Cinayətkarı cəza ilə islah etmək mümkündürmü?

Cəza o dərəcədə əmələ mütənasib olmalıdır ki, zərərçəkmiş  qisas almağa vadar olmasın

Son illərdə ölüm cəzasının ləğv edilib-edilməməsi ilə bağlı müəyyən diskusiyalar gedir. Ancaq reallıq ondan ibarətdir ki, ölüm cəzasının əleyhinə olanların arqumentləri də cavabsız qalmır. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev deyir ki, inkişaf etmiş, hüquqa, qanunun aliliyinə hörmət qoyulan dövlətlərdə ölüm hökmünə moratorium var və yaxud, bu, müstəsna cəza tədbirindən istifadə olunmur: "Həmin ölkələrdən fərqli olaraq Azərbaycan artıq hüququn və iqtisadi inkişafın önəmli mərhələsindədir. Avropada hüququn, qanunun aliliyinin hökmranlığı uzun əsrlərdir davam edir, hüququn bərabərlik prinsipi bəzən formal xarakter daşısa da, hüquqi məkan və dünyagörüş başadüşüləndir, hüquq mədəniyyəti, maddi nemətlər bolluğu, hüquq düşüncəsi, hüquq mühafizə orqanlarının fəaliyyəti və s. ölüm cəzasından qismən imtinaya imkan verir. Qərb ölkələrindən fərqli olaraq cəmiyyətimizdə hüquqi dövlətin, hüquq qaydalarının və sabitliyin davamlı təmini hüquq mühafizə və digər dövlət orqanlarının peşəkarlığı nəticəsində maddi və mənəvi dəyərlərin inkişafına, habelə mühafizəsinə zəmin yaradır. Cinayət və Cinayət Prosesual hüququn təkmilləşdirilməsi, təkmil hüquqi bazanın yaradılması istiqamətində ciddi iclahatlar aparılır. Məhkəmə və istintaq orqanlarında hüquq bərabərliyinin və obyektiv istintaqın təmini, habelə dəyən ziyanın tam ödənilməsi, müdafiəçinin prosesdə iştirakı, apellyasiya və kassasiya instansiyalarında ədalət mühakiməsinin prinsiplərinə uyğun işin təşkili, əfv institutu təkmilləşir. İslahtların təşkili və həyata keçirilməsi zaman tələb edir, vaxt aparır. Belə mərhələlərdə çatışmazlıqlar və nöqsanlar da qaçınılmazdır. Lakin, fəaliyyətə nəzarət var, hüquq mühafizə orqanlarının fəaliyyət istiqaməti, təkmil qanunvericilik bazasının yaradılması mühüm prioritet istiqamətlər kimi diqqət mərkəzindədir.

Onun sözlərinə görə, Azərbaycanda və postsovet məkanında ölüm cəzası xüsusilə ağır cinayətlərə görə ləğv olunsa da, yoxa çıxmır, müstəsna cəzanın hərəkəti müvəqqəti dayandırılıb, necə deyərlər hələlik işləmir. Aktiv fəaliyyətdən passiv mövqeyə keçsə də, dövlətin, hüququn və cəmiyyətin ehtiyatında saxlanılır: "Tarixən cəza anlayışı haqqında təsəvvür əmələ görə qisas, əvəzin ödənilməsi kimi qəbul edilmiş, yamanlığa yamanlıqla (şərə şərlə), xeyirxahlığa xeyirxahlıqla cavab vermək prinsipi ilə yanaşılmışdır. Cinayətə görə qisas almaq və yaxud, əvəzin ödənilməsi qədim dövrlərdə əsas və ədalətli cəza olaraq qəbul edilirdi. Dövlətin erkən cağlarında törədilən cinayətə eyni həddə qəzəblə (həddi aşmadan) cavab vermək, ədalətə və instinktə uyğun idi. Necə deyərlər- Talion qanunlarına və Xammurapi məcəlləsinə xas tərzdə "gözə göz, dişə-diş" prinsipi, Drakon qanunlarına uyğun ədalətli cəza sayılırdı. Belə yanaşma həmin dövr üçün cəzanın mütləq nəzəriyyəsinə görə ədalətin təzahürü idi. Əsas cəza kimi əvəzin, haqqın verilməsi fikirləri qədim Yunan filosoflarının, klassik yazıçıların daha çox Siseronun, Roma hüquqşunaslarının, təbii hüquq nəzəriyyəsinin (məktəbinin ) baniləri tərəfindan də səslənmişdir. Ulpian qeyd edirdi ki, "cəza cinayətə görə dəymiş ziyanın ödənilməsidir, cinayətə görə cəza, cəza da cinayətə görə hazırlanır".

Hüquqşünas hesab edir ki, cinayət sosial hadisə olduğuna görə cəza da imperativ şəkildə sosial ədalətin bərpası naminə həddində və vaxtında tətbiq edilməlidir: "Əməlin dərəcəsinə uyğun olaraq cəza nə qədər tez tətbiq olunarsa bir o qədər qanunun aliliyinə hörmət ucalar. Cəzanın tətbiqi uzanarsa, yubanarsa onun vahiməsi sönən şama bənzər. Cəza o dərəcədə, əmələ mütənasib olmalıdır ki, zərərçəkmiş (əməlin qurbanı) qisas almağa vadar olmasın. Qanunvericilik bazası buna imkan verməməlidir. Bu mənada, islam hüquq nəzəriyyəsinə istinad edərək belə qənaətə gəlmək olar ki, qiyamət gününün lap yaxında olduğunu bilsək belə, həbs olunan cinayətkarlar əməllərinə görə cəzasını almalıdırlar, onlara mərhəmət etmək başqa bir cinayətin tərkibi üçün zəmin yaratmaqdır. Quranda ehtiva edilən hikmətli kəlama diqqət yetirək: "kimin xardal dənəsi qədər günahı varsa cəzasını, xeyirxahlığna görə isə mükafatını alacaq. Güzəşt olmayacaq. Əvəz cəza hüququnun əsasını təşkil edir. Lakin cəzanı tətbiq etməklə mənəvi prinsipləri unutmaq olmaz. Paralel olaraq cəza ilə yanaşı digər sağlam ideologiyaya əsaslanan profilaktik tədbirlər də həyata keçirilməli, ətraf üçün "çəkindirmə" prinsipi ruhunda görk olmalıdır. Həmin vaxt üçün önəm kəsb edən, bu gün də vacib sayılan, cəmiyyətdə estetik harmoniyanın güclü çərçivəsində cinayətkarlığa dağıdıcı təsir bağışlayan əvəz, "yamana yaman, yaxşıya yaxşı"davranmaq prosesual zərurətdən doğur. Bu baxımdan, cinayət hüququn məntiqi təzadı və üslubu cəmiyyətdə inkar olunur. Hüquq onu pozanlara qarşı əvəzi vermək yolu ilə özünü bərpa edə bilir. Azad, sərbəst iradəyə xas olan hüquq, özəl və ona müxalif iradəni özünə tabe etməyi bu yolla - əvəzi ödənilməklə bacarar. Törədilən cinayətlərə görə əvəz zərərçəkənin hüquqlarına "basqın " edənə qarşı tətbiq edilən cinayət hüquqi tədbirdir. Təsadüfi deyil ki, Kant da, Platon da cinayətləri xəstəlik, cəzanı isə o xəstəliyin müalicəsində istifadə edilən dərman pereparatı adlandırırdılar". Onun sözlərinə görə, cəza bir növ hüquqla özəl iradəni barışdırmağa məcbur edir. Cinayətkarın da hüququ var, lakin o hüquq digərin hüquqlarının başlanğıcında məhdudlaşmalıdır. Dövlətin cəzanın məqsədinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti elə qurulmalıdır ki, cinayətkarlığın qismən də olsa aradan qaldırılmasına təsir etsin. Bu mənada cəza zəruri xəbərdarlıq tədbiri kimi cinayətkarın təkrar cinayətə meylini dağıdır, onun fiziki və digər imkanlarına zərər vurur, cinayətə hazırlıq edən digər şəxsləri fikrindən yayındırır. Ona görə, cəza vacibdir. Cinayətkarın cəzanın təsirindən doğan həyacan və iztirabları cəmiyyətə, ictimai münasibətlərə dəyən ziyanla müqayisədə heç nədir, müqayisə oluna bilməz: "Cəzanın məqsədi və cəzanı tətbiq etməklə cəmiyyətdə elə bir təəssürat yaradılmalıdır ki, cinayətkarın təkrar cinayət törətmək istəyi buxovlansın, cəza cəmiyyətdə rahatlığı təmin edə biləcək həddə olsun, bir sözlə cəza ona görədir ki, digəri (qurban) qisas almaqdan vaz keçsin, cinayətkarın əməlini təkrarlamasın, başqaları cəzanın vahiməsindən dərs götürsün. Cəzanın tətbiqi mübahisəsizdir. Cəza Cinayət qanunvericiliyinin hədəsi altında təqsirkara tətbiq edilən cinayət hüququ xarakterli tədbirdir. Dövlətin məcburiyyət tədbiri kimi subyekti acı tənələrə məruz qoymaq, ona bu və ya digər dərəcədə zərər yetirmək, ona iztirablar vermək məqsədini daşıyır.Təqsirə görə kompensasiyanın ödənilməsi, islama görə isə günahına görə kəfarəsidir. Əzab çəkmək törədilən əməlin dərəcəsindən asılı olur".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR