Azərbaycanda dini plüralizimin təmini gündəlik həyat tərzimizdə aydınlıqla müşahidə olunur

Samir Zeynalov: "Çoxdinli bir cəmiyyətin formalaşması istiqamətində Azərbaycanda dövlət səviyyəsində mühüm işlər görülüb"

İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubunun vitse-prezidenti Samir Zeynalovun "OLAYLAR"-a müsahibəsi

-Samir bəy, demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də ölkədə plüralizmin təmin olunmasıdır. Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz?

-Ölkəmiz qanunun aliliyinin və bütün azadlıqların mövcud olduğu, birlik, mərhəmət və multietnik yaşamın hökm sürdüyü bir cəmiyyətə sahib olmaqda demokratik təkamül yolu keçib. Uzun illərdir Azərbaycanda yaşayan milli və qeyri-milli azlıqlar Azərbaycan xalqı ilə istiqanlı münasibətlər çərçivəsində ünsiyyət qurduğundan xalqımız milliyyətindən, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün toplumlara hörmət və tolerantlıqla yanaşıb. Nəticədə ictimai-sosial münasibətlər müstəvisindən dövlət institutuna qədər millətlərarası milli təkamül və tərəqqi prosesi gerçəkləşib, aidiyyati olaraq Azərbaycanda yaşayan bütün dinlərin və millətlərin mənsublarına hüquqi azadlıqlar tanınıb, lokal multikultural yaşamın inkişafına dair dövlət səviyyəsində mühüm addımlar atılıb. Keçən əsrin sonu, bu ilin əvvələrinə nəzər yetirsək asanlıqla görmək olar ki, xalqımızın ümmumilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində multikultural milli həyat tərzinin əyani gerçəkliyi ilə bağlı vacibata çevrilən tədbirlərin sağlam təmələ söykənərək gerçəkləşəməsi tarixi naliyyətə çevrilərək ölkəmizin demokratik imici baxımından dünənimiz, bu günümüz və gələcəyimiz naminə öz töhvəsini verdi. Bu mütərəqqi nailiyyətə aparan fəaliyyətin qayəsində milli Konstitusiyamız qərarlaşdı. Belə ki, 1995-ci il, noyabr ayının 12-də qəbul edilmiş Konstitusiyamızda 25-ci maddə mənşəyindən, irqindən, dinindən və dilindən aslı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təsbit edən multikultural yaşamın gerçəkliyə sirayət edən uğurlu təməl müddəasıdır. Dahi öndərin hakimiyyəti dövründə multikulturalizmin priorotet əsasını təşkil edən dini azadlıqların təmin olunması istiqamətində geniş işlər bu baxımdan təxirəsalınmadan görüldü. Xüsusilə yəhudilərə, xristianlara məxsus dini məbədlərin tikilməsi, yararsız vəziyyətdə olan ibadətgahların isə yenidən bərpa edilməsi aidiyyati dini icmaların məmnunluğu və ehtiramı ilə qarşılandı. Ulu öndər Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın müstəqilliyinin əbədi təminatı demokratik dəyərlərin bərqərarı və tədricən təkamülü siyasətinə bağlıdır. Heç şübhəsiz sağlam təməl dəyərlər üzərində qurulan demokratik strateji yol məfkurəsi bu gün öz bəhrəsini verməkdə, bütün din mənsublarının ölkəmizdə bir arada ziddiyyət ehtiva etməyən birgə yaşayışını təmin etməkdədir.

-Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar? 

-Sirr deyil ki, çoxdinli bir cəmiyyətin formalaşması istiqamətində Azərbaycanda dövlət səviyyəsində mühüm işlər görülüb və bütün bunlar tarixi fakt olmaqla bərabər, həm də qlobal nümunə rəmzidir. Əsrlər boyu dini fövqəl-idealoji sistemlərlə bağlı ziddiyyətlər dünya səviyyəsində aktuallıq dərəcəsinə malik olub və təəssüfləndirici mənzərədir ki, bu gün də bəşəriyyətimizin, xüsusilə müsəlmanların aboregenləşdiyi coğrafiyalarda dini məzhəb münaqişələri öz aktuallığı ilə davam etməkdədir. Xüsusilə Cənub-qərbi Asiya regionunda Myammar hökümətinin dini zəmində müsəlmanlara qarşı vəhşət, qan, kədər, vəhşicəsinə qətllər ehtiva edən dözümsüzlüyü onu deməyə əsas verir ki, dini plüralizmlə bağlı qlobal səviyyədə geniş və təxirəsalınmaz tədbirlərə ehtiyyac duyan problemlər mövcuddur. Lakin tam arxayınlıqla demək olar ki, Azərbaycanda dini plüralizmlə bağlı ən kiçik problemlər belə diqqət mərkəzindədir və bu istiqamətdə sabitlik, ən önəmlisi inkişaf əldə olunub. Baxmayaraq ki, Azərbaycan əhalisinin əksəriyyət faiz nisbəti İslam dininə etiqad edir, Azərbaycan dünyada İslam dövləti kimi tanınır, bu faktlara rəğmən Azərbaycan dövləti dinə publik hüquqi yanaşma baxımından inhisarçı mövqedə qərarlaşmayaraq bütün dinlərin həqiqətə uyğunluğunu özünün multikulturalizim siyasəti ilə təsdiq edir və bu aksioma Azrərbaycan dövlətinin qlobal sülhün təmini istiqamətində təcrübi rolunu vacibata çevirir. Onu da qeyd etmək lazımdır ki, din xüsusilə həssas mövzu olduğundan dini plüralizmin təmini olunması vacib, çətin və bir qədər də qürurvericidir. Dövlət səviyyəsində bu mühüm ehtiyyacların qarşılanması heç şübhəsiz firəvan, təhlükəsiz, sabitlik və qorxu ehtiva etməyən həyat tərzinin təmin olunmasıdır. Dövlətimiz insan hüquq və azadlıqlarının təmini ilə əlaqədar olaraq bu istqamətdə dövlət proqramın qəbulu və icrası ilə bağlı 2016-cı ildə əməli tədbirlərə başlanğıc verərək multikultural yaşam tərzinin və ələxsus dini plüral milli yaşam nümunəsinin ərsəyə gətirilməsini özünün dövlət siyasəti elan etdi. Həmin il ölkəmizdə "Multikulturalizim ili" elan edildi. Cənab Prezidentin fərmanı ilə Multikulturalizim mərkəzi yaradıldı. Ölkəmiz dinlərarası dialoq tarixinin mütərəqqi erasına daxil oldu. Ardından 2017-ci, yəni bu il ölkəmzdə İslam Həmrəyliyi ili kimi təsbit olundu. Eyni dindən olub, fərqli məzhəblərdən olan müsəlman dünyasının mənsubları 4-cü İslam Oyunları Çərçivəsində Azərbaycanda dostluq və həmrəyliyin əyani həzzin yaşadılar. Bu təəssüratı formalaşdırmaq dövlətimiz üçün qısa zaman kəsiyində böyük uğura bərabər idi. Bu ictimai-siyasi uğur, tendesiya qətiyyətlə onu deməyə əsas verir ki, Azərbaycanda dini plüralizimin təmini gündəlik həyat tərzimizdə aydınlıqla müşahidə olunur.

-Digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxş sayıla bilərmi?

-Ölkəmiz mütəqillik əldə etdikdən sonra geostrateji və etnialoji vəziyyəti ilə bağlı hər zaman daxili və xarici təhlükələri qarşısında səfərbər olmağa məcbur olub. Konkret olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dini plüralizimin və multietnik yaşamın bərqərarı və taleyüklü təkamülü istiqamətində heç də hamar yol qət etməyib. Azərbaycanda dini ekstremistçi şüurların neytrallaşdırılması, dini radikalizmin zərərsizləşdirilməsi, dinlər arası demokratik ünsiyyətin əldə edilməsi ilə bağlı milli düstur xalqla iqtidarın bağlılığıdır. Dövlətimizin hərəkətverici qüvvəsi, ölkəmizin gələcək müstəqillik və firəvan yaşam meyarının göstəricisi heç şübhəsiz xalqımızın milli maraqlarıdır. Bu maraqlar ilk növbədə kimliyindən, dinindən və əqidəsindən aslı olmayaraq hər kəsə qarşı milli tolerantlıq səmimiyyətini nümayiş etdirməyə hesablanıb ki, nəticədə Azərbaycanda yaşayan bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycan xalqının istiqanlı, ünsiyyətcil və mədəni olması haqqında usanmadan hər zaman və hər yerdə geniş danışırlar. Xalqla iqtidarın sarsılmaz bağlılığı nəticəsində qısa olmasına baxmayaraq geniş çətinliklər bahasına tarixi fakta çevirilmiş milli dini plüralizim bu gün heç şübhəsiz bütün dünya ölkələrinə əvəzolunmaz bir nümunədir.

 -Bu gün Azərbaycanda keçirilən çoxsaylı mədəni, dini tədbirlər dini plüralizmin göstərici sayıla bilərmi?

-Təbii ki, Azərbaycanda keçirilən mədəni, dini tədbirlər Azərbaycanda mövcud olan dini və mədəni müxtəlifliklərin harmoniyalaşmış müsbət nətcəsinin təzahürüdür. Bu ilin aprel ayında Bakıda Qafqaz Müsəlmanları idarəsinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun təşkilatçılığı ilə "İslam həmrəyliyi, dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfransın keçirilməsi ondan xəbər verirdi ki, Azərbaycan bu istiqamətdə bütün dini coğrafiyaların güvənini qazanmaqla bərabər, əvəzsiz təcrübə mərkəzinə də çevrilib. Həmin tədbir bütün fövqəl dinlərin nümayəndələrini bir araya toplayaraq onlara Azərbaycan dövlətinin dini plüralizimin təmini ilə bağlı təcrübəsini təqdim etdi. Azərbaycanın sülhsevər mahiyyətinin bir daha dini plüralizimin təmini, multikultural dəyərlərin inkişafı və toxunulmazlığından ibarət olduğu diqqətlərə çatdırıldı. Ümidlə deyə bilərəm ki, Azərbaycan dövləti gələcəkdə də özünün qlobal sülh konsepsiyasında bu dəyərlərə sadiq qalmaq istiqamətində yeni layihələrin gerçəkliyə tətbiqini reallaşdırmaq təşəbbsünə sahibdir. Bu həm də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərin hansı mənəvi-psixoloji statusa malik olduğuna dair önəmli məqamdır. Onu da nəzərinizə çatdırım ki, Ermənistanın Azərbaycanla multikulturalizm mövzusunda müqayisə edilə biləcək səviyyədə olmadığı bəllidir. Ermənilərin işğal olunmuş torpaqlarımızda mədəni və dini sərvətlərimizi məhv etməsinə baxmayaraq, bu gün Azərbaycanda yaşayan otuz mindən çox erməni əsili Azərbaycan vətəndaşının hüquq və azadlıqları tanınmaqla bərabər, Bakıdakı erməni kilsəsi də dövlət tərəfindən maddi və mənəvi irs kimi qorunub saxlanılmaqdadır. Bütün bunlar dünyanın heç bir yerində görünməmiş dini və etnik müxtəlifliyin sabitliyi və plüralist maraqlar prizamsından çıxış edən fenomenal təminatıdır.

-Bütün bunlar həm də Azərbaycanın multikultural bir ölkə olduğu demək deyilmi?

-Məsuliyyətlə deyə bilərəm ki, sadalanan faktlarla ölkəmiz artıq dünyada qlobal multikulturalizmin təminatına məxsusi önəm verən ölkələrdən biri və hətta birincisi kimi tanınır. Tarixi birgəyaşam xronologiyasına nəzər salsaq görərik ki, ölkəmiz heç vaxt ksenofobiyanın, anti-semitizimin, milli ayrı-seçkiliyin növbəti ünvanı olmayıb. Bu xronoloji təqdirəlayiq proses bu gün də saniyəbəsaniyə tarixin şanlı səhifəsinə həkk olunmaqdadır. Bununla belə diqqət yetirmək lazımdır ki, bu gün Azərbaycana insan hüquq və azadlıqlarının təmini istiqamətində dərs deməkdə hiperaktivlik nümayiş etdirən ölkələr özləri irqçiliyin, islamafobiyanın, ayrı-seçkiliyin mövcudiyyət mərkəzidir və Azərbaycan özünün həqiqi multikultural statusu ilə özünün mövcud mədəni və iqtisadi-sosial inkişafını həzm edə bilməyən ölkələr üçün qıcıqlandırıcı nümunədir.

-Ümumiyyətlə, Azərbaycan multikulturalizm ənənələrinə görə, nümunə ölkə rolunu oynaya bilərmi?

-Bu sual ritorikdir. Hesab edirəm ki, Azərbaycanın multikulturalizmin qlobal rəmzi kimi tanınması artıq tarixi gerçəklidir. Bu gerçəklikdən heç şübhəsiz xaosun, qeyri-sülh şəraitinin aradan qaldırılması istiqamətində ictimai şüurlara real və nəzəri konseptual faktlar təlqin olunmaqdadır. Azərbaycan multikulturalizim sahəsində özünün hər bir vətəndaşının hüquq və azadlıqlarına təminat verməklə daxili yaşamın sabitliyini və firəvanlığını möhkəmləndirib. Bu faktlar məcmusu heç şübhəsiz Avropanın bu sahədə bacarmadığı işlərin gələcəkdə həyata keçməsinə dair bir nümunəni ərsəyə gətirib. Ölkəmizin bu mötəbər qlobal nümunəsindən faydalanmaq bütün sülhsevər ölkə başçılarının, ictimai hərəkatların, dini və siyasi toplumların başlıca məqsədi olmalıdır. Çünki Cənab Prezident İlham Əliyevinin söylədiyi kimi "Sülhün təmini baxımından multikultural yaşam tərzinin alternativi yoxdur".

-Bəs ölkədəki plüralizmdən, multikultural ənənələrdən sui-istifadə hallarına yol verilirmi?

-Təəssüf və hiddətlə qeyd etmək lazımdır ki, ölkəmizin bu təqdirəlayiq durumu xarici qüvvələrin maraqları daxilində çalışan beşinci kolon tərəfindən daima təhdid altındadır. Sonuncu 2016-cı ildə Nardaranda din adı altında Tale Bağırzadə və tərəfdarlarının ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönəlik cəhdləri məhz mövcud olan dini azadlıqların təmininə olan qayğıdan sui-istifadə halı idi. Lakin dövlətimizin hüquq-mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyatlar nəticəsində bu məkirli sui-istifadə halı gerçəkləşmədi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda din dövlətdən ayrıdır. Sözügedən xain fürsətcil şəxslər isə Azərbaycanın daxili və xarici siyasətinə təsir etməklə, ölkədə xaosun gerçəkləşməsinə və bununla da onları qonşuluqda dəstəkləyən İran Fars Molla Rejiminin maraqlarına cavab verməyə çalışırdılar. Şübhəsiz ki, bu istiqamətdə dövlət tərəfindən hüquqi-nəzarət mexanizimləri bu gündə aktiv vəziyyətdədir və Azərbaycanda mövcud olan ictimai rifahın, mənəvi, milli, irqi, dini bərabərliyin və sülhün başlıca zəmanəti olan multikulturalizmin inkişafı və qorunması ümummili maraqlarımızın tərkib hissəsidir. Vitse-Prezidenti olduğum İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubunun idealoji konsepsiyası da multikultiralizmin dünya miqyasında sülhün və əbədi yaşam nizamının gerçəkliyi naminə təbliğini ehtiva edir. Qısa olaraq nəzərinizə çatdırmaq istərdim ki, təşkilatımız 13 Aprel 2017-ci il tarixdə təsis olunaraq, dövlət qeydiyyatından keçib. Multikulturalizmin təbliği istiqamətində bizim ən böyük yarar mənbəyimizi məhz Yəhudi və Azərbaycan xalqlarının uzun illərdir bir yerdə mehriban münasibətlər çərçivəsində yaşam mövcudiyyətidir. Multikultiralizim dünyada sülhün və yaşam nizamının bərqərarı istiqamətində gerçək işıqdır və alternativi yoxdur. Heç şübhəsiz multikultural dəyərlərin mövcudiyyətindən ölkə daxilində sui-istifadə edənlər qanun qarşısında cavab verəcəklər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR