Muradın Şəhidlik zirvəsi

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik - leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin ailəsini ziyarət etdi. Qeyd edək ki, layihənin məqsədi milli qəhrəmanlarımızın döyüş yollarını gənc nəsillərə təbliğ etməkdi. Şəhidlərimizin vətən üçün, xalqı üçün canlarını fəda etmələri, qəhrəmanlıqları cəmiyyətimizdə yetişməkdə olan gənc nəsillərə hər zaman təbliğ olunmalıdı. Bilə - bilə ölümün üzərinə gedən, ölümdən qorxmayan oğullarımızın xatirəsi hər zaman yaşamalıdı. Bizim filmlərdə gördüyümüz qəhrəmanların real həyatda var olduqlarını Aprel döyüşlərində qəhrəmancasına şəhid olan olan oğullarımızın döyüş yollarına nəzər saldıqda şahid olduq.Torpağı, milləti uğrunda canını qəhrəmancasına fəda edən belə oğullarımızdan biri də Milli Qəhrəman, polkovnik - leytenant Murad Mirzəyevdi.

1976 - cı il martın 31 - də Sabirabad rayonunun MuğanGəncəli kəndində anadan olan Murad Mirzəyev ilk hərbi təhsilini anasının dəstəyi və istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alır. Ailədə hərbiçi olmamasına baxmayaraq, Murad Mirzəyevdə hərbiyə qarşı qəribə, qeyri - adi bir sevgi, istək olub. Daha sonra bu istək daha da artır və gələcəyin polkovnik - leytenantı 1991 - 1994 - cü illərdə Türkiyədə Mustafa Kamal Atatürkün təhsil aldığı Kara Harp Hərbi məktəbinə daxil olur. Burada tələbələr arasında seçilərək "Onur başqanı" rütbəsini alır. Sonra Türkiyədə motoatıcılıq üzrə komandir vəzifəsində çalışır.

Milli Qəhrəman Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva çətinliklə də olsa torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidimizin döyüş yolundan danışdı. Bildirdi ki, Murad bəyin ilk hərbi işi Gəncə şəhərində olub. Bir müddət Gəncədə fəaliyyət göstərən Milli Qəhrəmanımız daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa qərar verir. Dəfələrlə Türkiyə, Amerika, Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edən Murad Mirzəyev hər zaman ən ağır əməliyyatlarda sona qədər iştirak edib, rəhbəri olduğu heyətin təhlükəsizliyi üçün hər zaman irəlidə addımlayıb.

Fizzə xanım 20 il zabit kimi fəaliyyət göstərmiş Murad Mirzəyevi öndə gedən komandir adlandırır. "Murad heç vaxt əmr verib, kənara çəkilməyib, əmrin icrasında birbaşa özü də iştirak edib. Bunu tək mən demirəm. Bu yaxınlarda onun zabitlərindən birinin yazısını oxudum. O da qeyd edir ki, Murad Mirzəyev hər zaman verdiyi əmrlərdə, təşkil olunan əməliyyatlarda öndə gedib. Biz hər zaman onun arxasında irəliləmişik.

Murad hərtərəfli zabit idi. Həm mükəmməl xarici görünüşlü, həm də təhsilli, savadlı idi. Öz peşəsini o qədər sevirdi ki, hər zaman öz üzərində işləyirdi. O bu yolda heç zaman büdrəməyib, həmişə qarşısına qoyduğu məqsədlərə nail olurdu. Bu sahədə heç zaman yorulmadı. Əksinə əldə etdiyi hər uğurda qarşısına daha böyük məqsədlər qoyurdu. Murad öz gücünün sayəsində bütün uğurlara nail oldu. Polkovnik - leytenant zirvəsinə kimi ucaldı... Ən böyük arzusu general olmaq idi. Və bu sahədə də irəliləyirdi, qiyabi təhsil alırdı. Dəfələrlə xarici ölkələrdə keçirilən təlimlərdə iştirak etmişdi".

Fizzə xanım onu da qeyd elədi ki, Murad Xüsusi Təyinatlılar üçün ən ağır təlim olan "Rencer" təlimində iştirak edən yeganə azərbaycanlı olub. Daha sonra Bakı şəhərində Xüsusi Təyinatlılarda çalışmağa başlayıb. Sonuncu çalışdığı vəzifə Hərbi Hissə Qərargahının rəisi olub. Xüsusi təyinatlılar ancaq əməliyyatlarda iştirak edirdi. Murad bütün o yerləri ovcunun içi kimi tanıyırdı. Hətta ermənilər onun ələ keçirilməsi üçün əllərindən gələni edirdilər. Murad xəritə çəkmək üzrə yeganə mütəxəssis olub. Bir ayda necə dəfə döyüş bölgəsinə gedib - gəlirdi. Onların işləri gizlin idi. Evdə iş haqqında danışmağı heç vaxt sevməzdi.

Çox zaman cəmiyyətimizdə hərbiçilər sərt, kobud biri kimi təqdim olunur. Muradın xaraktercə necə bir insan olması ilə maraqlandıqda Fizzə xanım bildirdi ki, o xaraktercə çox sakit, səbirli, mülayim bir insan idi: "Həm ailəyə, uşaqlara, əsgərlərinə qarşı çox mehriban, qayğıkeş bir insan idi. Bəzən, onun səbrinə heyran qalırdım. İşdən evə gec saatlarda gəlirdi. Yorğun olduğu halda bir dəfə də olsun uşaqlara acıqlanmaz, yorulmuşam, dincəlmək istəyirəm deməzdi. Səbirlə onları dinləyirdi, dərslərində kömək edərdi, saatlarla onlarla söhbət edərdi. Ailəsinə qarşı çox diqqətli olub. Hər zaman məni çətin günlərə hazırlayırdı. Həyatımda nə zamansa Muradsız bir günümü təsəvvür edə bilmirdim.

Deyirdim ki, sən olmasan mən bir gün də yaşaya bilməyəcəyəm. Həmişə məni elə inandırırdı ki... Elə bilirdim ki, Murada heç vaxt heç nə olmayacaq. Bütün əməliyyatlardan sonra sağ - salamat evə gələcək".

Fizzə xanım bildirdi ki, Murad xaraktercə çox sakit, səbirli, mülayim bir insan idi. "İşi həmişə qapının arxasında qoyub, evə daxil olurdu. Murad heç vaxt nə mənə, nə uşaqlara qarşı bircə dəfə də olsun kobudluq etməyib. Həyatımda nə zamansa Muradsız bir günümün olacağını təsəvvür edə bilmirdim.

Amma o həmişə məni hazırlayırdı. "Sən güclüsən, sən hər şeyin öhdəsindən gələcəksən" - deyirdi. Mənə o qədər güc verirdi, hər şeyin yaxşı olacağına o qədər inandırırdı ki... İndi onsuz bizə çox çətindi...

Xaraktercə güclü qadınam. Amma yeganə, uşaqlarımın sualları qarşısında gücsüz oluram. Onların suallarına cavab tapa bilmirəm...

Qızım çox tələbkardı. "Atam gəlsin, atamı istəyirəm" deyir. "Atam hardadı" deyəndə mən onun sualına cavab tapa bilmirəm. Oğlum artıq hər şeyi anlayır, başa düşür. Muradı ziyarət etməyə gedəndə uşaqlara digər milli qəhrəmanlarımızı göstərib deyirəm ki, bu həyatı tək biz yaşamırıq. Elə uşaqlar var ki, heç ataları onları görmədi. Atası şəhid olandan sonra dünyaya gəldilər. Heç ataları ilə şəkilləri yoxdu...

Muradda məni cəlb edən əsas o idi ki, 14 yaşından valideynlərindən, ailədən ayrı düşmüşdü. Buna baxmayaraq, verdiyi bütün qərarlarda, atdığı addımların heç birində yanılmamışdı, peşmançılıq hissi yaşamamışdı. Adətən ailədən ayrı düşən uşaqlar qısa da olsa müəyyən pis vərdişlərə yiyələnirlər. Amma Murad heç vaxt bu vərdişlərə sahib olmayıb. Kimdənsə asılı olmağı sevməzdi. Özü öz müstəqil həyatını qurmuşdu. Qazandığı bütün uğurları öz zəhməti hesabına qazanmışdı".

Çətin də olsa Fizzə xanımdan o məşum gecəni xatırlamasını istədik. Milli Qəhrəmanımız sonuncu dəfə martın 28 - də evdən çıxıb. Həyat yoldaşı ilə yalnız mesaj vasitəsi ilə əlaqə saxladıqlarını bildirən Fizzə xanım qeyd etdi ki, sonuncu dəfə Murad bəylə aprelin 2 - də danışıb. Nə vaxt gələcəyini soruşduqda, hələ bir müddət burada işlərinin uzanacağını bildirdi: "Aprelin 3 - dən sonra Murad yazdığım mesajlara cavab vermirdi. Ayın 4 - də mənə qeyri - müəyyən bir nömrədən zəng gəldi və bildirildi ki, Xüsusi Təyinatlılardan itgilər var. Muradın da adı çəkildi. Öncə inanmadım. Cənazə evə gələnə qədər - 10 gün bu evdə nələr baş verdi, bir Allah bilir. Gah hospitalda olduğu deyildi, gah bir azdan özünün bizimlə əlaqə saxlayacağı deyildi, gah şəhid olduğu deyildi...  

Sonra anladıq ki, bütün bunları bizə demələrinə səbəb cənazələri ermənilərdə olduğuna görə ailələrinə xəbər verilməməli idi. Qəti şəkildə ailəsinin xəbər tutulmaması haqqında xəbər əmr verilmişdi. Polkovnik - leytenat, Qərargah rəisi, Xüsusi Təyinatlı  Murad Mirzəyev ermənilər tərəfindən çoxdan axtarılan bir insan idi. Onun orada uğurlu əməliyyatları çox olub.

Ailədə hamımızın vəziyyəti təsəvvüredilməz idi. Aprelin 10-da axşam saatlarında bizə bildirdilər ki, Muradın cənazəsi gətirilir. Muradın nəşi "Qırmızı Xaç" tərəfindən ermənilərdən alınıb və zabiti tərəfindən tanınılıb. II Fəxri Xiyabanda dəfn olundu...

Çox çətindi... Hərdən mənə elə gəlir ki, bütün bu baş verənlər yuxudu, nağıldı... Murad yenə gələcək. Mən ona hər zaman yenilməz dağ kimi baxırdım... Cənazəni görəndə də, indi də baş verənlərə inanmıram. Hərdən onunla danışıram, söhbət edirəm. Yuxularıma gəlir tez - tez... Həmişə də gülür. Mənə ürək - dirək verir,sakitləşdirir. Bəzən nəsə çətinə düşəndə onun bizi qoruduğunu hiss edirəm. Elə bil hansısa qüvvə mənə güc verir və mən o işi həll edirəm. Onun isti nəfəsi həmişə bizimlədi. Murad bizim üçün ailədə tamam başqa bir insan idi...

Mənim ayaqda qalmama səbəb ailəm, Muradgilin ailəsi oldu. Onlar mənə dəstək oldular.

Murad özünə arzuladığı yolu seçdi və özü də seçilmişlərdən oldu. Allah Murada istədiyi ölümü - ŞƏHİDLİK zirvəsini qismət elədi."

Fizzə xanım dövlətimizin şəhidlərə, Milli Qəhrəmanlara verdiyi dəyəri yüksək qiymətləndirir.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR