Xudu Məmmədov küçəsi iflic olub- FOTOLAR

Xətai rayonunun Xudu Məmmədov küçəsi ilə hərəkət edərkən qarşımıza bir hasar çıxdı.  2011-ci ilin avqust ayından bu ərazinin bir hissəsi dörd bir tərəfdən hasara alınıb. Küçənin sağ və sol tərəflərindəki hündür binalara gediş-gəliş çətinləşib. Gecələr darısqal yoldan keçmək həm təhlükəli, həm də qorxuludur. Zülmət qaranlıqdan istifadə edən bəzi yaramaz insanlar obyektlərə, dükanlara basqın edir, oğurluq və zorakılıq hallarına yol verilir. Deyilənə görə burada metro tikilir. Çox acınacaqlı haldır ki, 2011-ci ildən bu yol bağlansa da, iş demək olar ki, getmir, insanlar əziyyət çəkirlər. Vətəndaşların haqlı narazılıqlarını və şikayətlərini nəzərə alaraq GUNAZ.az saytının əməkdaşları ilə həmin ərazidə olduq.

Acınacaqlı bir mənzərə ilə qarşılaşdıq. Sakinlərdən Fazil Musayev dedi:
 "Gördüyünüz bu beşmərtəbəli binanın birinci mərtəbələrində 30-dan çox obyekt var. Çoxusu da özəlləşdirilmişdir. Yollar bağlı olduğu üçün dükanların çoxusu bağlıdır. Hər dükanda 3-4 nəfər işçi evinə çörək pulu aparırdı. Həm də neçə ailə işlə təmin olunmuşdu. Qaranlıq, darısqal yerdə alver etmək müşkül məsələdir. Odur ki, sahibkarların çoxusu obyektlərini bağlayıblar". Sahibkar Məlikova Lalə Hüseyxan qızı biləndə ki, şikayətlə bağlı gəlmişik dərdi açıldı nə açıldı:
- Gördüyünüz bu dükanda kişi geyimləri, pal-paltar satırdım. Kimsəsiz uşaqlar, oğrular dükanımı iki dəfə yarıblar. Polisə məlumat versək də hələ də bir nəticə yoxdur. Odur ki, dükanı bağlamışam. Bu ərazidə oğurluq baş alıb gedir. Xudu Məmmədov küçəsi 39 nömrəli binanın sakinləri bu vəziyyətdən cana doyublar, bir neçə binada çat əmələ gəldiyini nəzərə çatdırdılar. "Xəzər" kafesinin sahibi Sənan Mikayılov əsəbi halda dilləndi: "Bu kafedən bir neçə ailə dolanır. Gecələr o qədər qaranlıq olur ki, göz-gözü görmür. Oğrular bu yiyəsizlikdən istifadə edərək qapını sındırmış və kafedəki kassa aparatını, eləcə də Post Terminalı oğurlayıblar. Hər tərəfə məlumat versəm də heç kəsdən kömək yoxdur. Əgər sahibkarın işinə əngəl törədib şərait yaradılmırsa, onda dövlət konpensasiya verməlidir. Metropolitenin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də operator qız bildirdi ki, Nəsimi müəllim yerində yoxdur. Əlaqə telefonun bilmirəm. Sakinlər indi Xudu Məmmədov küçəsinin hasardan azad olunmasını səbirsizliklə gözləyirlər.  Gunaz.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR