Mehman Əliyevin azadlığa çıxması radikalların ürəyincə olmayıb

Niyaməddin Orduxanlı: "Çünki əllərindən yaxşı qazanc yeri çıxıb"

Bu günlərdə Azərbaycan prezidenti humanizm prinsiplərinə bir daha sadiqlik nümayiş etdirərək iki mühüm addım atdı. Birincisi, Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, işğal altında olan ərazilərimizə qeyri-qanuni səfər etdiyinə görə, müvafiq cəzaya məhkum edilən Aleksandr Lapşini əfv etdi. İkincisi, dövlət başçısının tövsiyəsi əsasında vergidən yayınma ittihamları ilə 3 aylıq həbs qətimkan tədbiri seçilən, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edildi. Məlumat üçün qeyd edək ki, Mehman Əliyev onun barəsində yaranmış problemə diqqət edilməsi məqsədilə Prezident İlham Əliyevə müraciət etmişdi və dövlət başçısı da məsələnin araşdırılmasını müvafiq qurumlara tövsiyə etmişdi. Onu da qeyd edək ki, Mehman Əliyev barəsində belə bir qərarın verilməsi Azərbaycan cəmiyyətində birmənalı olaraq müsbət qarşılanmışdı. Eyni zamanda beynəlxalq təşkilatlar da Azərbaycan Prezidentinin sözügedən məsələyə verdiyi reaksiya və Mehman Əliyevin azadlığa buraxılmasını təqdir etmişdilər.

Dövlət başçısının atmış olduğu son addımlar prezidentin humanizm prinsiplərinə nə qədər sadiq qaldığının təsdiqi olsa da, lakin bəzi dairələr Azərbaycan prezidentinin Mehman Əliyev barəsində verdiyi qərarə müxtəlif istiqamətlərə yozur, onu hansısa bir proseslər əlaqələndirməyə çalışırlar. Xüsusilə ənənəvi radikal düşərgə liderləri və onların yaxın ətrafları sosial şəbəkələrdə baş vermiş haisə ilə bağlı cəmiyyəti, ictimaiyyəti çaşdıran statuslar, fikirlər paylaşırlar. İddia edilir ki, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində verilən qərar və onun azadlığa buraxılması guya Birləşmiş Ştatlar və digər Qərb ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqinin nəticəsində reallaşıb. Onların qənaətincə, Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsində əsas rolu Birləşmiş Ştatlar Konqresində Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələnin gündəmə gətirilməsi oynayıb.

Məsələ ilə bağlı fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, bu cür çirkin, qərəzli, heç bir reallığa söykənməyən kampaniya aparmaq radikalların köhnə adətidir. Niyaməddin Orduxanlı bildirib ki, Mehman Əliyevin azadlığa çıxması sanki radikalların ürəyincə olmayıb və buna görə də onlar iki gündür belə bir kampaniya aparırlar. BAXCP rəsmisi deyib ki, bu kampaniya tamamilə cəfəng iddialar üzərində qurulub: "Bu, bəzi qüvvələrin Mehman Əliyevin həbsdə qalması üçün hökumətə qarşı şantajıdır. Onlar Mehman Əliyevin azadlığa çıxamasında maraqlı deyillər. Həmin qüvvələr, şəxslər öz fəaliyyətləri ilə çıq şəkildə bunu göstərirlər. Cənab prezident İlham Əliyevin hansısa ölkə və ya beynəlxalq təşkilatının fikri ilə belə bir qərar verməsinə qətiyyən inanmıram. Çünki dövlət başçısı dəfələrlə açıq şəkildə bunu sübut edib. Hər kəs də çox yaxşı bilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təhdid dili ilə danışmaq mümkün deyil. Baxın görün bu cür fikirləri yayan kimlərdir? Mehman Əliyevin yaxın ətrafı və "5-ci kalon"un nümayəndələri. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısının hansısa sanksiya məsələsinin gündəmə gəlməsi ilə belə bir addım atmasını iddia etmək cəfəngiyyatdır". Partiya rəsmisi onu da diqqətə çatdırıb ki, Mehman Əliyevin azad olunması daha çox iki amillə bağlıdır: "Birincisi, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev cənab prezident İlham Əliyevə onun məsələsinə baxılması məqsədilə müraciət edib. İkincisi, ölkənin bir sıra tanınmış şəxsləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar, ölkənin tanınmış simaları, siyasilər, həmçinin təmsil olunduğum Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Qüdrət Həsənquliyev ilk gündən Mehman Əliyevin həbsdən azad olunması təklifi ilə çıxış edib. Biz bir partiya olaraq ilk gündən onun həbsinin əleyhinə olmuşduq. Sonda onu da qeyd edim ki, bu fikiridövriyəyə buraxanlar əslində Azərbaycanla xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında münasibəti korlamağa çalışırlar və onların hərəkəti buna xidmət edir. Onlar Azərbaycan dövlətinin imicini korlamaq istəyirlər". Niyaməddin Orduxanlı deyib ki, bəziləri erməni diasporasının təsirində olan PİN təşkilatının nümayəndələridir: "Bununla da hər zaman birbaşa erməni maliyyəsi ilə dövlətimizin əleyhinə olublar. Bu adamlar istəmir ki, Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla normal münasibətləri olsun. Erməniyönümlü təşkilatlardan qrant yeyən şəxslərdən nə gözləməli idik ki?! Odur ki, bütün bunlar məqsədyönlü olaraq ortaya atılıb. Sözün doğrusu, bu adamlar ölkədə "siyasi məhbus" adı altında nə qədər çox insan həbsdə olsa sevinirlər. Çünki onların dolanışığı bundan çıxır. Yəni "siyasi məhbus" adı altında qrant alır və pul qazanırlar. O baxımdan bu insanlar Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsindən narahatdırlar, bunasevinmirlər. Ona görə də belə çirkin kampaniya aparırlar. Əllərindən yaxşı qazanc yeri çıxıb. Bunun əsəbini yaşayırlar".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR