“Bu gün çoxları evdə işləməyə üstünlük verir”

 Səttar Mehbalıyev: "Artıq "8 saatlıq iş günü " anlayışı aktual deyil"

Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)  ilə birgə  Avropa və Mərkəzi Asiya ölkələri üçün "Bizim istədiyimiz əmək sferasının gələcəyi" mövzusunda  iki günlük regional konfransı keçirilib. AHİK sədri,  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, son illər əmək sferasina nüfuz edən çox böyük dəyişikliklərin şahidi oluruq. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, innovasiyaların istehsalata tətbiqi, avtomatlaşdırma və "yaşıl iqtisadiyyat"a keçid həm əmək münasibətlərinin təşkilinin formalarina, həm də muzdlu işçilərin mənafelərinin ənənəvi müdafiəçisi  olan həmkarlar ittifaqının fəaliyyətinə ciddi  təsir göstərməyə bilməz. Hamımız üçün əməyin gələcək  sferasının qlobal çağırışlarından biri məşqulluq formalarının kökündən dəyişdirilməsi və bunun davamı kimi qeyri-tipik məşğulluq şəraitində işçilərin mənafeyinin müdafiəsidir. Azərbaycan üçün  də bu  məsələ daha çox aktuallıq kəsb edir. S.Mehbalıyev qeyd edib ki, cəmiyyət, onun əmək qabiliyyətli hissəsi  gündəlik həyatında qeyri-tipik məşğulluğun nümunələri ilə  tez-tez rastlaşır: "Bu baxımdan biz həmkarlar ittifaqları olaraq, məşğulluğun belə formalarının hüquqi tənzimlənməsində öz yerimizi tutmalıyıq. Əmək sferasının təşkilində sosial tərəfdaşlarımızla birgə  bu gün hüquqi platformanın bazasını yaratmağı bacarmasaq illərlə əldə etdiyimiz muzdlu işçilərin əsas müdafiəçisi statusunu  itirə bilərik". AHİK sədri diqqətə çatdırıb ki, 2005-2015-ci illər ərzində ölkə iqtisadiyyatında    məşğul olanların sayı 600 min nəfərədək artaraq 4672 min nəfər təşkil edib.  Muzdlu işçilərin sayı isə cəmi 200 min nəfərədək artıb. Bu isə o deməkdir ki, vətəndaşlarımızın təxminən yarısı işə  əmək müqaviləsi bağlanmadan və sözləşmə olmadan qəbul edilib. Həmin müddətdə özünəməşğul işçilərin sayı 320 minədək artaraq 1 milyon nəfərə çatıb: "Hazırda məşğulluğun qeyri-tipik formaları anlayışına vahid yanaşma mövcud deyil. Bəziləri qeyri-tipik məşğulluğu, bir qayda olaraq,  standart məşğulluğa zidd görürlər. Lakin müasir dünyada informasiya texnologiyaları, rabitə vasitələri və internet inkişaf etdikcə standart məşğulluq anlayışı öz aktuallığını itirəcək. Respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz səylərini əmək qanunvericiliyində olan əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib. Respublika əhalisi, onun işləyən hissəsi  konkret iş yerinə, işəgötürənə, iş  və istirahət vaxtına, məzuniyyətə və həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının olmasına adət edib.  Bu gün isə biz müşahidə edirik ki, tanıdığımız  adamlar internetdəki elanlar  vasitəsilə  iş  tapır, virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha çox üstünlük verir,  artıq "8 saatlıq iş günü " anlayışı aktual deyil, "iş yerinin şəraiti"   anlayışı da öz əhəmiyyətini itirməkdədir". S.Mehbalıyev onu da vurğulayıb ki,  statistik orqanlar məşğulluğun "qeyri-tipik" formasının prinsipləri əsasında işini quran təşkilat və müəssisələr barədə məlumat vermir. Lakin məşğulluq haqqında olan məlumatların təhlili kənd təsərrüfatında, ticarətdə (küçə ticarətçiləri), emaletmə sənayesində (yeyinti məhsullarının istehsalı, tikiş, ayaqqabı istehsalı), inşaatda, nəqliyyatda ( taksi sürücüləri), daşınmaz əmlakla bağlı əməliyyatlarda (maklerlər) və s. qeyri-formal  şəkildə məşğul olanların sayının çoxluğu haqqında daha inamla danışmağa imkan yaradır. Həyatın ritmini, işsizliklə bağlı problemləri nəzərə alarkən aydın başa düşmək olar ki , bu gün əmək bazarını daha çevik, rəqabət qabiliyyətli etmək, əhalinin məşğulluğunu artırmaq üçün  qeyri-tipik məşğulluq zəruridir:  

"Lakin belə şəraitdə işçilərin müdafiəsinə   yardım edə biləcək  mexanizm üzərində  kimin və necə işləyəcəyi  barədə  düşünmək   lazımdır.  Ancaq  biz layiqli iş şəraitinin yaradılmasının  və əməyin dəyərinin ödənilməsinin  işəgötürənin arzusuna uyğun həyata keçirilməsini qəbul edə bilmərik.  Məşğulluğun bütün formalarında çalışanların əmək, sosial hüquqlarının  müdafiəsi üçün milli qanunvericilik, hətta BƏT-in Konvensiyaları səviyyəsində hüquqi sənədlər işlənib hazirlanmalıdır.  Burada sosial-iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz sözünü deməlidir".

AHİK sədri deyib ki, ölkəmizdə baş verən struktur dəyişiklikləri yaxın zamanlarda modernləşmənin davam etdirilməsini, bir çox müəssisələrin, hətta iqtisadiyyatın bölmələrinin yenidən qurulmasını nəzərdə tutur: "Biz bilirik ki, bunun ardınca işçilərin sayının, əməkhaqqı səviyyəsinin, sosial müavinətlərin və təminatların azalmasi  baş verəcəkdir. Bütövlükdə bu, böyük təhlükədir. Bizim yadımızdadır ki, 2015-ci ilin sonunda respublikada  ayrı-ayrı  müəssisələrin yenidən qurulması  və bütöv müəssisələrin optimallaşdırılması keçirilirdi. Lakin  möhtərəm Prezidentimiz İlham Əliyevin  sayəsində bu tədbirlər planlı  şəkildə, işdən çıxarılanların mənafeyi nəzərə alınaraq həyata keçirildi. Həmin işçilər yenidən hazırlanaraq qarışıq müəssisələrdə, istehsalatda, abadlaşdırma, o cümlədən digər sahələrdə işlə təmin olundular. 2016- cı ilin yanvarında keçirilən 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramının yerinə yetirilməsinə həsr edilmiş  konfransda Prezident İlham Əliyev respublikanın  biznes-strukturlarına müraciət edərək qeyd edib ki, ölkədə son illər kiçik və orta biznesin inkişafı naminə çox   iş görülüb. Bu məqsədlə dövlət büdcəsindən iki milyarda yaxin  vəsait ayrılıb.  İndi respublikanın  bütün regionlarının inkişafında, orada yeni iş yerlərinin yaradılmasında  biznesin  fəal iştirakını gözləyirik".

S. Möhbalıyev vurğulayıb ki, ölkə rəhbərliyi sənayenin və kənd təsərrüfatının inkişafı üçün böyük işlər görür.   Respublikada beş yeni sənaye texnoparkının  yaradılmasına başlanılıb. Mingəçevir texnoparkında  yenicə  tikintisinə başlanmış 9 zavodda 5 min yeni iş yeri yaradılacaq.  Ölkənin  kənd təsərrüfatı da  böyük sürətlə inkişaf etməkdədir.  Pambıqçılıq,  baramaçılıq, heyvandarlıq, tütünçülük,  ipəkçilik, fındıqçılıq və başqa sahələr bərpa olunmaqdadır. Kənd təsərrüfatında çalışan muzdlu işçilərin  əməyinin qeydiyyatı və qiymətləndirilməsinə dair normativ aktların işlənməsinə də  həmkarlar ittifaqı diqqət yetirməli, onların layiqli əməkhaqqı hüquqlarını işəgötürənlərin özbaşınalığından qorumalıyıq. Dünyada və onun tərkib hissəsi olan Azərbaycanda  neftin qiymətdən düşməsi iş yerlərinin qıtlığına səbəb oldu. İşsizlik, iş yerlərində diskriminasiya daha  çox gəncləri və qadınları əhatə etməkdədir. Gənclər arasında işsizlik, qadın əməyinin  ödənilməsindəki fərq yüksək səviyyədədir. Qadınların karyerasında diskriminasiya get-gedə artır, qərar qəbul edən orqanların işində qadınların iştirakı azalır. İqtisadi çətinliklərə rəğmən Azərbaycan dövləti əvvəlki kimi sosialyönümlülüyünü qoruyub saxlamaqdadır".

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR