyd edib ki, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri sonsuzluqdur: "Qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Amma mütəxəssislər də deyirlər ki, 10 il çoxdur. Əgər dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, onu sonsuzluqlarının 5 ilindən başlayaraq verə bilər. Çünki 10 ilə qədər bu səbəbdən ailələrin çoxu dağıla bilər. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə azaltmaq məsələsinə baxılmalıdır. Çünki burada yaş və digər amillər də rol oynayır". Q.Paşayeva əlavə edib ki, orqan və toxumaların transplantasiyası ilə əlaqədar qanunun maddələri tam şəkildə həyata keçirilmir: "Bu gün səhiyyənin imkanları artır. Amma hələ də transplantasiya bəzi orqanlarla məhdudlaşır. Yalnız böyrək və qaraciyərin köçürülməsi ilə transplantologiya inkişaf edə bilməz. Bunun üçün də donor ancaq ailə üzvləri və yaxınlar ola bilir. Hazırda donor tapılmasa, bu əməliyyatı aparmaq mümkün deyil. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Ona görə də Səhiyyə Nazirliyi komitənin iclasına dəvət olunaraq aydınlaşdırılmalıdır ki, problemlər yoxdursa, bu mexanizmləri niyə həyata keçirə bilmirik?! Bu, ölkəmizin imicinə də zərər vurur. Azərbaycanda imkan olduğu halda xəstələr məhz xaricə üz tuturlar. Digər tərəfdən də xaricə maliyyə səbəbindən hər bir insan üz tuta bilmir. Hər il neçə-neçə gənc dünyasını dəyişir. Amma orqan və toxuma transplantasiyaları vasitəsilə onların həyatını xilas edə bilərik".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR