Yol polisi hansı hallarda qaydaları poza bilər?

Bir sıra hallarda yol hərəkəti qaydalarının yol polisi əməkdaşları tərəfindən də pozulduğunun, bəzən hətta qəza şəraitinin yaradıldığının şahidi oluruq. Məsələyə münasibətdə fikirlər müxtəlifdir. Bəziləri düşünür ki,  polislər xidmət başında olduğuna görə qayda pozuntusuna yol verə bilərlər. Digərləri isə hesab edir ki, yox, polislər də digər vətəndaşlar kimi qanunun tələblərinə əməl etməlidirlər. Bəs, qanunvericilik nə deyir? Vəkil Rövşən Qasımov bildirib ki, yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları ("miqalka") söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər: "Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə, "xüsusi imtiyazlı şəxs" kimi qaydaları pozmasının şahidi oluruq. Yol polisinin avtomobildəki sayrışan işıq siqnalları sönmüş halda  olduğu zaman çoxsaylı qayda pozuntularına yol verirlər. Sürücülər belə hallara rast gəldikdə qayda pozan yol polisləri ilə bağlı kimə şikayət edilməli olduğunu soruşurlar. Qeyd edim ki, yol polisi sayrışan işıq siqnallarını yandırarsa, xüsusi əməliyyat yerinə yetirdiyi zaman qaydaları pozmaq hüququna malikdir. Yol polisləri sayrışan işıqları yandıraraq işlə əlaqədar müəyyən qaydaları poza bilərlər. Amma sayrışan işıq siqnalları söndürdükdən sonra yol polisinin qayda pozması qadağandır. Yuxarı instansiyalar müəyyən yoxlanış zamanı qanunsuzluğu aşkar edərsə, qaydanı pozan polisləri cəzalandıra bilər".

Yol polisi qaydaları pozarsa, bu zaman hadisənin şahidi olan istənilən sürücü 102-yə zəng edib yol polisinin qayda pozması ilə bağlı məlumat verə bilər: "Bir şərtlə ki, sürücünün əlində sübut olsun. Bu zaman həmin yol polisi cəzalandırıla bilər". Yəni qayda pozuntusu fotoşəkillə qeydə alınsın.Yol polisi digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən çox üstünlüyə malikdir. Sürücünün avtomobili saxlayıb DYP-yə irad tutmağa ixtiyarı yoxdur. Eyni zamanda, digər sürücünün qanunu pozmasına da irad bildirə bilməz. Hər bir yol iştirakçısının öz hüquq və vəzifələri var. Amma sürücünün baş verən qanun pozuntusunun şəkil və ya videosunu çəkib aidiyyəti orqanlara təqdim etmək hüququ var. Bu zaman qanun pozan yol polisi cəzalana bilər.

Yol hərəkəti qaydalarında, operativ nəqliyyat vasitələrinin (bunlara yanğın söndürən, təcili yardım, yol polisi və digərləri aiddir) xüsusi sayrışan işıq siqnallarını qoşaraq müəyyən işi icra etmək üçün qaydaları poza biləcəkləri qeyd edilir. Bu zaman bütün sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol verməlidirlər. "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsində deyilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri xidmət zərurəti ilə bağlı olduqda, təhlükəsizlik qaydalarına riayət etməklə qaydaları poza bilərlər. O cümlədən sükan arxasında telefonla da danışa bilərlər. Amma bu, sırf işlə bağlı telefon danışığı olmalıdır. DYP əməkdaşı şəxsi məsələlərə görə sükan arxasında danışırsa, o zaman həmin yol polisi cərimə oluna bilər. Yol polisi qayda pozuntusuna yol verirsə, hər bir sürücünün 102-yə zəng edib bu haqda məlumat vermək hüququ var. Bu zaman aidiyyəti orqanlar bu məsələni aydınlaşdıracaq. Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnəcək. Araşdırma zamanı aydın olsa ki, yol polisi qaydaları pozmayıb, bu zaman şikayət edən sürücüyə aidiyyəti orqanlar tərəfindən məlumat verilir ki, sizin məlumatınız doğru deyil və ya yol polisi qaydaları xidməti zərurətdən irəli gələrək məcburi şəkildə pozub. Odur ki , bu pozuntular texniki vasitələr, yəni vidoçəkiliş və ya şəkil çəkilişi ilə qeyd olunması sizin şikayətlərinizin əsaslı olmasını sübut edir.

Ümumilikdə isə DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər. Məsələn, Dövlət Yol Polisi əməkdaşı hər hansı bir ərazidə qaydanı pozan şəxsi inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qaldıqda o, qanunun tələblərindən kənara çıxıb xidməti avtomobili digər hərəkət iştirakçılarının gediş-gəlişinə maneə yaratmamaq şərti ilə qadağan olunmuş yerdə saxlaya bilər. Yaxud, "Yol hərəkəti haqqında" qanunun 36-cı maddəsinə əsasən, bütün yol hərəkəti iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, o cümlədən svetoforun siqnallarına tabe olmalıdırlar. Maddənin mənasından belə məlum olur ki, yol polisinə məxsus nəqliyyat vasitəsi də yol hərəkəti qaydalarına, o cümlədən də svetoforun siqnallarına tabe olmalıdır. Bununla yanaşı, qanunvericilik yol polisinə aid nəqliyyat vasitəsinə üstün keçid hüququ verir. Üstün keçidin hansı üstünlükləri var? Üstünlük bundan ibarətdir - əgər xüsusi işıq və səs siqnalları qoşuludursa, üstün keçid hüququ olan nəqliyyat vasitəsinə yol verilməlidir. Amma yol polisinin üstün keçid hüququna malik olması ona əsas vermir ki, istədiyi zaman, istədiyi məqsədlə qırmızı işıqdan keçsin və yaxud digər qayda pozuntusuna yol versin. Gündəlik həyatda bəzən görürük ki, yol polisinə məxsus avtomobil və ya motolsikl adi qaydada qırmızı işıqdan keçir və yaxud digər qaydanı pozur və buna hüququ olduğunu zənn edir. Xeyr! Bu, tamamilə qanunazidd hərəkətdir. Yol polisi avtomobili adi halda (xüsusi işıq və səs siqnallarını qoşmadan) heç bir qaydadan kənara çıxa bilməz. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin birinci hissəsinə əsasən, yol polisi avtomobili üstün keçid hüququndan istifadə etmək üçün mütləq xüsusi işıq və səs siqnallarını eyni zamanda qoşmalıdırlar. Təkcə xüsusi işıq siqnalları qoşulmuş yol polisi avtomobili üstünlük hüququndan istifadə edə bilməz. Belə olan halda, digər sürücülər onlara yol verməyə məcbur deyillər. Qanunun 74-cü maddəsinin ikinci hissəsində isə birbaşa göstərilir ki, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR