QHT TV təqdim edildi

Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılıb

Sentyabrın 13 - də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə  ""QHT TV" - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi" layihəsinin rəhbəri Cəsarət Hüseynzadə açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırılmasıdır.
QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və Vətəndaş Cəmiyyəti Təşkilatları haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir.
Cəsarət Hüseynzadə bildirdi ki, QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün informasiya təminatını həyata keçirəcək. Bu fəaliyyət Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.
Tədbir zamanı qeyd olundu ki, layihə çərçivəsində 30 video materialın hazırlanması nəzərdə tutulsa da, bu günə kimi artıq 60-a yaxın video material hazırlanıb. Bu materiallar sırasında QHT-lərin həyata keçirdiyi tədbirlərdən reportajlar, QHT sektorunda baş verən hadisələr ilə bağlı xəbərlər, QHT sektorunu maraqlandıran müxtəlif problemlərlə bağlı müsahibələr və digər materiallar hazırlanaraq yayımlanıb. QHT TV-nin bütün materialları layihə çərçivəsində yaradılan qhttv.az saytında yayımlanıb.
 

Nigar Adil 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR