QMİ: Məhərrəm ayı sentyabrın 22-də başlayır -FƏTVA

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Məlumata görə, fətvada deyilir ki, Hicri-qəməri təqvimi ilə 1438-ci il başa çatır. Yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Bu il Aşura günü oktyabrın 1-nə təsadüf edəcək.

"Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub.

Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, şəhidliyin əsl mahiyyətinin açıqlanması, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, Qarabağ, Xocalı şəhidlərinin yad edilməsi tövsiyə olunur. Xütbə və moizələrdə bildirilməlidir ki, torpaqlarımızın işğalına son qoymaq üçün çalışmaq əzadarlıq ruhiyyəsinin ayrılmaz hissəsidir. Torpaqlarımızın işğalı davam etdiyi dövrdə gənclərimiz Ali Baş Komandanın əmrinə daim hazır, millətə və Vətənə bağlı olmalı, dövlətimizin mənafelərini uca tutmalıdırlar.  Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun, onun amallarına yaraşan tərzdə keçirilməlidir. Mövcud qanunvericiliyə əsasən, əza məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Əzadarlar dinimizin təyin etdiyi əxlaqi çərçivələrə riayət etməlidirlər. Belə ki, qurşağadək soyunub zəncir və sinə vurmaqla bədənə xəsarət yetirmək, qan çıxarmaq  müqəddəs şəriətimizə və İslam əxlaqına uyğun deyil. Allah rizayəti üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər.   Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən  qanvermə aksiyası xalqımız tərəfindən xüsusi təqdir edilir. Bu baxımdan, Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümid edirik ki, möminlər bu gözəl ənənəni yaşadacaqlar", - deyə fətvada bildirilir. QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR