Övladlığa uşaq götürmək haram hesab olunur?

İslamda övladlığa götürmə məsələsi necə həllini tapıb?

Bəşər övladı ailə qurduqdan sonra övlad arzusu ilə yaşayır, onun dünyaya gəlməsini, ilk addımlarını, ilk sözlərini xəyal edir. Lakin hamıya valideyn olmaq qismət olmur. Övladı olmayan ailələrin taleyi isə çox zaman boşanma ilə nəticələnir. Bəzi insanlar isə ailənin dağılmaması üçün müxtəlif yollara əl atır. Bəziləri qohumlarının uşağını övladlığa götürür, bəziləri isə övladlığa uşaq götürmək üçün dövlət qurumlarına müraciət edir. Amma bu proses o qədər də asan başa gəlmir. Maraqlıdır, bəs İslam dinində övladlıq məsələsi necə həllinin tapıb?

Məsələyə "uşağı olmayanlar nə üçün övladlığa götürməyə baş vurur" sualı ilə başlayaq. Övladlığa uşaq götürməkdə əsas məqsəd uşağa baxmaq, onu böyüdüb boya-başa çatdırmaq, himayə etmək, öləndə də var-dövləti ona bağışlamaq üçün edilir. Vəkil Rövşən Qasımov bildirib ki, bir qayda olaraq bilməliyik ki, uşağın ata-anası ilə nəsil baxımından münasibətini tamamilə kəsib başqa bir soyada keçirmək və özünə varis təyin etmək üçün övladlığa uşaq götürmək caiz deyildir: "Hz. Peyğəmbər (s.ə.s) xüsusilə yetimlərin himayə edilməsini təşviq etmiş, onların hüquqlarının qorunmasını tələb etmiş və bunu yerinə yetirənlərin cənnətdə özü ilə birlikdə olacaqlarına dair müjdə vermişdir. Lakin unutmaq lazım deyil ki, yetkinlik yaşına çatandan sonra himayəyə götürülən, böyüdülən uşaq (nikah düşməyəcək qədər) yaxın qohum deyilsə, naməhrəm hesab olunur. Məhz bu səbəbdən, həddi-büluğa çatdıqdan sonra naməhrəmlik münasibətləri gözlənilməlidir. İslam dininə görə bir uşağı başqasının öz himayəsinə götürməsi, onu evində böyütməsi qadağan olunmayıb. Əksinə, bu kimi davranışlar təşviq edilmişdir. Lakin uşaq əsl ailəsini bilməli, miras, nəfəqə və naməhrəmlik kimi mövzularda lazımi tədbirlər görülməlidir". Onun sözlərinə görə, İslamda atası-anası bilinən bir uşağı övladlığa götürüb soyadını dəyişdirmək və onu varis etmək müəyyən səbəblərdən qadağan edilmişdir: "Bu səbələr ata-ananın, yəni ailənin uşaqlar üzərindəki hüquqlarından biri də öz ailəsinə sahib çıxması, soyadını davam etdirməsi, ailə ilə bağlı vəzifə və öhdəlikləri yerinə yetirməsidir. Ailə fərdlərinın (qohum-əqrəbanın) kimlərdən meydana gəldiyini və mirasın kimlər arasındakı bölünəcəyi ilə bağlı Quran və Sünnədə təfərrüatı ilə məlumat verilmiş və ayənin sonunda da Allah-Təala: "Bunlar Allahın qoyduğu hüdudlardır" buyuraraq bu xüsuslara riayət etməmizin gərəkli olduğu bildirilmişdir. İslamda ailə fərdləri arasından məhrəmlik-naməhrəmlik münasibətləri vardır. Bəzi yaxın qohumların yanında örtünmək və s. kimi bəzi məsələlərlə bağlı hökmlər daha uzaq qohumlara nisbətən fərqlidir. Məhz bu səbəbdən övladlığa götürülən uşaq yetkinlik yaşına çatdıqdan sonra naməhrəmlik məsələlərinə riayət olunmalıdır. Nəticə etibarı ilə deyə bilərik ki, övladlığa uşaq götürülə bilər. Ancaq o bizim öz övladımız deyildir. Sadəcə olaraq biz onu yetkinlik yaşına çatana kimi himayə edib, tərbiyəsi ilə məğul ola bilərik. Bu yaşa çatdıqdan sonra ona bu həqiqəti açıqlamalıyıq".

R.Qasımov deyir ki, İslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir: "Bəzi alimlər belə bir fikir irəli sürürlər ki, İslam dini övladlığa götürməyi haram hesab etmişdir. Övladlığa götürmək deyildikdə bir şəxsin başqasının övladını özünə övlad seçməsidir. Allah onun bütün nəticələrini ləğv etmişdir. "Əhzab" surəsinin 4-cü və 5-ci ayələrində buyurulur: "Allah ... övladlıqlarınızı sizə doğma oğul etməmişdir. Bunlar sizin ağızlarınıza gələn sözlərdən ibarətdir. Allah isə haqq deyir və doğru yola O, hidayət edir. Onları (övladlıqlarınızı) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. ..." Allah-Taala əmr etmişdir ki, kim bir şəxsi himayəyə götürərsə, onu özünə aid etməsin. Əgər onun tanınan atası vardırsa, o yalnız öz atasına aiddir. Əgər atası bilinməzsə, din qardaşı kimi çağırılmalıdır. Beləcə nəsəbin həqiqətlərini dəyişdirməyi insanlara qadağan etmiş və varislərin hüququnu zay olmaqdan və azalmaqdan qorumuşdur. Beləliklə, bu, övladlığın övladlığa götürmüş şəxsin məhrəmləri, oğulları və qohum-əqrəbaları ilə qarışmasının qarşısının alınması ilə nəticələnmişdir. İslam dinində övladlığa götürməyin hökmü haqqında Seyid Mühəmmədhüseyn Fəzlullah buyurur: "İslam dinində övladlığın, onu övladlığa götürmüş və tərbiyə etmiş şəxs üçün həqiqi övlad olması şəklində övladlığa götürmək yoxdur. Əgər övladlıq oğlan olarsa, onu övladlığa götürmüş şəxsə, onun övladlarına və zövcəsinə məhrəm olmur. Əgər qız olarsa, onu övladlığa götürmüş qadının özünə, övladlarına və ərinə məhrəm olmur. Onlar bir-birinə varis də ola bilməzlər. Mükəlləfin bu övladı öz adına qeydiyyata salması icazəli deyildir. Allah-Taala buyurur: "Allah ... övladlıqlarınızı sizə doğma oğul etməmişdir. ..."Ayədəki "dəiyy" sözü "övladlıq, övladı olmayanların övlad kimi öz ailələrinə qəbul etdikləri uşaq" mənasını verir. Allah-Taala buyurur: "Onları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Uşağın süd əmmə vasitəsilə övladlığa götürməyin mümkünlüyü barəsində verilən suala Seyid belə cavab verir: "Süd vermək vasitəsilə övladlığa götürmək mümkündür. Və bu, bir gecə-gündüz süd vermək, yaxud ona başqa bir yemək verməmək və ya başqa bir qadının südünü əmməmək şərtilə ona on beş dəfə süd vermək, yaxud onların ikisi arasında başqa bir yeməklə, fasilə salmasına baxmayaraq, ətə-cana gəlib sümüyü möhkəmlənənə qədər ona uzun müddət süd əmizdirmək və digər əlavə şərtlərlə olur. Şəri südvermə həqiqət tapdıqda süd verən qadın süd əmmiş uşağın anası olur və o qadının bütün yaxınları o uşağın yaxınlarına çevrilir. Həmin qadın o uşağa nisbətdə onu doğan qadın qəbul edilir. Lakin buna baxmayaraq, o uşağı öz adına qeydiyyata saldıra bilməz". Doğulduğu gündən övladlığa götürülmüş qız uşağını həddi-büluğa çatdıqdan sonra görmək barəsində suala Seyid belə cavab verir: "Sənin və sənin oğlanlarının qarşısında örtüyə riayət etməlidir. Sənin və sənin oğullarının ona hicabsız bir şəkildə baxmağınız haramdır. Lakin ortada məhrəmliyə səbəb olan süd vermənin olması istisnadır".

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR