Strateji Yol Xəritəsinin icra vəziyyəti hədəf göstəricilərinə uyğundur

Nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi inkişaf etmiş ölkələrə belə mənfi təsirini göstərməkdədir. Mürəkkəb xarici iqtisadi mühit ölkəmizin də  makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib. Lakin Azərbaycan hökuməti dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə bir sıra iqtisadi islahatlar həyata keçirib, sosial-iqtisadi inkişafın dayanıqlığını təmin etmək məqsədilə cari, orta və uzunmüddətli dövrlər üçün tədbirlər planı hazırlanıb. Hazırda iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Məhz bu amilləri nəzərə alan ölkə prezidenti İlham Əliyev  ötən ilin dekabr ayında "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Strateji Yol Xəritəsi 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Maraqlıdır, ötən müddət ərzində Strateji Yol Xəritələrinin icrası istiqamətində hansı işlər görülüb?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirməsi aparılıb. Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. İcraçı direktor bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Dövlət Satınalamaları haqqında qanun layihələri işlənilib: "Bunun əhəmiyyəti ondan ibarətdir ki, dövlət satınalmaları zamanı kiçik və orta sahibkarlığın bu satınalmalarda iştirak imkanı daha da genişləndiriləcək, ölkənin qeyri-neft sektorunun, xüsusən kiçik və orta sahibkarlığın hesabına daha münbit şərait yaradılacaq. Eyni zamanda, rəqabət məcəlləsi və müflisləşmə haqqında qanun layihələri də işlənib. Bu, bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından əhəmiyyət kəsb edir". V.Qasımlı bildirib ki, uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 88 faizi ya icra olunub, ya da icrasına başlanılıb. Artıq Yasamal kompleksində 1 və 9 mərtəbəli binanın tikintisinə start verilib. Binanın yaxınlığında orta məktəb və bağça kompleksi də inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub".

İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin uğurla davam etdiyini deyən İİTKM-nin icraçı direktoru diqqətə çatdırıb ki, bu ilin ilk 6 ayında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib: "Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb". Bundan başqa, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 44 faiz təşkil edir. TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsi təmin edilib. E-dərslik edu.az portalında yeni dərsliklərin yerləşdirilməsi təmin edilib. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 70 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkı, "Daşkəsənfilizsaflaşdırma" ASC, "Azəralüminium" ASC ilə bağlı müəyyən işlər həyata keçirilib.

Onun sözlərinə görə, qiymətləndirmə zamanı əsas problemlər də diqqətdən kənarda qalmayıb: "Kiçik və orta sahibkarlıq sahəsində əsas problemlər "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra da daha sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, kredit zəmanət fondunun yaradılması, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi buna misaldır. İlin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələri təqdim ediləcək. Həmin monitorinq və qiymətləndirmələr daha çox nəticə əsaslı olacaq. Çünki bütün indikatorlar illik tərtib olunduğuna görə yarımillik monitorinq və qiymətləndirmədə tərtib olunmuş indikatorlar qarşıya qoyulmuş hədəflər üzrə deyil, konkret fəaliyyətlər üzrə həyata keçirilib. Bu cür qiymətləndirmə Strateji Yol Xəritəsinin çox praktik, əhəmiyyətli və nəticə verən sənəd olmasını bir daha göstərib. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq. Bütövlükdə strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. Belə şəffaf, hesabatlı bir monitorinq və qiymətləndirmə sisteminin qurulması strateji yol xəritələri üzrə Azərbaycan hökumətinin məhz açıq hökumət prinsipləri üzərində həyata keçirdiyi siyasətə tam uyğundur".

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən bu qiymətləndirmə indikatorlardan istifadə edilməklə dövlət proqramlarının ilk dəyərləndirilməsi kimi də xarakterizə edilə bilər: " Əslində, belə qiymətləndirilmənin aparılması çox vacibdir. Çünki bir tərəfdən, bu strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərin hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən isə, fəaliyyətlərin icrasına məsul olan dövlət qurumlarının məsuliyyətini artır. Aydındır ki, heç bir dövlət qurumu digərləri ilə müqayisədə daha aşağı qiymət almaqda maraqlı ola bilməz. Müsbət haldır ki, monitorinq və qiymətləndirmə obyektiv aparlıb. Bunu icra faizlərini diqqət yetirməklə görmək olar. İcra faizlərinin heç biri şişirdilməyib. Buna görə də, monitorinq və qiymətləndirmənin davam etdirilməsi və ictimaiyyətə təqdim olunması çox vacibdir. Təbii ki, 2017-ci il üçün nəzərdə tutulan fəaliyyətlərin növbəti ilin əvvəlində monitorinqi daha əhəmiyyətli olacaq. Bu dövlət qurumlarının il əzində nəzərdə tutulan fəaliyyətləri necə icra etməsi barədə aydın təsəvvür yaradacaq. Düşünürəm ki, bu ənənənin digər dövlət proqramları üçün də tətbiq edilməsinə ehtiyac var. Çünki qəbul edilən sənədin necə icra edildiyini onun nəticələrini qiymətləndirmək vasitəsi ilə görmək mümkün olur".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR