Vətəni qibləgah edən Aprel şəhidləri

Aprel qəhrəmanları Azərbaycan gəncləri üçün əsil vətənpərvərlik nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri olub. Belə igid oğulların keçdiyi həyat yolunun ictimaiyyətə çatdırılması nəinki gənclər, eləcə də bütün soydaşlarımızın vətənpərvər ruhunun yüksəlməsində əhəmiyyətli rol oynayır. Belə qəhrəmanlardan biri də Nürəddin Etimad oğlu Mirzəyevdir. Nürəddin Mirzəyev  20 dekabr 1996-cı ildə Yardımlı rayonunun Honuba kəndində anadan olub. Oxuduğu məktəb 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olmuş  əmiuşağı Ənvər  Mirzəyevin adını daşıyırdı. Nurəddinin  arzuları çox idi. Mühəndis olmaq, qurub-yaratmaq istəyirdi. Lənkəran Dövlət Universitetinə sənəd versə də, imtahandan lazım olan  balı toplaya bilmədi. Həvəsdən düşməyən gənc Nurəddin ailəyə yardımçı olmaq üçün iş axtarışına başladı. Nurəddin Sumqayıta dayısının yanına gəlib tikintidə işlədi.  Bir neçə gün keçməmiş, kənddə duruş gətirə bilməyən dostu Mirabdulla qəfildən gəlib onu tapdı. Elə həmin günü səhər tezdən gecəyə qədər şəhərdə gəzib dolaşdılar, Sumqayıtın dənizkənarı bulvarını ayaqdan saldılar. Nurəddin sevdiyi qızı da soruşdu. Dedi ki, hələlik qız ona "hə" deməyib, ancaq əsgərlikdən gedib qayıdan kimi hərisini alacaq. Onu kimsəyə verən deyil. Aradan bir müddət keçəndən sonra Nurəddin şəhərdəki işini yekunlaşdırıb kəndinə qayıtdı.

2015-ci il yanvar ayının 1-də, o qarlı qış günüdə  dağlar qoynundakı evdən çıxıb hərbi komissarlığa getmək üçün maşın tapmayanda, kəndin  UAZ markalı təcili yardım maşınına minib Vətənə xidmətə yollandı. Fevral ayında Etimad həyat yoldaşı Fəxriyyəni də götürüb oğlunun N saylı hərbi hissədə keçirilən andiçmə mərasiminə getdi. Həmin gün Nurəddin  atasına dedi: "Ata, mən əsgərlikdə snayper olmağı seçdim". Oğlundan bu xəbəri eşidən Etimad bir anlıq fikrə getdi. Axı nə vaxtsa oğluna, Sovet Ordu sıralarında xidmət etdiyi dövrü danışanda snayper olduğu haqqında danışmışdı. Oğullar belədir, çox vaxt atalarına bənzəmək istərlər. Oğlu düşmənlə üzbəüz bölgəyə düşmüşdü. Narahat idi. Allaha dua edirdi ki, oğlu əsgər gedən günü qurban dediyi cöngəni o, qayıdanda kəsib, bütün kəndi şadyanalığa yığsın. Maddi durumları ağır olduğundan  bir dəfə də olsun sonradan oğlunun xidmət etdiyi hərbi hissəyə getmədi. Oğlunun andiçmə mərasiminə gedərkən  bankdan götürdükləri  xərc-borc  ailəyə daha böyük çətinliklər yaşatdı. Sonradan isə Nurəddin hər dəfə min bir bəhanə edərək, onları xidmət etdiyi yerə gəlməyə qoymadı. Dedi ki, "...ata mənim üçün çəkdiyin xərcə, evimizin əyər-əskiyini düzəlt. Mən burada hamı kimi birtəhər dolanacam".  Əsgərlikdə olduğu müddətdə bir  dəfə də olsun atasından pul istəmədi. Yalnız bir dəfə hərbi xidmətdən məzuniyyət götürüb gəldi. Onda da kəndin hər yerində şəkil çəkdirdi. Elə bil ki, bu yerlərdə özündən xatirə qoyub getmək istəyirdi.

2016-cı il aprelin 3-ü isə Nurəddinin kiçik qardaşı Nəcməddin hərbi xidmətə yola düşürdü.  Ayın 1-dən atası Etimad kişi bazara gedib hazırlığını görmüşdü. Ancaq kəndin, elin-obanın içərisində söz-söhbət gəzirdi ki, cəbhə xəttində  narahatçılıq var. Etimadın oğlu da ön xətdə olduğundan yaman narahat idi. Lakin özünü bir təsəlli ilə ovudurdu ki, onun oğlunu ön cəbhəyə aparmazlar. Çünki snayperlər gizlində və uzaq məsafədə dayanıb atəş açarlar. Hazırlıq görə-görə öz-özünə fikirləşirdi ki, şükür Allaha ki, çətinliklə böyütdüyü oğlanları artıq  ailəyə dayaqdırlar, kəndin içərisində, el-oba yanında üzlərini ağ eləyiblər. Əslində Fəxriyyənin dünya malında heç vaxt gözü olmamışdı. Təkcə üç balasına cansağlığı diləyirdi. Lakin sevinirdi ki, daha oğlanları böyüyb, Nurəddin də ki, lap zəhmətkeşdir. İndi də kiçik oğlunu yola salacaqdı. İyulda oğlu Nurəddin də qayıdıb, atasına yardım eləsə, yenə yarımçıq tikili evi bitirib başa gətirərdilər... Bu fikirlərin burulğanında ikən, bir də gördü ki, yavaş-yavaş qohum-qonşu  həyətə yığışır. Etimad gəlib-gedənlərin üzündə bir narahatlıq olduğunu sezmişdi. Nəsə bu gün keçən il, oğlu Nurəddinin yola salma mərasimində olduğu kimi şən deyildi gələnlər.  Qonaqlar süfrədə ürəksiz kimi oturur, bəzən də tezcə durub gedirdilər... Hava da elə dönmüşdü ki, elə bil qış təzədən qayıdırdı. Arada Nəcməddin  qonşunun həyətinə keçdi, qayıdanda anasına və atasına dedi ki, kənd ərazi  nümayəndəsi İnqilab deyir ki, onun əsgər getməsi hələlik qeyri-müəyyən vaxta qaldı.  Bu xəbəri eşidən Fəxriyyə və Etimad sevincək dedilər ki, "yəqin, qardaşıının gəlməsini gözləyirlər. Lap yaxşı, Nurəddin gələndən sonra, sən gedərsən. Elə qardaşını da görərsən". Nəhayət hamı evinə dağılışdı. Fəxriyyə qızı Gültacla həyət-bacanı, evləri  təmizləyib yatmağa keçdi.

Gecənin bir aləmində Etimad həyətdən gələn səsə oyandı. Qardaşı idi.  Tez əyin-başını geyinib, həyətə düşdü. Elə bildi ki, yatıb qalıb. Saata baxdı. Hələ gecə saat 2-dən keçmişdi. Təşvişlə nə baş verdiyini soruşanda qardaşı, Nurəddinin yaralandığını dedi.  Güclü qar yağmasına baxmayaraq Etimad, qardaşı və digər qohumlarla kənd aşağı getməyə balaşdılar...

Fəxriyyə həyəti dolu görəndə, haray çəkib, qonşularından nə baş verdiyini soruşdu. Qız-gəlin onu sakitləşdirib, Nurəddinin ayağından yaralandığını dedilər. Qapını açıb həyətə çıxanda, qohum-qonşunu həyətdə gördü. Sən demə məclisi tərk edən qonşular, yaxınlıqdakı evdə dayanıb, bu xəbəri ailəyə necə verəcəklərini müzakirə edib, ağlayıb taqətdən düşmüşdülər. Elə bu vaxt Fəxriyyənin yadına oğlunun məktəbdə oxuyanda ona dediyi bir söz düşdü. "Ana, mən bilmirəm, bəzi adamlar niyə uşaqları şəhid olanda haray çəkib, şəbeh çıxardırlar. Adam gərək şəhidini onun adına layiq qarşılasın, şəhidi gətirən əsgərə hörmət eləsin. Elə bilirsən ki, o əsgər üçün çiynində döyüş yoldaşının tabutunu gətirmək asan işdir...". Bir az keçmiş kəndin həkimi də gəldi. Fəxriyyəyə sakitləşdirici iynə vurdular. Düşmənlə üzbəüz mövqelərdə isə döyüş hələ səngiməmişdi. Azərbaycan əsgərləri əzmlə döyüşür, irəliləyirdi. 

Ağdərə və Tərtər tərəfdə  xidmət edən dostu Mirabdulla artıq güllə, mərmi, top səslərinə öyrəşmişdi. Dəfələrlə Mirabdullanın növbədə olduğu vaxt  düşmənin qəfil təxribatı və atəşi nəticəsində ölən və yaralanan hərbçi yoldaşları olmuşdu. Buna baxmayaraq, burada xidmət edən əsgərlər artıq qana, dost itkisinə öyrəşmişdilər. Qarşıdakı düşməndən Vətən torpaqlarını qoruyurdular. Aprelin 1-dən 2-nə keçən gecə isə, Mirabdulla Həbiyevin də qulluq etdiyi hərbi hissədə əsgərlər  döyüş vəziyyətinə gətirildi. Böyük bir qüvvə ilə hər kəs Ağdərə tərəfə irəlilədi. Əvvəlcə ağır texnikanı qabağa buraxdılar. Sonra isə əsgərlər döyüşdə öz yerlərini tutdular. Qızğın döyüş başlamışdı.  Havanın soyuq olmasına baxmayaraq, əsgərlərə elə bil ki, ikinci nəfəs verilmişdi. Əslində hər şey yuxu kimi gəlirdi. İrəlilədikcə irəliləyirdilər.  Bütün gecəni döyüşdükdən sonra, aprelin 2-dən 3-nə keçən gecə, onlara dincəlmək üçün zaman verildi. Bu vaxt  Mirabdullanın  doğulduğu regiondan olan bir zabit ona yaxınlaşıb, hal-əhval elədi və telefonunda Nurəddinin şəklini ona göstərib, tanıyıb-tanımadığını soruşdu. Mirabdulla  şəklə baxıb  onun dostu və kəndçisi olduğunu dedi. Şəkli ona nədən göstərdiyini soruşanda, zabit əsgərinin fikrini yayındırmaq üçün "Heç nə mənim dostluğumdadır, şəkli gəlib bura düşüb, ona görə soruşdum"- dedi. Və sonra çəkilib getdi. Bu hadisədən şübhələnən əsgər Həbiyev evə atasına zəng vurub, dostundan xəbər bilmək istəyəndə, Nurəddinin atası Etimad onu inandırdı ki, xəbər yalan xəbərdir, şəhid olan başqa kənddəndir, məlumat səhv yayılıb. Yalnız bu söhbətdən sonra, nisbətən sakitləşdi.

Səhər o başdan Yardımlı dağları ağ örpəyi ilə üçrəngli bayrağa bükülüb  elinə-obasına gələn 19  yaşlı Nurəddin Mirzəyevi qarşılayırdı. Nurəddinin tabutunu onu əsgərliyə yola salan  təcili tibbi yardım maşınında gətirdilər. Fəxriyyə donub qalmışdı. Nə baş verdiyindən sanki xəbəri yox idi.  Bir də onda ayıldı ki, balasını aparıb dəfn ediblər..."

Nürəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Alim Hüseynli

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR