Ailədə xoşbəxtliyi necə təmin etmək olar?

Müasir dövrümüzdə insanların üzləşdiyi bir sıra çətinliklər mövcuddur ki, həmin çətinlikləri də aradan qaldırmaq üçün müəyyən imkanlara malik olmaq zəruridir, vacibdir. Kimi yaxşı iş tapmaq üçün özünə arxalı adam axtarır, kimi də qarşısına çıxan əngəllərin aradan qaldırılmasının yolunu maddiyatda görür ə daha çox pulu olması üçün çalışır, çaba göstərir. Hətta bəziləri həyatının xoşbəxtliyini, dincliyini, firəvanlığını pulda görür. Hesab edir ki, kifayət qədər pulu varsa, deməli ürəyi istədiyi hər bir şeyi edər, qarşısını çıxan çətinlikləri qısa müddətdə aşar. Ancaq pulun heç də hər çətinliyi həll etmədiyi də danılmazdır. Ən əsası maddi durumun yaxşı olması bir insanın heç də xoşbəxt olması demək deyil. Elə əksər psixoloqlar da məhz belə düşünürlər. Hesab edirlər ki, xüsusilə ailədəki xoşbəxtlik pulla ölçülməməlidir və ailənin xoşbəxt olması, övladların bu sevinci yaşaması üçün ilk növbədə ailədə normal münasibətlər qurulmalı, qarşılıqlı anlaşma mühiti yaradılmalıdır. Psixoloq Sevinc Əlizadə də məhz belə düşünür. O, bildirib ki, hər birimiz uşaqlarımızın sadecə xoşbəxt olmağını arzulayırıq .Onların yaxşı qidalanmağını, istədikləri kimi oyun oynaya bilmələrini, həmçinin böyüklərlə rahat ünsiyyət qurmalarını arzulayır, bunun üçün çalışırıq: "Çalışırıq ki, uşaqların sıxıntılı anlarında, pis zamanlarında hər zaman onların yanlarında olduğumuzu övladlarımıza hiss etdirək. Bir sözlə onlarla vaxt keçirtmək, günü gündən gözümüzün önündə necə böyüdüklərini görmək üçün hər şeyi edirik. Digər tərəfdən isə uşaqlarımızın bu günü və gələcəyi üçün bir çox valideyn daha çox işləmək məcburiyyətindədir. Vaxtımızın böyük bir qismini işə ayırmaq, eyni zamanda gün ərzində yaşadığımız yorğunluq enerji itkisinə gətirib çıxarır. Uşaqlarımıza axşamlar ayırdığımız kiçik vaxt və həmçinin həftə sonları birlikdə keçirdiyimiz zamanlar onların heç də bu vəziyyətdən razı qalmasına səbəb olmur. Təəssüf ki, biz gün ərzində keçirdiyimiz stressi və həyatın çətinliklərini onlara başa sala bilmirik". Psixoloq bildirib ki, gündəlik yaşadığımız çətinliyin həllini əksəriyyətimiz yalnız bir yolda görürük: "Çox vaxt biz uşaqlarımızın sevgiyə olan tələbatını onlara geyimlər, müxtəlif oyunlar, oyuncaqlar alaraq ödəməyə çalışırıq. Eyni zamanda onları fərqli musiqi və idman kurslarına qoyuruq. Hətta məktəbdə oxuyan bir uşaq tətil vaxtlarını belə səriştəli keçirdə bilmir. Həftə onlar üçün bazar ertəsi başlayar və bazar axşamına kimi müxtəlif tədbirlərlə bitər. Həftə sonları çıxdığımız alış-verişlər uşağımızın ehtiyacı olmadığı şeyləri belə almaqla bitər". Sevinc Əlizadənin sözlərinə görə, bu vəziyyətdə əvvəlcə uşaqlarımız özlərini çox xoşbəxt hiss edirlər: "Biz valideynlər isə onlara vaxt ayıra bilmədiyimiz üçün keçirdiyimiz narahatçılıqları bir qədər azalmış olur. Lakin uşaqlarımızın bu sevinci çox qısa müddət çəkəcəkdir. Artıq hər yeni aldığımız oyuncaq "köhnə "oyuncaqların arasına atılacaq,yenidən alış-verişə getdikdə isə onlar bizdən nə istəyəcəklərini bilməyəcəklər. Günümüzdə bu problem getdikcə artmaqdadır. Əksər valideynlərin tez-tez konsultasiyalarda dilə gətirdikləri problemlərdən biri də "uşağım nə istəyirsə alıram, istədiyi bütün kurslara qoyuram, nə istəyirsə etməsinə icazə verirəm, ancaq etdiyimiz heç nə onları xoşbəxt etmir" ifadəsidir. Bəs bu vəziyyətdən necə düzəldə bilərik? İlk əvvəl bir valideyn kimi sakit və səbirli şəkildə onlara "Yox" deməyi bacarmalıyıq. Bu heç də asan bir iş olmuyacaq. Bu günə kimi istədikləri hər şeyi əldə edən uşaqlar yox sözünü eşidən kimi ağlayacaq, narazılıq edəcəklər. Təbii ki biz bu anlarda onların yanında olmalı, onlara nəyin gərək olub olmadığını izah etməliyik. Bəyənmədikləri, hər gün alınan və axşama kimi artıq kənara tulladıqları oyuncaqları azaltmalıyıq. Nə qədər az oyuncaq olarsa, uşaqlarımız daha çox oyuncaqlarını sevəcəkdir. Daha az şeylə daha çox böyük nəticələr yarandığını görən uşaqlar, kiçik şeylərlə də xoşbəxt olmağı öyrənirlər. Uşaqlarımız həyatlarındakı bir çox addımı bizlərlə atır. Xoşbəxtlik də bunlardan biridir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR